Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-721/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.1982 - xx.xx.2005ci illərdə “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini nəzərə alaraq və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə ona pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən - 52 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son 3 ilin (xx.xx.2020) pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi, o cümlədən ümumi iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin sizə dair 25 iyun 2023-cü il tarixli arayışında xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASCdə metal yandırıcısı və nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə planına əlavə edilmiş işçilərin siyahısında İddiaçı adının qeyd edilmədiyi müəyyən olunmuşdur. Buna görə də həmin dövrlər ərzində iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 20 ildən az (2 il 3 ay 19 gün (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və 2014-2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmiş aylar üzrə cəmi 1 il 8 ay)) təşkil edir. İddiaçının güzəştli iş stajı isə yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş əlavə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 1982-2005-ci illərdə Bakı Alümunium-Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. “Şüvəlan" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət-yanğın baş verən sahədə heç bir təmir- tikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılmışdır. Beləliklə, məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığının qeyd edildiyi halda əmək kitabçası qeydində iddiaçının xx.xx.2005-ci ilə tarixədək müəssisədə işlədiyinin göstərilməsinin hüquqi əsası yoxdur. İddiaçı barəsində “Şüvəlan" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyri-dəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı xx.xx.1982-16.01,1990-cı il, xx.xx.1990- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı Almüminum-Yayma Zavodunda gah metal yandırıcısı, gah da nəzarətçi vəzifələrində işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə adını qeyri-dəqiq bildiyi işçinin işlədiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əlvan metal yumuşaldıcısı; xx.xx.1990-ci il tarixdən xx.xx.1990-cı il tarixədək elektrik mühərriklər təmiri sahəsində sarıyıcı; xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək hazır anbarında çeşidləyici; xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək nəzarətçi-tərəziçi, bişirici; xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aşbaz işləmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 10.11,2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni bildirilir ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilmədi. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında "xxxx" ASC yaradılışdır. "xxxx" ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk şəraitdə əridilməsi, həmin metalların emal olunması və əlvan məftillərin istehsal olunmasından ibarət olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli güzəşti arayışdan görünür ki, iddiaçının xx.xx.1990-xx.xx.1991-ci il tarixlərində əlvan metalların isti əridilməsi sexində istehsal olunmuş metalların nəzarətçisi peşəsi 1 №-li Siyahıda 1072103A-19360 kod altında, 2 №-li Siyahıda 2092304a-13041 kod altında; xx.xx.1991-xx.xx.1995-ci il tarixlərində əlvan metalların isti əridilməsi sexində metal yandırıc peşəsi 1 №-li Siyahıda 1072103a-19360 kod altında; xx.xx.1995-xx.xx.2005-ci il tarixlərində əlvan metalların isti əridilməsi sexində istehsal olunmuş metalların nəzarətçisi peşəsi 2 №-li Siyahıda 2092304a-13041 nömrəli kod altında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə həmin işdə calışan fəhlələrə güzəştli təqaüdə çıxmaq imkanı verilir. xx.xx.2013-cü il tarixində "xxxx" ASC-nin inzibati binasında yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqları, əmrləri və T2 kartoçkaları da yanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verərkən cavabdeh imtina əsası kimi üç hala istinad etmişdir:
1. Ümumi iş stajının 20 ildən az olması;
2. Güzəştli iş stajının 10 ildən az olması;
3. Fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi; Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün aşağıdaki qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1965-cı il təvəllüdlü olduğundan, onun 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olur. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur: 1) xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən çox olması; 2) xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən çox təşkil etməsidir. Məhkəmə ilk növbədə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edi Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda dövlət arxivinin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. Məhkəmə bildirir ki, cavabdeh iddiaçının topladığı ümumi iş stajının 02 il 03 ay 19 gün (xx.xx.1990-xx.xx.1990; xx.xx.1990-xx.xx.1990 və 2014-2015-ci illər üzrə cəmi 1 il 08 ay) olması qənaətindədir. Cavabdeh tərəfindən mübahisə açan məsələ iddiaçının xx.xx.1982-xx.xx.1990-cı il və 14.xx.xx.1990-xx.xx.2005-ci il tarixlər arasında X4 işlədiyi müddət ilə bağlıdır ki, cavabdehin qənaətinə görə "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə planına əlavə edilmiş işçilər siyahısında onun adının qeyd olunmadığından, həmin dövr staja daxil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə "xxxx" ASCdə yanğın baş verdiyindən Bakı Alüminium Yayma Zavodunun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İddiaçının sənədləri yandığı üçün ona heç bir sənəd verilə bilinmir. İddiaçıya tərəflərindən verilmiş güzəştli arayış onun əmək kitabçası əsasında verilmişdir Göründüyü kimi əmək kitabçasında öz əksini tapan qeydlərin təsdiq edən sənədlərin olmaması, başqa sözlə desək iddiaçının işləməsini təsdiq edən sənədlərin təqdim edilməməsi bilavasitə "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı olmuşdur ki, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
2. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-də baş vermiş yanğın hadisəsisi ilə bağlı bir çox vətəndaşın pensiya təminatı işinə məhkəmə icraatı çərçivəsində baxılmışdır. Oxşar mübahisə kimi məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarını əsas gətirərək bildirir ki, həmin qərarda kassasiya instansiya məhkəməsi vətəndaşın qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün onun ilə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatının aparılmalı olduğuna göstəriş vermişdir. Məhkəmə eyni mövqeyidən çıxış edərək bildirir ki, doğrudur ki, vətəndaşın xx.xx.2006-cı il tarixədək olan stajını təsdiq edən sənəd qismində əmək kitabçası çıxış edir. Lakin hər bir halda, məhkəmə öz təşəbbüsü ilə dolğun tədqiqatın aparılması üçün iddiaçının həmin dövrdə birgə işlədiyi şəxslərdən, əmək kollektivinin siyahısında adı olan və məhkəmə qaydasında pensiya almış şəxslərdən olan X2 və X1 şahid qismində dindirmişdir. Hər iki şəxs CM-nin 297 və 298-ci maddələrinə uyğun məsuliyyətləri izah olunmaqla verdikləri şahid ifadələrində iddiaçının Bakı Aliminium Yayma Zavodunda, sonradan həmin zavodun bazası əsasında yaradılan "xxxx" ASC-də işlədiyini təsdiq etmiş, onların ifadələri arasındaki ziddiyyət və ya qeyri-müəyyənlik aşkar olunmamışdır. Məhkəmə yuxarıda göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığını ümumi iş stajı əmək kitabçası ilə müəyyən olunur, cavabdeh əmək kitabçasında olan qeydləri mübahisələndirsə belə, əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq halları sübuta yetirə bilməmişdir. Əlavə olaraq, iddiaçı Bakı Aliminimum Zavodunda işlədiyi müddət şahid ifadələri ilə təsdiq olunmuşdur ki, göstərilən bu əsasların hamsı mübahisələndirilən xx.xx.1982-xx.xx.1990-cı il və 14.xx.xx.1990-xx.xx.2005-ci il tarixlərin ümumi iş stajına daxil edilməli olmasına əsas verir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (23 il 02 ay 07 gün) çox təşkil edir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İş materiallarında olan güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi Şüvəlan” ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk şəraitdə əridilməsi, həmin metalların emal olunması və əlvan məftillərin istehsal olunmasından ibarət olmuşdur. Onun xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1995-xx.xx.2005-ci il tarixlərində əlvan metalların isti əridilməsi sexində istehsal olunmuş metalların nəzarətçisi peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2092304a-13041 kod altında, xx.xx.1991-xx.xx.1995ci il tarixlərində əlvan metalların isti əridilməsi sexində metal yandırıcı peşəsi 1 №-li Siyahıda 1072103a-19360 kod altında nəzərdə tutulmuşdur ki, istənilən halda 1 №-li Siyahıda göstərilən peşələr daha ağır olduğundan, iddiaçının xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1995-xx.xx.2005-ci il tarixlərində işlədiyi müddət ilə yanaşı, həmçinin xx.xx.1991xx.xx.1995-ci il tarixində işlədiyi müddətdə güzəştli iş stajına daxil edilməlidir ki, bu da güzəştli iş stajının 10 ildən çox olduğuna dəlalət edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajı toplanıldığından, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa həmin Qanunda nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaransada, ödənilməmiş pensiya məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il olmaqla, yəni xx.xx.2020-ci il tarixdən həyata keçirilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1982 - xx.xx.2005-ci illərdə “Bakı Alüminyum-Yayma” zavodunda işlədiyi müddət nəzərə alınmaqla, 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son 3 ilin (xx.xx.2020) pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov