Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7215/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X2 və İddiaçı2 cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “soyadının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini, iddia tələbinin isə “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və övladlarının soyadının “Əsgərli” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar övladının soyadını “Əsgərli”yə dəyişdirilməsini xahiş edirlər və bu halı onunla əsaslandırılar ki, soyadının “Əsgərli” soyadına dəyişdirilməsi onlar üçün mühim rol oynayır. Çünki, həmin soyad iddiaçı X1 atasının adından irəli gəlir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 10 günündə 53 nömrəli qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Əli-zadə Yusif İlqar oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 adı göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçıların yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə Yusif İlqar oğlunun soyadının dəyişdirilməsi barədə müraciətinə baxılmış, Əli-zadə Yusif İlqar oğlunun soyadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası: Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. 26.1- ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 4.1-ci maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci maddəsinə əsasən uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü maddəsinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2-ci maddəsinə əsasən hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Şərh olunan qanunvericiliyin müddəalarına keçməzdən əvvəl, məhkəmə bildirir ki, Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Nəzərə alınmalıdır ki, ailə münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarına görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olduğu göstərilmişdir. Qeyd olunmalıdır ki, 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Əli-zadə Yusif İlqar oğlunun valideyinləri İddiaçı1 və İddiaçı2dır. Nəzərə alınmalıdır ki, İddiaçı1 və onun övladı Əli-zadə Yusif İlqar oğlunun soyadlarının kökü “Əli”-dır, uşağın anasının soyadının kökü isə “İsmayıl”-dır, lakin iddiaçılar azyaşlı uşağların soyadlarının kökükünü “Əsgərli”yə dəyişdirilməsini xahiş edirlər. Halbuki, iddiaçılar hazırki halda övladlarının soyadlarının kök üzrə dəyişdirilməsinə deyil, yalnız sonluğunun dəyişdirilməsini tələb etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, “Əli” və “Əsgər” soyadları kök üzrə fərqləndiyindən, iddiaçıların tələb etdiyi dəyişkliyin aparılması mümkün deyildir. Bundan başqa Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı iddiaçılara həmin sonluğun “-li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Eyni zamanda, məhkəmə uşağın soyadının verilməsi ilə, uşağa soyad verildikdən sonra dəyişikliyin edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş fərqləndirmənin qeyd edilməsini də zəruri hesab edir. Ailə Məcəlləsinin 53.3-cü maddəsinin tələbindən müəyyən edilir ki, Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi maddənin tələbinə əsasən uşağın soyadının valideynlərinin soyadı ilə müəyyən edilməsi ilə bağlı müddəa nəzərdə tutulsa da, bir qayda olaraq formasında ifadənin işlədilməsi onu da deməyə əsas verir ki, uşağa işin hallarından asılı olaraq digər bir soyadın verilməsi mümkün olan haldır. Yəni, uşağa ilkin olaraq soyad veriləcəyi təqdirdə valideynlərin soyadlarından fərqli olan soyadın verilməsi imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur. Lakin verilmiş soyadın sonradan valideynlərdən heç birinə aid olmayan soyadla əvəz edilməsində isə vəziyyət fərqlidir. Belə ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi uşağın adı və soyadının dəyişdirilməsi adlanan 54-cü maddənin (konkret olaraq 54.1-ci maddə) tələbinə əsasən uşağın soyadının dəyişdirilməsi mümkündür. Lakin həmin dəyişiklik müəyyən şərtdən asılı edilmişdir. Həmin şərt isə maddədə “soyadın digər valideynin soyadına dəyişdirilməsi” ifadəsinin işlədilməsi ilə müəyyən edilir ki, soyadın yalnız digər valideynin soyadına dəyişdirilməsi ilə bağlıdır. Başqa sözlə uşağın soyadında dəyişiklik yalnız o halda edilə bilər ki, dəyişlik olunan variantda olacaq olan soyad digər valideynin soyadı olmuş olsun. Bu zaman hər iki valideynin soyadı ilə əlaqəsi olmayan soyaddan istifadə isə istisna olunur. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçılar övladına öz soyadlarından tamamilə fərqli bir soyadın dəyişdirilməsi ilə bağlı müraciət edirlər ki, həmin müraciətin cavabdeh tərəfindən təmin edilməsi maddənin tələblərinin pozulması ilə nəticələnərdi. Belə ki, soyadın verilməsində cavabdehin malik olduğu diskresion səlahiyyətdən fərqli olaraq soyadın dəyişdirilməsinə münasibətdə cavabdehin diskresion səlahiyyəti valideynlərdən birinin soyadı ilə dəyişdirilməyə münasibətdə mövcuddur. Cavabdeh həmin halda tam fərqli bir soyada dəyişiklik edilməsinə münasibətdə müraciəti təmin edə bilməz. Odur ki, iddiaçılar cavabdeh orqanın imtinasının hüquqi əsasının olmamasına istinad edərək imtinanın qanunsuz olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunidir və iddiaçıların Konstitusiya ilə təsbit edilmiş hüququnun məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğundur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7215/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7215/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver