Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7203/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması və plan-ölçü sənədinin tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində “3158a” saylı saylı torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin qeyd olunması formal xəta hesab edilmişdir. Cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nəzərə alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində “3158a” saylı torpaq sahəsi Bakı şəhər XDS İK-nin (indiki Bakı ŞİH) xx.xx.1990-cı il tarixli 6/290 saylı Qərarı ilə iddiaçıya verilmişdir. Bu qərar əsasında da 208 N-li ВТК nəzdində olan 0,11 ha torpaq sahəsi 3158a nömrəli bağ order əsasında iddiaçıya məxsusdur. İddiaçının bu torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciətləri olmuşdur. Lakin cavabdeh orqan tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3158a” saylı torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş və müraciətə xx.xx.2024-cü il tarixdə rəsmi cavab verilmiş, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyi, eyni zamanda Bağ tikinti Kooperativinin sxemində qeyd olunan bağ nömrəsinin aşkar olunmadığı göstərilmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin müraciətinin olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, hüquqların dövlət qeydiyyatına alınması zamanı inzibati orqan tərəfindən iş düzgün araşdırılmamışdır. Odur ki, iddia təmin edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 3158a saylı torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə müraciət etmiş və **********24 nömrəli, xx.xx.2023-cü il tarixli, **********42 nömrəli, xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan Bağ Tikinti Kooperativinin sxemində qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır və torpaq sahəsinin 40 kv.m hissəsinə dair X1 müraciəti daxil olmuşdur. Həmçinin təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. İdarənin mütəxəssislri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin faktiki ölçüsünün 0.1142 ha olduğu müəyyən edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, Bağ Tikinti Kooperativinin sxemində qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Qeyd edilənlərlə yanaşı, torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən bağ sahəsinə dair təqdim edilən X3 və istismarı Birliyi tərəfindən verilmiş orderin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv məlumatlarında aşkar olunmadığı, həmçinin torpaq sahəsinin bir hissəsinə digər şəxsin müraciətinin daxil olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənizin icrasından imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9 1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydalarından biri daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmasıdır. Bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cı maddəsinə uyğun olaraq qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən İddiaçı Hüsyn oğlunun adına 3158a saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) aşkar edilməmişdir.
8. Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 208 nömrəli Kooperativ tərəfindən verilmiş Orderdə qeydolunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 208 №-li BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan 3158a №-li bağ ayrılmışdır.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, r. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin 40 kv.m hissəsinə dair X2 müraciəti daxil olmuşdur. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilməmişdir. X2 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
II. İddianın geri götürülmüş sayılması
11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
12. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
13. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir.
14. Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı İddiaçı ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılmış və iddiaçı bildirmişdir ki, iddia tələbini o qaldırmamışdır, qeyd edilən torpaq sahəsini etibarnamə əsasında başqa şəxsə satmışdır.
15. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
16. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
18. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
19. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
20. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
21. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva