Məhkəmə qərarları › İş №2-1(112)-7211/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7211/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7211/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X4, cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı X5 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon X1 Ruslan Binyaminoviçin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/25 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocasən Bələdiyyəsinin 24/25 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarı ilə Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 - İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və 3 saylı mədənin 6-cı sahəsi daxilində ayrılmış 400 kv.m torpaq sahəsi X3 istifadəsinə verilmişdir. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Masazır, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), X12 Bi.Vi və ARDNŞ-in Ortaq Şirkəti (Podratçılar) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Odur ki, iddiaçı hesab edir ki, ona ayrılmış əraziyə dair cavabdeh tərəfindən verilmiş qərar qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2044/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı şirkətinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması tələbinə dair inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, hazırki işin materiallarına oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1233/15 saylı 10.11.2015-ci il tarixli qərarı əlavə edilmişdir. Həmin işdə İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq həmin İcra Hakimiyyətinin D.qaracayeva adlı şəxsin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında müvafiq sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu işdə Ali Məhkəmə iddiaçı şirkətin iddiasını ona görə mümkün saymamışdır ki, həmin şirkətin istinad etdiyi, Azərbaycan Respublikasının 901-İİQD saylı 29.04.2005-ci il tarixli Qanunu il təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qanuni qüvvəsini aldığı 15.05.2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 12.01.2001-ci il tarixdə qəbul edilmiş sərəncam artıq öz qüvvəsini 15.05.2005-ci il tarixdən itirmişdir. İddiaçının iddiası Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada üçüncü şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Binəqədi rayon Xocasən Bələdiyyəsinin 24/25 №-li 14 oktyabr 2005-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan X5 ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi 400 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən qərarla Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv. m. torpaq sahəsi alqı-satqı yolu ilə X5 mülkiyyətinə verilmişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Binəqədi rayon X1 Ruslan Binyaminoviçin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/25 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınmasını məhkəmədən xahiş edir. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlannın daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş 01 sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissəbrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Binəqədi rayon X1 Ruslan Binyaminoviçin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/25 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarı artıq öz qüvvəsini itirmişdir. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.12.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar