Məhkəmə qərarları › İş №2-1(112)-7214/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7214/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7214/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “Aeroflot-rossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “icbari tibbi sığorta üzrə haqların tutulmasının cavabdehə qadağan edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Aeroflot-rossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 aprel 2021-ci il tarixli **********6 və **********7 nömrəli sərəncamaları, 03.05.2021-ci il tarixli**********7AT nömrəli sərəncamının ləğv edilməsi; “Aeroflot-rossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındaki Nümayəndələyinin rəhbəri X2 (Semikhin Alexey) əmək haqqından icbari tibbi sığorta üzrə sığorta haqlarının hesablanmamasına dair elektron proqramda müvafiq dəyişiklilərin edilməsi vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, “Aeroflot-rossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının vətəndaşı X2 (Semikhin Aleksey) əmək haqqından icbari tibbi sığorta üzrə sığorta haqlarının tutulması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı hesab edir ki Nümayəndəliyin rəhbəri X4 əcnəbi olduğundan və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığından, “Tibbi sığorta haqqında” Qanunun 15-ci maddəsinin tələbləri ona şamil olunmamalıdır. Bu səbəbdən də onun əmək haqqından icbari tibbi sığorta üzrə sığorta haqlarının hesablanması qadağan olunmalıdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana elektron ərizələr ilə müraciət etsə də, onun müraciətinə rəsmi cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi, cavabdeh bildirir ki, hazırki vəziyyətdə X2 iddiaçı qismində çıxış edən müəssisənin rəhbəri olması və müəssisə ilə bağlanmış əmək müqaviləsi barədə təsdiqedici sənədlər iş materiallarında müəyyən edilməmişdir. Belə olan halda yuxarıda qeyd olunan normaların həmin şəxsə tətbiq edilib-edilməməsi hallarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdehin yazılı etirazda göstərdiyi əsaslardan biri iddiaçı tərəfindən müraciətin edilməməsidir. Halbuki, məhkəmə icraatı zamanı tələb olunmuş sənədlərdən məlum olmuşdur ki, iddiaçı 16.04.2021-ci il və 04.06.2021-ci il tarixlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron ərizələr ilə müraciət edərək, Nümayəndəliyin rəhbəri X1 (Semikhin Alexey) icbari tibbi sığorta üzrə sığorta haqlarının tutulmasının və buna dair elektron sistemdə müvafiq dəyişikliklərin edilməsini xahiş etmiş, lakin iddiaçının müraciəti üzrə rəsmi cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın mümkün şərtləri tam ödənilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -22-1.4-ci maddəsinə əsasən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 15-21-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1-ci abzasına görə sığorta olunanlar — sığortaçı ilə müqavilə bağlayan və ya qanuna görə sığortalanan fiziki şəxslər (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərdən başqa) və hüquqi şəxslərdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.6-cı maddəsinə əsasən sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs; -1.0.7-ci maddəsinə əsasən sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdi -1-1.2-ci maddəsinə əsasən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. -1-1.3-ci maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. -15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. -15-2.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir. -15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15- 2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Şərh olunan qanunveriliciyin müddəalarından görünür ki, sığorta – sığortalanın və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericilikdə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidi. Tibbi sığorta – sığorta növlərindən biri olmaqla, sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Öz növbəsində tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. Hazırki iddia üzrə mübahisələndirilən məsələ icbari tibbi sığorta əsasında nəzərdə tutulan sığorta haqları ilə bağlı olduğundan, məhkəmə mübahisəsinin ədalətli həlli baxımından X2 sığortaolunan olub-olmamasını müəyyən etməlidir. Bunun müəyyən edilməsi isə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin təhlili əsasında həyata keçirilir. Əvvəla qeyd olunmalıdır ki, sığortaolunan hesab edilməsi üçün qanunvericilik şəxsin aşağıdaki səciyyələnmiş kateqoriyalarına aid olmasını şərtləndirmişdir:

1. Azərbaycan Respublikasının vətəndaşı olmasını;

2. Azərbaycan Respublikasında qaçqın statusu almasını;

3. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hesab edilməsi. Məhkəmə araşdırılması zamanı aidiyyəti üzrə ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, X2 Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etməsi və ya şəxsin adının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin adlı siyahısında olması barədə məlumatlar mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki. X4 Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etmişdir. Göründüyü kimi, X4 sığortaolunan hesab edilməsi üçün yuxarıda göstərilən kateqoriyalardan hər hansı birinə aid edilməmiş, bununla yanaşı o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaş olduğundan, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-2.3-cü maddəsinin tələbləri baxımdan bu Qanunun müddəaları ona münasibətdə tətbiq olunmamalıdır. Göstərilən bu hal ona dəlalət edir ki, X4 sığortaolunan hesab olunmadığından və qanunvericiliyin müddəaları ona münasibətdə tətbiq olunmadığından, onun əmək haqqısından icbari tibbi sığorta haqlarının tutulması qanunaziddir. Bundan başqa məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, cavabdehin etirazının yeganə əsası odur ki, X2 müəssisənin rəhbəri olması və müəssisə ilə bağlanmış əmək müqaviləsi barədə təsdiqedici sənədlərin olmamasıdır. Halbuki, məhkəmə icraatı zamanı bununla bağlı araşdırma aparılmış, X2 Nümayəndəliyinin rəhbəri olmasını təsdiq edən sənədlər toplusu tələb olunmuşdur. Təqdim olunmuş müqavilə (əlavə müqavilə) və əmrin surətindən görünür ki, “Aeroflotrossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyəti tərəfindən X2 Nümayəndəliyinin rəhbəri təyin edilmiş və Saziş əsasında sonuncun iş müddəti 08.06.2018-ci il tarixdən 07.12.2021ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin etirazda göstərdiyi əsas təqdim edilmiş sənədlər əsasında təkzib olunmuşdur ki, bununla da, Nümayəndəliyin rəhbəri olan və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaşı olan X2 əmək haqqısından icbari tibbi sığorta haqlarının tutulmasına yönələcək hər hansı bir hərəkətin edilməsi “Tibbi sığorta haqqında” Qanunun 15-2.3-cü maddəsinin tələbləri əsasında yolverilməzdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, “Aeroflotrossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının vətəndaşı X2 (Semikhin Aleksey) əmək haqqından icbari tibbi sığorta üzrə sığorta haqlarının tutulması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. “Aeroflot-rossiyskiye avialinii” Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının vətəndaşı X2 (Semikhin Aleksey) əmək haqqından icbari tibbi sığorta üzrə sığorta haqlarının tutulması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar