Məhkəmə qərarları › İş №2-1(112)-7200/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7200/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7200/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzildə yaşayır. Həmin mənzilə dair onun adına order verilmişdir ki, iddiaçı hazırda həmin order əsasında mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 6 nömrəli mənzilə dair eyni müəssisə tərəfindən verilmiş order əsasında yerli icra hakimiyyəti tərəfindən “daimi kirayə müqaviləsinin bağlanması” barədə sərəncam verilmişdir ki, bərabərlik hüququ baxımından da eyni yanaşma iddiaçıya münasibətdə də göstərilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, kirayə müqaviləsinin forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyindən, iddiaçı ilə kirayə müqaviləsinin bağlanması qanunaziddir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mənzilin planından görünür ki, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 9, mənzil 12 ünvanında yerləşən mənzilin ölçülərini və sxemini əks etdirən plan 71 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş və təsdiq edilmişdir. “ASAN 4” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanında X6 və X7 yaşayış yeri üzrə qeydiyyatdadır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzil səlahiyyətli təşkilatın (RXDSİK) müvafiq qərarı ilə rəsmiləşdirilməmişdir. Buna görə də Sabunçu RİH tərəfindən qeyd edilən mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanması mümkün deyil. Bakı şəhəri Sabunçu RİH Başçısının 23 yanvar 2018-ci il tarixli, 32 №-li Sərəncamından görünür ki, “Spespromjilstroy” trestinin xx.xx.1993-cü il tarixli 6 saylı protokolu ilə Maştağa qəsəbəsi, İSMD-32 yerləşən 12 saylı evin 6 saylı mənzil X1 verilmiş və o, daxili order əsasında həmin mənzilə köçürülmüşdür. Bununla bağlı onunla mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, X7 və X6 notarial qaydada ərizə verərək ünvan 2 ünvanına dair kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etirazlarının olmadığını bildirdilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, cavabdeh hazırki tələbin təmin edilməsini istisna edən iki halı əsas gətirir:

1. Mənzilin verilməsinin səlahiyyətli təşkilatın (RXDSİK) müvafiq qərarı ilə rəsmiləşdirilməməsi;

2. Kirayə müqaviləsinin formasınınAzərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməməsidir. Məhkəmə ilk növbədə cavabdehin imtina əsası kimi istinad etdiyi birindi hala münasibət bildirir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı ünvan 4 ünvanına dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, həmin mənzil ona işlədiyi müddət ərzində PMR - 32 tresti tərəfindən order verilməklə ayrılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş 14 nömrəli, xx.xx.1990-cı il tarixli orderdən görünür ki, həmin order 2-ci dərəcəli fəhlə peşəsində işləyən İddiaçı mənzilin ayrılması ilə bağlı ayrılmışdır. Doğrudur ki, məhkəmə araşdırılması zamanı adı çəkilən order aidiyyəti qurumların arxivində aşkar olunmamışdır. Lakin bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, orderin aşkar olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun hər hansı təqsirli hərəkəti nəticəsində meydana gəlməmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, hazırki mübahisə ilə eynilik təşkil etməsə də, pensiya, əmlak hüququ və digər inzibati üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, orderin, qərarın, əmrlərin və digər sənədlərin iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmaması, şəxsin hüquqları ilə bağlı məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1612/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-1583/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Bundan başqa Məhkəmə bildirir ki, həmin mənzilin yerləşdiyi binada olan 6 nömrəli mənzilə dair vətəndaş X3 ilə kirayə müqaviləsi bağlanmışdır ki, həmin kirayə müqaviləsinin bağlanmasının əsasında “Spespromjilstroy” tresti tərəfindən verilmiş order dayanır. Göründüyü kimi iddiaçı ilə yanaşı da həmin evdə yerləşən mənzilə dair order verilmişdir ki, bu order əsasında həmin şəxs ilə kirayə müqaviləsi bağlanmışdır. Göstərilən bu hal isə bərabərlik məfhumu baxımından iddiaçıya münasibətdə də mənzilə dair kirayə müqaviləsinin bağlanmasına əsas verir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, order əsasında digər şəxs ilə mənzilə dair kirayə müqaviləsi bağlanıldığından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından order əsasında kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququ yaranır. İddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və iddiaçının bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kirayə müqaviləsinin formasının təsdiq edilmədiyinə əsaslanmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan yerli icra hakimiyyəti orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasının mümkün olmadığını həmçinin kirayə müqaviləsinin formasının müvafiq orqan tərəfindən təsdiq edilmədiyinə əsaslanmışdır ki, bu hal öz növbəliyinin iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və imtina əsası qismində çıxış edə bilməz. Belə olan Məhkəmə hesab edir ki, hazırki halda cavabdehin imtinası əsassız olduğundan, iddia tələbi təmin olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı ilə ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar