Məhkəmə qərarları › İş №2-1(112)-7202/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7202/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7202/2025 29.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında sahənin bir hissəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasına dair çıxarış və plan ölçünün verilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. O, hesab edir ki, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi qüvvədə olduğundan, onun mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2011-ci il tarixli məktubla torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə müvafiq torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas olan müvafiq məhkəmə qərarı ləğv olunmuş, iş üzrə icraat təzələnmiş və daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiaçıların iddiaları geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarının icrasında dönüş edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-29/2019 saylı qərardadı icra edilərək qeyd olunan ünvanda yerləşən əmlak üzərində hüquqlar ləğv edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 iyul 2008-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ildə verilmiş 11/19571 saylı arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi 34/75-də 0,03 ha torpaq sahəsi X4 mülkiyyətində verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıların ünvan 2 ünvanında yerləşən müvafiq torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qəraradadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı iş üzrə 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı iş üzrə 1 may 2012-ci il tarixli qərarının icrasına dönüş edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində iddiaçılar X1 və digərlərinin ünvan 2 ünvanında yerləşən müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi qərara alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsindən ona satılan 0,03 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında nail olmaqdan ibarətdir. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd olaraq alqı-satqı müqaviləsinə istinad edir ki, həmin müqaviləyə münasibətdə nəzərə alınmalıdır ki, notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Göründüyü kimi mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeyd qüvvədədir ki, iddiaçı da vicdanlı alıcı kimi həmin qeydə etibar edərək müqavilə bağlamış, nəticədə də hazırda iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir ki, həmin hallar hazırkı iddianın qanuni və əsaslılığına şübhə yaratmaqla digər imtina dəlillərini aradan qaldırır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin mötəbərliyinə dair Qərarlarında nəzərdə tutulan mövqenin qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin də tərəf olduğu hazırkı mübahisə üzrə oxşar mübahisəyə dair Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X6 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin “İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "xxxx" MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarı). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə əsas hüquqmüəyyənedici sənəd olan həmin müqavilə qüvvədədir, ləğv edilməmişdir və qanunvericiliyin tələbinə əsasən həmin müqavilədə göstərilən ölçüdə əmlakın mülkiyyətçisinin dəyişməsinə dəlalət edir. Qeyd olunmalıdır ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə hesab edir ki, həmin qərarda nəzərdə tutulmuş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən satıcının həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa etibar etmişdir. Nəinki, alıcı, eləcə də notariat hərəkətləri həyata keçirmək kimi inzibati publik səlahiyyətə malik olan və qanuni əsaslar olduğu təqdirdə müqavilələri təsdiq etməkdən imtina etmək hüququna malik olan notarius da həmin sənədlərin mötəbərliyinə etibar etmişdir. Hazırkı halda, notarius və alıcıdan sənədlərin mötəbərliyinə şübhə edilməsinin gözlənilməsini də məhkəmə işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mülkiyyət hüquqlarının bir şəxsdən digər şəxsə keçməsinə yönələn əqdlərin bağlanılması ilə bağlı zəruri sənəd qismində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış çıxış edir ki, alıcı və notarius da həmin sənədə istinad etməklə hərəkət etmişdir. Beləliklə, hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin müqaviləyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiası qanuni və əsaslı hesab edildiyindən cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa Məhkəmə onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-332/2023 №li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) iddiaçı X2 verilməsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan qərarla işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi “yaşayış məntəqələrinin torpqları” kateqoriyasına aidir, “müdafiə təyinatlı” torpaq deyildir. Göründüyü kimi aparılmış araşdırma zamanı torpaq sahəsinin yerləşdiyi ərazinin “yaşayış məntəqələrinin torpaqları” olması müəyyən olunmuşdur ki, bu hal hazırki iddianın təmini zamanı nəzərə alınır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1023/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında və eyni zamanda 2-1(102)-1113/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar işin faktiki hallarına münasibətdə alqı-satqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərdən biri qismində dəyərləndirilməsi, şəxsin vicdanlı alıcı olması kimi halların nəzərə alınması ilə əlaqədar oxşar mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 286/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da oxşar mövqeyidən çıxış olunmuşdur. Məhkəmə cavabdehin mövqeyinə münasibətdə əlavə olaraq bildirir ki, iddiaçının digər şəxslər ilə bərabər iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhkəmə qərarının icrası çərçivəsində qeydiyyata alınması, lakin daha sonra məhkəmə qərarının ləğv olunaraq icraya dönüş olunması, hazırki iddianın təminini istisna etmir. Çünki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatına əsas olmuş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı və müvafiq olaraq məhkəmə qərarının ləğvi nəticəsində icraya dönüş olsa da, icraat təzələndikdən sonra iddiaçıların məhkəmə icraatından yayınmasına görə iddia geri götürülmüş hesab olunmuş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin mübahisə üzrə iş üzrə icraata xitam verildiyindən və iddiaçının məhkəməyə müraciət etmək hüququ saxlanıldığından, iddia tələbi qanuni və əsaslı hesab olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, onun iddiası 2-1(112)-11972/2024 nömrə altında qeydə alınmış, lakin daha sonra öz ərizəsi əsasında iddia geri götürülmüşdür. Cavabdeh həmin məhkəmə mübahisəsinin mövcudluğuna istinad etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın geri götürüldüyünü nəzərə almamışdır. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.” Məhkəmə qeyd olunan tələbləri əsas götürməklə hesab edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir, eyni ərazidə yerləşən digər əmlaklara münasibətdə mülkiyyət hüquqları oxşar hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alındığı halda iddiaçıya münasibətdə göstərilən imtina dəlilinə istinadı məhkəmə konstitision hüquqların pozuntusu kimi qiymətləndirməkdədir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında sahənin bir hissəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınmasına dair çıxarış və plan ölçünün verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar