Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7207/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkiləri zamanı Azərbaycan Respublikası MSK-nın hərəkətləri nəticəsində ona vurduğu 1 899 450 (bir milyon səkkiz yüz doxsan doqquz min dörd yüz əlli) AZN maddi zərərin, 2 000 000 (iki milyon) AZN də mənəvi zərər, ümumilikdə isə 3 899 450 (üç miyon səkkiz yüz doxsan doqquz min dörd yüz əlli) AZN zərər pulun onun kart hesabına ödənilməsi və sairə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları-seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Seçki Məcəlləsinin müvafiq maddələri ilə passiv seçki hüququ olan vətəndaşların seçkilərdə namizəd kimi irəli sürülməsi və seçki prosesində iştirak etməsi üçün bir sıra tələblər müəyyən edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-ci maddəsinə görə namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Seçki Məcəlləsinin 180.1-ci maddəsində göstərilir ki, Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. İddiaçı öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, namizədliyin irəli sürülməsi Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edildikdən sonra ona namizədliyinin qeydə alınması üçün zəruri olan seçki imzalarının toplanması üçün imza vərəqələri verilmişdir. O, Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müvafiq sayda seçki imzalarının toplanılmasını təsdiq edən imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasına qarşı “seçici imzalarının toplanması üçün vaxtın uzadılması tələbinə dair” iddia qaldırılmış və imza toplama kampaniyasını başa çatdırmaq üçün bayram günlərinə təsadüf edən xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddətə görə əlavə müddət verilməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-26/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Seçkilər dövründə iddiaçı Mərkəzi Seçki Komissiyasına qarşı “növbədənkənar prezident seçkilərinin ləğv edilməsi və sair tələblərə dair” iddia qaldırılmış, iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-3(103)-34/2024 saylı qərarı ilə mümkün sayılmamışdır. Göstərilənlərdən əlavə iddiaçı müxtəlif tələblərə məhkəmədə cavabdeh qismində Mərkəzi Seçki Komissiyasına qarşı iddialar qaldırmış və həmin iddia tələbləri əsassız olduğundan təmin edilməmiş və ya mümkün sayılmamışdır. İddiaçı hazırda qaldırdığı iddia tələbinin hüquqi əsası yoxdur və bu səbəbdən iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd olunur: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.- 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. -8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göstərilənlərə əsasən İddiaçı Mərkəzi Seçki Komissiyasına qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, tələbə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsinin məzmunundan, iş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclasındakı izahatından müəyyən edilir ki, iddiaçının şikayəti seçki hüququnun pozulması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının hərəkətlərindəndir. İddiaçı cavabdehin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulduğu qənaətinə gəlmiş və cavabdehə qarşı hazırkı tələbi üzrə iddia irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının seçki hüququnun pozulmasına dair hazırkı iddia tələbində istinad etdiyi əsaslarına (namizədliyinin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzasının toplanması və s. ilə bağlı tələblərin qanunsuzluğu) artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən və iddiaçının cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbinin mövcudluğu müəyyən edilmədiyindən iddiaçının cavabdehə qarşı baxılan iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2- 3(103)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı “Seçici imzalarının toplanması üçün vaxtın uzadılması” tələbinə dair iddiası təmin edilməmiş, həmin məhkəmənin 2-3(103)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Prezident seçkilərinin ləğv edilməsi və s.” tələbinə dair iddiası qeyri-mümkün sayılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7207/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7207/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver