Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7202/2024 03.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (3-cü şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" ASC) “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə Zaminbank ASC-nin Əhmədli fılyalı ilə ilik 28% olmaqla 18 ay müddətinə 62.000 manat məbləğində kredit götürmüşəm. Kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 11, 154 saylı mənzili banka girov qoymuşdum. 2008-ci ildən 2010-cu il tarixədək Banka 62.000 manat puldan 26.500 manat pul ödəmişəm. Sonradan sosial-iqdisadi vəziyyətim ağırlaşdığı üçün öədəmələri vaxtlı vaxtında ödəyə bilmədim. Lakin 2010-cu ildən 2017-ci ilə kimi banka 26.500 manat puldan əlavə 53.000 manat pul ödəmişəm, (ödəmələrlə əlaqədar qəbzlərim var) Belə ki, 2010-cu il tarixdə iddiaçı Zaminbank ASC-ti mənə qarşı Xətai rayon məhkəməsində iddia qaldırmış və cəmi məndən 64.671 manat pul tələb etmişdir. Xətai rayon məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş və tələb ipateka predmeti olan evə yönəldilmişdir. Sonradan banka olun borcumu tamamilə ödədim. Lakin bütün bunlara baxmayaraq cavabdeh mənə rəsmi məktub göndərərək bildirir ki, guyu mənim banka əlavə olaraq 3.470 manat və 20 manat dövlət rüsümü borcum var. Əslində isə məhkəmə qətnaməsinə əsasən müəyyin edilmiş borc məbləğini tamamilə ödəmişəm. Cavabdeh bu məbləği məndən heç bir əsas olmadan tələb edir. Belə ki, borcun silinməsi tələbinə dair Xətai rayon məhkəməsində iddia qaldırdım. İş üzrə ekspertiza təvin olunmuş, X1 29 mart 2022- ci il tarixli 9/7699 №-li rəyinə əsasən "xxxx" ASC qarşısında olan öhdəlikləri tam şəkildə verinə yetirməyim təstiq edilmişdir. Hazırda Bakı şəhəri Xəti ravonu Neapol küçəsi ev 11 mənzil 154 cavabdehin mülkiyyətindədir. Qeyd edirəm ki, bizim xəbərimiz olmadın hərrac keçirilmiş və mülkiyyətim özgəninkiləşdirilmişdir. Bir halda ki, mənim heç bir məbləğdə borcum yoxdur. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, iddiaçı və cavabdeh arasında hüquq münasibəti isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Tərəflərdən birinin inzibati orqan olub-olmaması ilə bağlı inzibati icraat barədə qanunvericiliyin aşağıdakı normalarının sadalanması və mahiyyətinin aydınlaşdırılması zərurəti yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Göründüyü kimi nəinki dövlət qurumlarının, hətta hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı üzrə cavabdeh isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönəlmiş iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2(102)-691/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2(102)-407/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2(102)-567/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı tərəflər arasında yaranmış mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmış və müvafiq nəticə qəbul edilmişdir. Göründüyü kimi həm qüvvədə olan qanunvericiliyin, həmçinin formalaşmış vahid məhkəmə təcrübəsindən aydın olur ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı çərçivəsində deyil, mülki məhkəmə icraatı çərçivəsində baxılır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkün sayılmamlıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-7202/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7202/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver