Məhkəmə qərarları › İş №2-1(112)-7204/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7204/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7204/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0,013 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsində dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən 0.013 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, digər fiziki şəxslərlə birlikdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X5 ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən 0,013 ha torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o, atası X6, X7 və digər fiziki şəxslər mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin iddiaçıya və digərlərinə çıxarışın verilməsindən imtina edilmiş və ona görə də torpaq sahələrinin dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə iddia təmin olunmuş və iddiaçıya xx.xx.2014-cü il tarixdə mülkiyyətinin dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarış verilmişdir. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi torpaq sahəsinin ona məxsus olması iddiası ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və beləliklə, Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş,3-cü şəxs qismində onun iştirakı ilə işə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. Bu Məhkəmənin xx.xx.2018-cil tarixli 2-1(82)-29/2019 nömrəli iş üzrə qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X10 3-cü şəxs qismində cəlb olunmuşlar. Bundan sonra isə İnzibati-İqtisadi məhkəmə ləğv olunduğundan iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsində iddiaçının iddiası üzrə iş hakim Mehriban Qarayevanın icraatına verilmişdir. Hakim işin geri görütülməsi barədə qərardad qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, eyni iddia tələbi ilə atası X2 işi üzrə Bakı İnzibati Məhkəməsində baxılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-(112)-397/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli,2- 1(112)-397/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçının atası apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1023/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-136/2022 saylı qərarı ləğv edilərək işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin məhz Müdafiə Nazirliyinin mülkiyyətində, istifadəsində və ya icarəsində olduğunu təsdiq edən hər hansı rəsmi mötəbər sənəd yoxdur və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Kadastr və Yerquruluşu elektron kadastr bazasında ölçmə aparılması və orada ərazi haqqında heç bir məlumatın olmadığı barədə açıq-aşkar mütəxəssis rəyi mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin ikinci icraatı zamanı iş üzrə 3-cü şəxs Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə vəsatət təqdim edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-397/2021 sayh qərarından verilmiş apellyasiya şikayətinin Bakı Xətai Məhkəməsində e-2(011)-7708/2022 nömrəli iş üzrə icraat başa çatana kimi məhkəmə baxışının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-332/2023 nömrəli qərardadı ilə vəsatəti təmin edilmişdir. Lakin iddiaçı Müdafiə Nazirliyinin cavabdeh X3 və Rizvan Quliyevə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhər Xətai Məhkəməsində iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləlilkə, satıcı X8 adına olmuş mülkiyyət hüquqları ləğv edilmədiyi üçün alıcının alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisə predmeti olmamışdır. Bundan sonra iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə icraata davam edərək iddiaçı Akif Həmidovun mülkiyyət hüququ təsdiqlənmişdir. Müdafiə Nazirliyi 3-cü şəxs qismində apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024 tarixli Qəran kassasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-332/2023 nömrəli qərarı “Torpaq sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş və şikayətin qalan hissəsi, yəni çıxarışın verilməsi qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2024 tarixli qərarından sonra Bakı İnzibati Məhkəməsi xx.xx.2024 tarixli, 2-1(82)-292019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı iş üzrə 1 may 2012-ci il tarixli qərarının icraatına dönüş edərək daşınmaz əmlakın dövlət reyestrində iddiaçılar X1 və digərlərinin, o cümlədən hazırkı iş üzrə iddiaçının ünvan 4 ünvanda yerləşən müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (82)-29/2019 saylı qərardadı icra edilərək iddiaçının və digərlərinin torpaq üzərində mülkiyyət hüququ ləğv edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməni icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən, iddiaçı tərəfindən müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2011-ci il tarixli məktubla torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərardadı ilə müvafiq torpaq sahəsi üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas olan müvafiq məhkəmə qərarı ləğv olunmuş, iş üzrə icraat təzələnmiş və daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiaçıların iddiaları geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarının icrasında dönüş edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-29/2019 saylı qərardadı icra edilərək qeyd olunan ünvanda yerləşən əmlak üzərində hüquqlar ləğv edilmişdir. Bundan başqa iddiaçı İdarəyə müraciəti zamanı iddia olunan əmlakın yerləşdiyi ünvanı “34/75”, iddia ərizəsində isə “34/37” kimi qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İddiaçı və digər şəxslər ilə X10 arasında xx.xx.2008-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən 130 kv.m torpaq sahəsini satın almışdır. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından görünür ki, İddiaçı və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi əsasında əldə etdikləri torpaq sahəsinin texniki pasportunun və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 4 ünvanında yerləşən, alqı-satqı müqaviləsi ilə istifadəsində olan 130.0 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 saylı sahənin bir hissəsində yerləşən 0.013 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(82)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X4 və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) “torpaq sahəsinin texniki pasportunun və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına baxılaraq DƏDKR phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarının icrasına dönüş edilmiş, daşınmaz əmlakın dövlət reyestrində iddiaçılar X4 və digərlərinin ünvan 6 ünvanında yerləşən müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv olunduğundan həmin qərarın icrasına dönüş olunmalıdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-286/2024 saylı qərarından görünür ki, iddiaçının atası X2 cavabdeh DƏDKR phş-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 332/2023 nömrəli qərarından üçüncü şəxs AR Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı “torpaq sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, qalan hissədə (mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçının hüquqi marağı xx.xx.2008-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi üzrə aldığı ünvan 7 ünvanında yerləşən 0.013 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi xx.xx.2008-ci il tarixli, AN-İ № ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin yuxarıda istinad edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. İş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən imtina əsası olaraq istinad edilmiş Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı ünvan 6 ünvanında yerləşən 130 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilsə də, həmin qeydiyyat aparılması üçün əsas olmuş xx.xx.2008-ci il tarixli, AN-İ № ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməmiş və hazırda qüvvədədir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-286/2024 saylı qərarında da müqavilə predmeti olan torpaq sahəsinin qanuni əsaslarla satıcının mülkiyyətində olması öz əksini tapmışdır. Belə olan halda, iddiaçının təqdim etdiyi müqavilənin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən bu halın əksini təsdiq edən əsaslı dəlil təqdim edilmədiyindən, həmin müqavilə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə həmçinin etirazdakı digər dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində (formal xəta olaraq) torpaq sahəsinin ünvanı 34/37 göstərilsə də, sonradan iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, müraciət üzrə iddia edilən ünvan 2 ünvanında yerləşən 0.013 ha torpaq sahəsi üzərində hüququn qeydiyyatı xahiş edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0.013 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar