Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7212/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi X5 cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı Süleymanzadə (Ağabalayeva) Leyla Eduard qızı inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı Süleymanzadə (Ağabalayeva) Leyla Eduard qızı inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Xocasən X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/23 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocasən Bələdiyyəsinin 24/23 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarı ilə Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 - İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və 3 saylı mədənin 6-cı sahəsi daxilində ayrılmış 400 kv.m torpaq sahəsi X3 istifadəsinə verilmişdir. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Masazır, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), X12 Bi.Vi və ARDNŞ-in Ortaq Şirkəti (Podratçılar) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Odur ki, iddiaçı hesab edir ki, ona ayrılmış əraziyə dair cavabdeh tərəfindən verilmiş qərar qanunsuz hesab edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada üçüncü şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Binəqədi rayon Xocasən Bələdiyyəsinin 24/23 №-li 14 oktyabr 2005-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi 400 kv. m. torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən qərarla Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv. m. torpaq sahəsi alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilmişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Binəqədi rayon Xocasən X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/23 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə mütaciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərarlar qəbul olunduqdan 15 il və 7 ay 20 gün keçdikdən sonra, 04 iyun 2021-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Binəqədi rayon Xocasən Bələdiyyəsinin qərarlarından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir. Ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı şirkətinə məxsus torpaq sahələri olmuşdur. İşin hallarından da göründüyü kimi, üçüncü şəxs mübahisəli torpaq sahəsindən uzun illər boyunca istifadə etmişlər və iddiaçı buna qarşı hər-hansı bir qaydada etirazını bildirməmişdir. Həmçinin iddiaçı bu müddət ərzində torpaq sahəsinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmələri barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı Süleymanzadə (Ağabalayeva) Leyla Eduard qızı inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7212/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7212/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver