Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7211/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11 -ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi həyatının və sağlamlığının sığortalanması ilə əlaqədar qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta ödənişinin məbləğində onun “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 57474 (əlli yeddi min dörd yüz yetmiş dörd) manat məbləğində dəymiş maddi ziyanın məbləğinin ona ödənilməsi barədə qərar qəbu edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 dekabr 2022-ci il tarixli 8/437 saylı imtina məktubu aşağıdakı məzmundadır.: “Sizin Azərbaycan Respublikası Müdafiə nazirliyinə 23 yanvar 2024-cii il tarixdə ünvanladığınız müraciətə N nömrəli hərbi hissədə baxılmışdır. “Kəşfiyyat və əks kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının ( hərbi qulluqçularının) həyatı və sağlamlığı dövlət büdcəsi hesabına , onların 5 illik pul təminatı məbləğində sığorta olunur. Lakin buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi səbəbindən tələb etdiyiniz sığorta məbləğinin ödənilməsi mümkün deyildir. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cti hissəsinə əsasən hər kəsin dövlət orqanının ...vəzifəli şəxclərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən ) inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması sizə izah olunur.” Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə öz tələbi ilə bağlı aşağıdakı məzmunda müraciət etmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180 - 24 №-li 23 noyabr 2004 - cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks - kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2ci bəndinə əsasən Xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsi kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsini tənzimləyir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinin realizə olunması üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaçıya, yəni Şirkətə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Lakin bununla bağlı Şirkətlə Nazirlik arasında müvafiq müqavilə bağlanmadığına və miivafıq sığorta haqqı ödənilmədiyinə görə ona bağlanmış müqaviləyə uyğun olaraq sığorta ödənişi həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cli maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Sığortalı qurum sığorta olunanın xeyrinə bağlamış olduğu icbari sığorta müqaviləsini qanunvericiliklə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlamşsa, bu zaman sığortaçının hər hansı öhdəliyi mövcud olmamalıdır. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə uyğun olaraq sığortalanır. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Konstitusiyanın 12-ci maddəsinə və 16-cı maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Sosial təminat hüququnun realizə formalarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif kateqoriya şəxslərin xidməti vəzifələrinin icrası ilə bağlı həyat və sağlamlığına dəyən zərərə görə onların dövlət tərəfindən məcburi şəkildə sığorta etdirilməsidir. Dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının qanunla müəyyən olunmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cii maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 22 aprel tarixli Qərarı). “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6. 6.1.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə.20. 20.1. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Hazırda o, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu qanunvericiliyə uyğun olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş aylıq məvacibinin 1067,90 (aylıq məvacibi) x 60ay = 64074-6600 manat=57474 manat maddi ziyanın ona ödənilməsini tələb edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, hazırki inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Bununla əlaqədar qeyd etmək istəyirlər ki, “Kompensasiyanın təyin edilməsi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasının” 392 nömrəli iclas protokoluna əsasən istefada olan kapitan X1 xidməti vəzifələrinin icrası zamanı partlayış travması nəticəsində hərbi xidmətdən istefaya buraxılması hadisəsinə görə verilmiş ərizəyə baxılmışdır. Komissiyanın qərarına əsasən kapitan İddiaçı aldığı xəsarət onun xidməti vəzifələrinin icrası ilə əlaqəli olması və ona kompensasiya ödənilməsi qərar alınmışdır. Digər tərəfdən iddiaçının müraciətinə N nömrəli hərbi hissədə baxılmış, “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik sığorta təminatı məbləğində sığorta olunması qeyd edilsə də, buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi üçün tələb olunan sığorta məbləğinin ödənilməsinin mümkün olmadığı bildirilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qiymələndirilərək xx.xx.2026-cı il tarixədək ona ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024cü il tarixli 8/437 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirliyinə 23 yanvar.2024-cü il tarixdə ünvanladığı müraciətə N nömrəli hərbi hissədə baxılmışdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının (hərbi qulluqçularının) həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına, onların 5 illik pul təminatı məbləğində sığorta olunur. Lakin buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi səbəbindən tələb etdiyiniz sığorta məbləğinin ödənilməsi mümkün deyildir. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəsin dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması ona izah olunur.
8. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış 23 dekabr 2021-ci il tarixli xx-xx-1714 nömrləi məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış müqavilədə yalnız hərbi qulluqçuların icbari sığortası nəzərdə tutulmuşdur. İstinad etdiyi Qanunun Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılmadığı və bu növ sığorta müqavilədə olmadığında görə Dövlət Sığorta Kommersiya Şirkəti təminat daşımır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir. 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz.
11. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
17. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir.
19. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
20. Belə ki, Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri).
21. Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi).
22. Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir.
23. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir.
24. Sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər çıxış edir (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.3-cü maddəsi).
25. Qeyd edilməlidir ki, həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir.
26. Qanunun 2.1.6 və 5 (“ç” bəndi)-ci maddələrinə uyğun olaraq sığorta hadisələrindən biri kimi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində 2-ci qrup əlillik təyin olunması çıxış edir və bu hadisəyə görə sığorta məbləğinin 60 faizi nisbətində sığorta ödənişinin verilməsi nəzərdə tutulur.
27. Göründüyü kimi, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir.
28. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından tərxis edildiyi, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunduğu və cavabdeh inzibati orqan tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğu, üçün, Dövlət Sığorta Şirkəti tərəfindən hərbi qulluqçu kimi ona 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir.
29. İddiaçı hazırda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu halda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş 57474 (64074 (1067.90×60=64074) manat - 6600 manat) manat maddi ziyanın ona ödənilməsini tələb edir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı qanunla ona ona verilən bu hüquqdan istifadə etməmiş, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Sığortalı” Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” 01 yanvar 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən Dövlət Sığorta Şirkəti tərəfindən yuxarıda qeyd olunan əsaslarla hərbi qulluqçu kimi ona ödənilən 6600 manat məbləğində sığorta haqqını qəbul etməklə, qeyd olunan müqavilə şərtləri ilə razı olduğunu göstərmişdir.
32. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından, iddiaçının tələbi təmin olunmamalıdır.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva