Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7204/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “icbari sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “icbari sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı icbari sığorta ödənişinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmişdir. Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.Diaqnozu təyin edildiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 208-ci il 29 fevral tarixli qərarına əsasən hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyə görə vaxtından əvvəl ehtiyyata buraxılmışdır. Dəfələrlə ƏƏSMN tabeliyində olan DSMF müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, 20 nömrəli qoşma təqdim edilməlidir ki, sığorta ödənişi məsələsinə baxılsın. Lakin qospitaldan ona bildirmişdirlər ki, o hərbi xidmətdə bu xəstəliyi qazanmadığı üçün bu sənəd verilə bilməz.521 nömrəli 16 mart 2023-cü il tarixli Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının rəisi tibb mayoru Rasim Həsənovun verdiyi cavab məktubundan görünür ki, xəstəlik hərbi xidmət dövründə yarandığı qeyd olunmuşdur. Lakin 20 nömrəli qoşmanı almaq mümkün olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Etiraza əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılaraq şəxsiyyət vəsiqəsinin və hərbi biletin və ya onu əvəz edən sənədin surətinin, həmçinin xəsarətin səbəbi və dərəcəsi barədə arayışın (20 №-li qoşma) təqdim edilməli olduğu qeyd olunmuş, qanunvericiliklə tələb olunan sənədlər tam təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx" ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il zekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4.1-ci cəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində, habelə sığorta ödənişi verilməsi üçün bu Qaydanın 3-cü hissəsində və 4.2- 4.5-ci bəndlərində qeyd edilən məlumatları əldə etmək mümkün olduqda, bu məlumatların daxil olduğu gündən 10 (on) iş günü müddətində MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır və sığorta ödənişi almaq hüququ olan şəxsin əks-əlaqə vasitəsinə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Digər sığortalıların sığortaolunanları üzrə isə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 12 nömrəli Qərarı elə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasTnın 1.2-ci bəndinə uyğun müəyyən edilmiş siyahıda qeyd edilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün EHİS vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür. Bildirilir ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası tərəfindən verilmiş 2012-ci il tarixli 24 yanvar tarixli 736 nömrəli xəstəlik haqqında şəhadətnamədə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsi tərəfindən verilmiş 2023- ci il tarixli 4 iyul tarixli 129 nömrəli arayışda “Şizofreniya, paranoid forma, mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması.Ümumi xəstəlikdir.” qeyd edilmiş və o, xəstəliklə əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin ç) bəndində göstərilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ^toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsidir. Bu zaman: -orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz nisbətində; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz nisbətində; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətində sığorta ödənişləri verilir. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. X1 X2 Sistemində qeyd olunan məlumartlara əsasən İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir. Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin ç bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. Nəzərə alınmalıdır ki, iddiaçının əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən qeyd olunmuş, həmçinin ehtiyata buraxıldıqdan 09 il 01 ay 02 gün sonra müəyyən edilmişdir. Göründüyü kimi bu Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsi anlamına gəlir. Yuxarıda geyd edilənlərə əsasən bildiririk ki, İddiaçı hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində əlilliyin müəyyən edilməsinə səbəb olmayan xəstəliyi sığorta hadisəsi hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. 736 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı “Şizofreniya, paranoid forma. Mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti. Qara ciyər funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu əsasında” şəhadətləndirilmiş, şəhadətnamədə qeyd olunmuşdur ki, “Ümumi xəstəlikdir: Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonraki vəziyyət” – Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 129 nömrəli 04 iyul 2023-cü il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2021-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında tibbi şəhadətləndirilən zaman ona Şizofreniya, parnoid forma. Mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti. Qara ciyər funksiyasının mülayim dərəcədə pozulması. Ümumi xəstəlikdir. Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır dianozu təyin edildiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarının “Xəstəliklər cədvəlinin” 15.58 “B” maddəsinin İİ qrafasına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “ Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilmiş və xəstəliyə görə vaxtından əvvəl ehtiyyata buraxılmışdır.
8. Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, sığorta hadisəsi hesab edilən bilən halın baş verməsi faktını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan məlum olduğu üzrə iddiaçıya xx.xx.2021-ci il tarixində 3-cü dərəcəli əlillik təyin edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli məktubda bildirilmişdir ki, icbari sığorta ödənişinin verilməsi məsələsinə baxılması üçün sığortaolunanın şəxsiyyət vəsiqəsinin və hərbi biletinin və ya onu əvəz edən sənədin surəti həmçinin xəsarətin səbəbi və dərəcəsi barədə arayışın (20 №-li qoşma) əslinin Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilməsi zəruridir. Dövlət icbari şəxsi sığorta üzrə qanunvericiliklə tələb olunan sənədlər tam təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Belə ki, məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:
17. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx" ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın: - 1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. - 1.3. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. - 4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində, habelə sığorta ödənişi verilməsi üçün bu Qaydanın 3-cü hissəsində və 4.2-4.5-ci bəndlərində qeyd edilən məlumatları əldə etmək mümkün olduqda, bu məlumatların daxil olduğu gündən 10 (on) iş günü müddətində MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır və sığorta ödənişi almaq hüququ olan şəxsin əks-əlaqə vasitəsinə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır. - 4.4. Xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Digər sığortalıların sığortaolunanları üzrə isə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 12 nömrəli Qərarı elə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə uyğun müəyyən edilmiş siyahıda qeyd edilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün EHİS vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür. - 4.5. Sığortaolunanın əlavə müalicəyə ehtiyacı olduğu halda bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq təqdim edilən arayış əlavə müalicə başa çatdığı gündən 5 (beş) iş günü müddətində həmin bəndlə müəyyən edilən qaydada əldə edilir.
19. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; - 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
20. Bəhs olunan qanunvericiliyin müddəalarının şərhinə keçməzdən əvvəl Məhkəmə qeyd edir ki, dövlət icbari şəxsi sığorta dövlət tərəfindən müəyyən peşə və fəaliyyət sahələrində çalışan şəxslərin həyat və sağlamlıqlarının qorunması məqsədilə tətbiq olunan məcburi sığorta növüdür. Bu sığorta növü işçilərin vəzifə borclarını yerinə yetirərkən baş verə biləcək qəzalar, yaralanmalar, peşə xəstəlikləri və ya ölüm halllarına qarşı maliyyət təminatı verir.
21. Nəzərə alınmalıdır ki, sığorta ödənişinin həyata keçirilməsi üçün ən əsas element sığorta hadisəsinin mövcud olmasıdır. Sığorta hadisəsi – sığorta müqaviləsində və ya qanunvericilik aktlarında nəzərdə tutulmuş və sığorta təminatı doğuran hadisə başa düşülür. Nəzərə alınmalıdır ki, hərbi qulluqçulara münasibətdə sığorta hadisəsinin anlayışı və hansı halların sığorta hadisəyə aid olduğu “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində səciyyələnmişdir.
22. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı “Şizofreniya, paranoid forma, mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması.Ümumi xəstəlikdir.”kimi şəhadətləndirilmiş edilmiş və həmin xəstəliklə əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir.
23. Göründüyü kimi iddiaçı 2012-ci ildə şəhadətləndirilsədə, ona əlillik ilk dəfə xx.xx.2021ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə ümumi əsaslarla təyin edilmişdir.
24. Məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin ç bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. Lakin yuxarıda göstərilənlərdən də göründüyü kimi, iddiaçının əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmamış, ümumi xəstəlik səbəbindən olmuş, həmçinin ehtiyata buraxıldıqdan 09 il 01 ay 02 gün sonra müəyyən edilmişdir. Faktiki olaraq bu hal Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsinə dəlalət edir. Çünki qanunvericiliyin müddəaları ilə təsbit olunan üç illik müddət konkretdir və hazırki iş üzrə bu müddətin ötürüldüyü görünür.
25. Beləliklə məhkəmə işin hallarının qanunvericiliyin yuxarıda qeyd olunan normalarına tətbiqi nəticəsində belə qənaətə gəlir ki, cavabdeh əsaslı olaraq iddiaçının tələbinin təminindən imtina etmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Aygün Abdullayeva