Məhkəmə qərarları › İş №2-1(112)-7215/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7215/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7215/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1028 nömrəli bağ sahəsinin mülkiyyətində olan 14 sot torpaq sahəsinə bitişik 22 ildən cox istifadəsində olan vergisi ödənilən 15 sot torpaq sahəsinə dair onun adına dövlət reyestrindən texniki sənədlərin hazırlanıb və çıxarışın verilməsi vəzifəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1028 nömrəli bağ sahəsinin mülkiyyətində olan 14 sot torpaq sahəsinə bitişik 15 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixdə X4 Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 7 nömrəli kooperativinin 47 nömrəli orderi ilə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsi 1028 nömrəli bağ sahəsi ayrılmışdır. X6 istifadəsində olan ümümi sahəsi 29 sot torpaq sahəsini hər tərəfdən daş hasarla hörərək və torpaq sahəsində ümümi sahəsi 271 kv. metr olan bağ yaşayış evi inşa etmiş və torpaq sahəsində çoxsaylı meyvə ağacları əkməklə bağ evində yaşamışdır. X6 1991-ci il tarixdən 1999-cu il tarixə kimi torpaq sahəsinin və torpaq sahəsi üzərində tikilən bağ evinin, digər köməkçi əmlakların vergisini və kommunal xərclərini dövlət qurumlarına ödəmişdir. xx.xx.1999-cu il tarixdə X6 Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi 1028 saylı bağ evini və hər tərəfdən hasarın daxilində olan torpaq sahəsini X1 074832 nömrəli alqı-satqı müqaviləsi əsasında satmışdır. xx.xx.2002-ci il tarixdə X5 Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi 1028 saylı bağ evinin və hər tərəfi daş hasarla əhatə olunmuş 29 sot torpaq sahəsini notariat kontorunda 21 saylı alqsatqı müqaviləsi əsasında iddiaçıya satmışdır. 29 sot torpaq sahəsinin vergisi 33 ildir ki, torpaqdan istifadə edən vətəndaşlar tərəfindən ödənilmişdir. 29 sot torpaq sahəsinin 33 ilinin vergisindən 22 ili iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş torpaq sahəsinin cizgisi əsasında Bakı şəhər Xəzər rayonunun Mərdəkan Bələdiyyəsinin bank hesabına ödənilmişdir. İddiaçı müxtəlif vaxtlarda 29 sot torpaq sahəsinin 15 sotunun sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 2950 kv.metr təşkil edir. Qeyd olunan ünvanda yerləşən 0,14 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi vahid əmlak olaraq **********15-11301 reyestr nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin qalan 1550.0 kv.metr torpaq sahəsinə dair iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin bağ evinə bitişik 89.1 kv.metr köməkçi sahə və bağ evində 202.7 kv.metr mansard mərtəbə inşa edilmişdir. Torpaq sahəsində əlavə ikimərtəbəli bağ evi və həyət tikililəri inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2005-ci il tarixli 22471 saylı müqaviləyə əsasən Xəzər rayonunun Mərdəkan ərazisində 0,14 ha torpaq sahəsi olan 1028 j nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1028 ünvanda yerləşən 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 271,50 kv.metr olan bağ evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin 29 yanvar 2021-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin iddiaçıya ünvanladığı 29 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1400 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsinə bitişik istifadəsində olan 1500 kv.metr torpaq sahəsi 2006-cı il tarixdən Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır. Ümumilikdə qeydiyyata alınmış 2900 kv.metr torpaq sahəsinə hesablanmış vergini hər il Mərdəkan bələdiyyəsinin büdcəsinə nağdsız qaydada ödəniş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). İşdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,14 ha olan 1028 nömrəli bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin bağ sahəsinə bitişik və 2002-ci ildən faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh inzibati orqan iddiaçının qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin olmadığını əsas gətirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, iddiaçı tərəfindən istifadəsində olan 0,15 ha torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı sənədə əsaslanmamışdır. Həmin tprpaq sahəsi zəbt edilmiş torpaq sahəsi olmaqla iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququ yoxdur. Bu səbəbdən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1028 nömrəli bağ sahəsinin mülkiyyətində olan 14 sot torpaq sahəsinə bitişik 15 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1028 nömrəli bağ sahəsinin mülkiyyətində olan 14 sot torpaq sahəsinə bitişik 15 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar