Məhkəmə qərarları › İş №2-1(112)-7204/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7204/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7204/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 21.06.2006-cı il tarixli 456 nömrəli qərarı ilə şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması məqsədilə 0,04 ha. torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətinə satılmışdır. Eyni zamanda bildirilir ki, həmin alqı-satqıya dair 02.11.2007-ci il tarixli №CD211553 sa ylı qəbz və 12.11.2007-ci il tarixli “Torpaq alqı-satqı aktı” verilmiş, o cümlədən alqısatqı predmeti olan torpaq sahəsinin eskiz Planı da çəkilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı sözügedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-ya müraciət etsə də, Xidmətin 29.04.2021-ci il tarixli **********95 nömrəli məktubu ilə - alqı-satqı aktının DTXK tərəfindən təsdiq olunmaması, həmçinin ərizəyə MŞBİ-nin rəyinin əlavə edilməməsi səbəbilə imtina edilmişdir. Bundan başqa bildirilir ki, Balaxanı bələdiyyəsinin 21.06.2006-cı il tarixli 456 nömrəli qərarının arxiv kötüyünün olması ilə bağlı - Bələdiyyənin 21.05.2021-ci il tarixli 35 nömrəli məktubu da iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn mü əyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxsin mülki hüquqlarını və ya qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qanunsuz tikili problemi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı ” 30 noyabr 2004-cü il tarixli maraqlı bir məhkəmə işi var. Həmin işdə ərizəçi qeyri-qanuni olaraq Ümraniyə adlanan yerdə məskunlaşır və bir neçə il orada yaşayır. Həmin ərazi yaşayış üçün təhlükəli hesab olunan ərazidir və bir müddət sonra orada metan qazının partlayışı nəticəsində bütün evlər dağılır və hadisə eyni zamanda insan tələfatı ilə nəticələnir. Bu məhkəmə işində bir neçə məsələ qaldırılsa da, bizi maraqlandıran əsas məsələ mülkiyyət hüququ ilə bağlı məsələdir. Ərizəçi iddia edir ki, dövlət orqanlarının hərəkətsizliyi nəticəsində onun əmlakına zərər dəyib, buna görə də, həmin zərərin əvəzi ödənilməlidir. Hökumət tərəfi isə buna öz etirazını bildirdi və qeyd etdi ki, Türkiyənin daxili qanunvericiliyinə əsasən ərizəçinin mülkiyyət hüququ yaranmayıb, o həmin ərazini qanunsuz zəbt edib və iddiasını sübut etmək üçün məhkəməyə hər hansı sənəd təqdim edə bilməyib. Məhkəmə isə öz dəyərləndirməsində qeyd edir ki, "mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqlann "hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1 -ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1 -ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyət”ə bərabərdir. Ümumiləşdirmə apararaq qeyd edir ki, əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, "gözlərini yummaq” üçün rüşvət alıb susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır.

4. İddiaçının müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərədindən bildirilmişdir ki, sənədlərinə baxış keçirilərkən torpaqların alqı-satqısına dair akt, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydalarf’nın 8-ci maddəsinə əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

5. İddiaçının müraciətinə cavab olaraq Balaxanı Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, təqdim etdiyi sənədlər Balaxanı Bələdiyyəsinin arxivində olan sənədlərlə yoxlanıldı. fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin ayrılması haqqında 21.06.2006-cı il tarixli № 456 X1 arxivdə müəyyən olundu. Lakin torpağın ayrılmasına əsas olmuş digər sənədlər müəyyən olunmadı.

6. Məhkəmənin hazırki iş üzrə 08.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsi hazırki iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Məhkəmənin hazırki iş üzrə 13.09.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbi olan torpaq sahəsi barədə dövlət reyestrindən çıxarış və plan- ölçü almaq məqsədilə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü abzasına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli Plenum qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr tərəfindən iddianın mümkünlüyü məsələsi həll edilərkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. Həmin Plenum qərarının 9-cu bəndində təsbit olunur ki, məhkəmələr tərəfindən İPM- də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

11. Məhkəmə baxış iclası zamanı (şifahi məhkəmə dinləmələri) iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə yazılı müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

12. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

15. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

16. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

24. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

25. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

26. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

27. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar