Məhkəmə qərarları › İş №2-1(112)-7213/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7213/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7213/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərq məbləğinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 məhkəməyə müraciət edərək “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10%-i miqdarında fərqin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə kompensasiyadan və “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25%-i miqdarında əlavədən ibarət olmuşdur. xx.xx.2021-ci ildə AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə barəsində yeni tərtib olunmuş məlumat vərəqi göndərilmişdir. Yeni məlumat vərəqində iddiaçının 1-ci məharət dərəcəsi dəyişdirilərək “usta” məharət dərəcəsi kimi göstərilmişdir. “Usta” məharət dərəcəsinə görə isə əlavə vəzifə maaşının 35%- ni təşkil edir. Yeni məlumat vərəqinə əsasən xx.xx.2021-ci il tarixdən iddiaçıya “usta” məharət dərəcəsi nəzərə alınmaqla əmək pensiyası ödənilməyə başlanılmışdır. Bu zaman iddiaçıya “usta” məharət dərəcəsinə görə vəzifə maaşının 35 %-i miqdarında olan əlavə ilə “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında olan 10 %-lik fərq yalnız əvvəlki 3 illik müddət üçün (xx.xx.2018-xx.xx.2021-ci il) üçün ödənilmişdir. Ödəniş 15 dekabr 2022-ci il tarixdə başa çatmışdır. İddiaçı hesab edir ki, “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında vəzifə maaşının 10 %-i miqdarında olan fərq ona pensiya təyin olunduğu xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 aprel 2014-cü il tarixli məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı 19 aprel 2014cü il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 25 yanvar 2021-ci il tarixli MN-01425 nömrəli yeni məlumat vərəqinə əsasən “usta” məharət dərəcəsinə görə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2701,60 manat məbləğində müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5261,40 manat pensiya məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının tərkibində 270,16 manat maddi yardım ödənilir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı R.Ə. Məhərrəmov Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala müraciət edərək, ona ödənilməli olan 19 aprel 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 25 yanvar 2021-ci İl tarixli MN-01425 nömrəli yeni məlumat vərəqinə əsasən “usta” məharət dərəcəsinə görə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2701,60 manat məbləğində müəyyən edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablandığı barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-cİ maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin inzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüquq 2017ci il 1 iyul tarixinədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Belə ki, iddiaçı R.Ə. Məhərrəmova Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 aprel 2014-cü il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 19 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı R.Ə. Məhərrəmova 19 aprel 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir.

5. Bakı İnzibati məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ilə bağlı təqdim olunmuş MN- 01425 nömrəli məlumat vərəqəsində qeyd olunur ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) xx.xx.2014-cü il tarixdə tərxis olunmuş, təminat xərcliyi 2701,60 manat məbləğində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD şöbəsi tərəfindən açılmış pensiyaçının uçot vərəqəsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

8. Azərbaycan Rspublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.102015-ci il tarixli, 2-1(81)-4303/2015 saylı Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi təmin edilmişdir. İddiaçı təyin olunmuş pensiyanın yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında “idarə rəisi” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə xx.xx.2014-cü il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir.

9. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

20. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 2021/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli tarixli qərarına uyğundur.

21. “Əmək pensiyaları haqqında" Qanundan: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 32-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.”

23. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1- 2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.”

24. Məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tərxis olunmuş və ona xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 25 yanvar 2021-ci il tarixli MN-01425 nömrəli məlumat vərəqinə əsasən “usta” məharət dərəcəsinə görə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2701,60 manat məbləğində müəyyən edilmiş və keçmiş üç il müddət üçün (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün əmək pensiyasının ödənilməsindən imtina edilmişdir.

25. Məhkəmə qeyd edir ki, İddiaçı pensiya hüququ 2014-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir.

26. "Hərbi qulluqçuların, pensiya təminatı haqqında" Qanunun 49-cu maddəsinə əsasən keçmiş müddət üçün pensiyaların ödənməsi pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

27. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz, belə ki, onun ilkin pensiya təyinatı məhz 1 iyul 2017-ci il tarixinədək (xx.xx.2014-cü il tarixdən) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması ilə bağlıdır. Odur ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğun deyil.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əmək pensiyasının 1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10% miqdarında fərqin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsinə qanuni gözləntisi vardır.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı əmək pensiyasının “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10% miqdarında fərqin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar