Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7207/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nəsibov Sabİr Əflatun oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus Ю 006890 № li diplomun surətinə əsasən 1973-cü ildən 4.07.1977-ci ilə qədər Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarəti texnikumunda “ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” ixtisası üzrə təhsil almışdır (təhsil müddətinin başlanğıcının sentyabr ayı üzrə hesablamaya əsasən 3 il, 10 ay, 4 gün). İddiaçıya məxsus ИТ-İ ******* № li əmək kitabçasına əsasən o: 1.08.1977-cİ idlən - xx.xx.1980-ci ilə qədər Oktyabr rayon qida ticarəti müəssisəsində işləmişdir ( 3 il, 3 ay, 24 gün); 4.12.1980-cİ ildən - 2.12.1996-ci ilə qədər Kirov rayon Qarışıq ticarət müəssisəsində işləmişdir (15 il, 11 ay, 29 gün). İddiaçı xx.xx.2004-cü ildən vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən 7.11.2017-ci ilədək, 8.11.2017ci ildə 6.11.2022-ci ilədək fəaliyyəti dayandırılmış, hazırda da vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “…Təqdim etdiyiniz əmək kitabçasının, hərbi biletinizin və təhsil haqqında diplomunuzun surətinlərinə əsasən sığorta stajınız (1.09.1973-cü il tarixindən 1.07.1977-ci il tarixinədək təhsil aldığınız və hərbi xidmətində olduğunuz illər nəzərə alınmaqla 24 il 5 ay təşkil edir. Həmçinin 1.01.2006-cı il tarixindən 1.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan tərəfindən dövlət büdcəsinə vergi və məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Bu halı iddia ərizəsinə əlavə etdiyi məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzləri də sübut edir. İddia ərizəsinə əlavə edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X1 üzrə Baş İdarə tərəfindən verilmiş **********988700 saylı xx.xx.2020-cı il tarixli cavabından da göründüyü kimi, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 1.04.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək olan hesabat dövrləri üçün tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannnamələri üzrə dövriyyə məbləği 13552 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilən dövr üzrə məcburi dövlət sosial sığorta haqları da ödənilmişdir. Göründüyü kimi 1.01.2006-cı il tarixədək və bu tarixdən sonra sığorta kapitalına məcburi dövlət sosial sığorta haqqları hesabına mədaxil olmuşdur. Hesab edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun tərəfindən 1.7.2004-cü il tarixdən xx.xx.2007-ci İl tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələr üzrə dövriyyə məbləği 13552 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı iddia etdiyi qeyd olunan dövrlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyini qeyd etsə də, həmin məbləğlər onun şəxsi hesab vərəqəsində əks olunmamışdır. Bundan başqa 1.01.2006-cı il tarixdən ödənilən məcburi dövlət sosial sığorta haqlarının altsistemdə qeydə alındığı nəzərə alınsa, iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etdiyi 1.01.2006-xx.xx.2007-ci il tarixlərdə onun fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 1973-cü ildən 4.07.1977-ci ilə qədər Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarəti texnikimunda “ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” ixtisası üzrə təhsil almış, 1.08.1977-cı idlən - xx.xx.1980-ci ilə qədər Oktyabr rayon qida ticarəti müəssisəsində, 4.12.1980-ci ildən - 2.12.1996-ci ilə qədər Kirov rayon Qarışıq ticarət müəssisəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il ümumi stajının olmaması əsası ilə iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 24 il 5 aydır. İddiaçı bununla razılaşmır və hesab edir ki, fərdi sahibkar kimi vergi ödəyicisi qismində fəaliyyət göstərdiyi dövrlər də nəzərə alınmalı və ona hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla onun hüququ 64,6 yaşdan, yəni xx.xx.2020ci ildə yaranır. İddiaçının təhsil dövrü də nəzərə alınmaqla (hərbi xidmət dövrü təhsil dövrü ilə üstüstə düşür) əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla stajı 23 il, 1 ay, 27 gün təşkil edir. İddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halla bağlı, yəni onun vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövrlərin də nəzərə alınması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddia ərizəsinə əlavə edilmiş qəbzlərin surətindən müəyyən edilir ki, iddiaçı: 2003-cü il üzrə - aprel, iyul, sentyabr, oktyabr, noyabr və dekabr aylarında (6 ay); 2004-cü il üzrə - may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarında (8 ay); 2005-ci il üzrə fevral, aprel, may, iyun aylarında (4 ay), ümumilikdə 18 ay MDSS ödənişləri etmişdir. Məhkəmə qeyd edir ki, bu dövrlər də nəzərə alınsa belə, iddiaçının stajı 25 ildən az (24 il, 7 ay, 27 gün) təşkil edir. Digər tərəfdən iddiaçı 2003-cü il üzrə MDSS qəbzləri təqdim etsə də, iddia ərizəzinə əlavə edilmiş və məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş məktublardan müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən iddiaçı xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixə qədər fəaliyyət göstərmişdir. İddiaçının təqdim etdiyi vergi ödəyicisi kimi fəaliyyətə başladığı xx.xx.2004-cü ildən əvvəlki dövrlər üzrə ödənişlərin təyinatı da iş materiallarında müəyyən edilmir. İddiaçının həmin dövrlərdə vergi ödəyicisi kimi uçota alınması və əmək faəliyyəti ilə məşğul olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq DSMF-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının Nazirliyin Mərkəzləşdirimiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi dövrlər üzrə 1.01.2006-cı il tarixdən sonra MDSS ödənişləri qeydə alınmamış, həmçinin iddiaçı həmin dövrlər üzrə də MDSS ödənişləri barədə qəbzlər də təqdim edə bilməmişdir. 1.01.2006-cı ildən əvvəlki dövrlər üzrə təqdim edilmiş MDSS ödəniş dövrləri də nəzərə alınarsa belə iddiaçının 25 il ümumi stajı tamam olmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7207/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7207/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver