Məhkəmə qərarları › İş №2-1(112)-7208/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7208/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7208/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X15 və digərlər) qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin 16 saylı mənzilinin 1/2 hissəsinə dair onun adına şəxsi maliyyə hesabında dəyişikliklər edilərək, kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən məsələ yalnız qüvvədə olan mənzil qanunvericiliyinin müvafiq tələbləri əsasında qeydiyyatda olan hər adam sayına düşən mənzil norması nəzərə alınmaqla ailə üzvlərinin razılığı əsasında bölünməsinə yol verilə bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 318 saylı sərəncamının dəyişdirilərək, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilə dair onun adına şəxsi hesabında dəyişiklik edilərək, mənzilin 1/2 hissəsinə dair kirayə müqaviləsiin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, xx.xx.2022-ci il tarixli qərardadı ilə isə X6, X18 və X20 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan SSR-nin Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 03 dekabr 1971-ci il tarixli, 107314 saylı orderinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsi 2 ünvanında yerləşən 6 saylı mənzil 4 nəfər ailə üzvü- X16, X7, X13 və İddiaçı olmaqla, X14 verilmişdir. İddiaçının atası X19 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, onun ölümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 318 saylı sərəncamı əsasında mənzilə dair kirayə müqaviləsinin 8 nəfər ailə tərkibi olmaqla, X15 ilə bağlanması və şəxsi maliyyə hesabında dəyişilik edilməsi qərara alınmışdır. X1 ilə sərəncam verildikdən sonra münasibətləri kəskinləşmiş, dəfələrlə aralarında məhkəmə mübahisələri olmuşdur. X15 qeyd olunan mənzilə dair onun razılığı olmadan tam payda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, iddiaları təmin edilməmişdir. Azərbaycan SSR-nin Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 03 dekabr 1971-ci il tarixli, 107314 saylı orderinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsi 2 ünvanında yerləşən 6 saylı mənzil 4 nəfər ailə üzvü- arvadı X16, X7, X13 və İddiaçı olmaqla, X14 verildiyindən, X15 xx.xx.1973-cü il təvəllüdlü olmaqla, order verilərkən hələ doğulmadığından, order onun qeyd olunan mənzilə dair sahiblik və istifadə hüququn yaranmasını təsdiq edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 734 nömrəli iddiaya dair yazılı münasibətində imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, iddiaçı və X1 arasında mənzilə dair mübahisə olduğundan yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məsələyə yenidən baxılar bilər. Üçüncü şəxslər məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazda bildirmişlər ki, artıq xeyli müddətdir ki, yeganə yaşayış yeriləri olan mənzili satıb ona 20.000 manat məbləğində pul vəsaitini verməklərini qətiyyətlə və hər vasitə ilə onlardan tələb edən İddiaçı ailələrinin normal yaşaması üçün olduqca darısqal olan mənzildə özünün istifadə qaydasını tanıtdırıb, 4 nəfər ailə tərkibi ilə onların mənzildən tam istifadə hüquqlarından məhrum etmək istəyi ilə hələ 2019-cu ildə onlara qarşı mənzildən maneəsiz istifadə və mənzildən istifadə qaydasının müəyyən olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə İddiaçı iddia tələbi qismən təmin olunaraq, mənzilində istifadə qaydasının müəyyən olunması hissəsində təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cuil tarixli qətnaməsi mənzilində istifadə qaydasının müəyyən olunması tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. ünvan 2 ünvanda yerləşən 16 saylı mənzilin yaşayış sahəsi cəmi 43.59 kv.metrdən ibarət olduğundan, mənzilin cəmi 1 giriş qapısı və otaqların ikisi iç-içə olduğundan, pasport qeydiyyatında da olmaqla mənzildə 5 nəfər (4 nəfər ibarət onların ailəsi və iddiaçının) yaşadığından, adambaşına cəmi 8.6 kv.metr yaşayış sahəsi düşdüyündən, ümumiyyətlə, yaşadıqları mənzilin hansısa hissəsinə İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına hər hansı bir lüzum da olmadığından iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məcburetmə haqqında iddia növünə uyğun gələn hazırkı iddia inzibati mübahisə olmaqla Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - 26 Bakı Komissarı adına rayon X4 İcraiyyə Komitəsinin 26 noyabr 1971-ci il tarixli, 16/835 nömrəli qərarı ilə X17 xx.xx.1971-ci il tarixli qərarı təsdiq edilmiş və mexanik X14 5 nəfər ailə tərkibi ilə ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 43.59 kv.metr olan 16 saylı mənzilə dair order verilməsi qərara alınmış, E.Əsgərov mənzil uçotundan çıxarılmışdır. - xx.xx.1971-ci il tarixdə 16 saylı mənzilə dair X14 107314 nömrəli order verilmiş, orderdə E.Əsgərovun mənzilə köçmək hüququ olan aşağıdakı ailə üzvlərinin adları qeyd olunmuşdur: X16, X7, X13 və İddiaçı. - xx.xx.2005-ci ildə X15 ərizə ilə cavabdehə müraciət edərək, atası X19 vəfat etdiyinə görə hazırda yaşadığı mənzilin şəxsi maliyyə hesabının onun adına keçirilməsini xahiş etmişdir. - işdən görünür ki, İddiaçı, X7, X13 və X8 ərizə yazaraq X9 vəfatı ilə əlaqədar hazırda yaşadıqları mənzilin şəxsi maliyyə hesabının X3 adına keçirilməsinə heç bir etirazlarının olmadığını, razı olduqlarını bildirmişlər. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 318 saylı “Ç.Kərimov küçəsindəki 2 saylı evin 16 saylı mənzilinin kirayə müqaviləsinin vətəndaş B.E.Əgərov ilə bağlanması haqqında” Sərəncamına əsasən Ç.Kərimov küçəsindəki 2 nömrəli evin yaşayış sahəsi 43.59 kv.metr olan 3 otaqlı 16 nömrəli mənzilinin kirayə müqaviləsinin X15 ilə bağlanması və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 8 nəfər olmaqla B.E.Əsgərovun mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - İş materiallarında olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında iddiaçı ilə yanaşı xx.xx.2002-ci il təvəllüdlü X18, xx.xx.2003-cü il təvəllüdlü X20, xx.xx.1973-cü il təvəllüdlü X15 və xx.xx.1980-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. - 100 saylı Mənzil Komunal İstismar Sahəsinin 186 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanındə yerləşən 16 saylı mənzil Xətai Rayon İcra Hakimiyyətinə məxsusdur, mənzilin kirayəçisi X10r və o, həmin mənzildə 5 nəfər ailə tərkibindən ibarət ailə üzvləri bacısı İddiaçı, qızı X18, oğlu X20 və arvadı X6 ilə birgə yaşayır. - İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X11 və X2 qarşı ünvan 8 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilə (bundan sonra Mənzil) dair olan sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə olunması, həmin mənzildən onun maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin cavabdehlərə qadağan olunması və həmin mənzildən onun istifadə qaydasının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsi 2 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilindən istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması cavabdehlər X12 və X2 həvalə edilmiş, iddiaçının mənzildən maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehlərə qadağan edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “...İşin mübahisəsiz hallarından göründüyü kimi, 03 dekabr 1971-ci il tarixli, 107314 saylı Orderdə Mənzilin əvvəlki sahibi Eynulla Əsgərovun ailə üzvü (övladı) kimi adı göstərilməklə, iddiaçının həmin tarixdən Mənzildən istifadə hüququ yaranmışdır. Sonradan Mənzilin sahibliyi cavabdeh Babək Əskərova keçsə də iddiaçı hal-hazıradək davamlı olaraq həmin Mənzildə yaşamaqla isitifadə hüquqlarını davam etdirir.” İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2882/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, həm iş materialları, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ mövcuddur və o, mənzilin hazırkı kirayəçisinin ailə üzvü kimi onunla bərabər hüququlara malikdir. İddiaçı hazırda sözügedən mənzilin şəxsi hesabında dəyişiklik edilərək, mənzilin ½ hissəsinə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İstinad olunan normadan görünür ki, məhkəmə məcburetmə haqqında iddia tələbini yalnız o halda təmin edir ki, cavabdehin imtinası, yaxud hərəkətsizliyi müraciət edən şəxsin hüquqlarının pozulmasına səbəb olsun. İşin yuxarıda istinad olunan hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı halda belə bir pozuntu baş verməmişdir. Belə ki, tərəflərin mübahisəli mənzilə hüquqlarının yarandığı dövrdə (xx.xx.2009-cu il tarixədək) qüvvədə olan Mənzil Məcəlləsinin: - 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar - 54-cü maddəsinə görə İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İstinad olunan normalardan görünür ki, qanunverici icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə dair ayrıca icarə müqaviləsinin bağlanmasının mümkün hesab edilməsi üçün iki şərt müəyyən etmişdir:

1. həmin sahənin təcrid olunmasının mümkünlüyü;

2. həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı. Qanunvericilyə əsasən yalnız bu iki şərt ödənildiyi halda icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə münasibətdə ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, mübahisəli mənzildə yaşayan üçüncü şəxslər, o cümlədən həmin mənzilin hazırkı kirayəçisi Babək Əsgərov iddiaçının payına düşən yaşayış sahəsi ilə bağlı onunla ayrıca kirayə müaviləsinin bağlanılmasına razılığı vermir. Belə olan halda aydındır ki, hazırkı halda cavabdeh iddiaçının müraciətini təmin edə bilməzdi. Buna görə də o, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Çünki yuxarıda qeyd olunan normadan məlum olduğu kimi, ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı mübahisə mövcuddursa, bu mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Bu həll qaydası isə yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması ilə mümkündür. Belə ki, yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bir neçə şəxsin birlikdə yaşamalı olduğu mənzildə də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Bu baxımdan əgər yaşayış sahısindən kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin anlogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Buna görə də məhkəmə hesab edir ki, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı ailə üzvləri arasında razılıq olmadıqda ilk növbədə mənzilin təcrid edilməsinin mümkünlüyü nəzərə alınmaqla mülki mühakimə icraatı qaydasında yaşayış sahəsinin ayrı-ayrı hissələrindən istifadə qaydaları müəyyən edilməli, həmin qaydalar müəyyən edildikdən sonra ayrıca kirayə müqaviləsinin bağlanması üçün müvafiq yerli icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən mübahisəli mənzildə yaşayan şəxslərin razılığının olmaması hazırkı halda iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsini istisna edən konkret faktiki şərt olduğundan, cavabdehin imtinası qanuni hesab edilməli, buna görə də iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar