Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7217/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 may 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1473 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 4-cü döngə, 11 saylı evdə yaşayan İddiaçı, yaşadığı evin həyətində 12,0 x 10,0 metr ölçüdə yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin evə dair X1 tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqların Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş “fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirməsinə” dair Heasbata əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2181/2008 nömrəli, 08 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 2də yerləşən 11 saylı evə İddiaçı yaşayış hüququnun tanınması və onun pasport qeydiyyatına alınması qət edilmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1473 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş və tikilmiş, ünvan 2 ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması, həmin evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1473 nömrəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ünvan 2, 11 saylı evdə yaşayan İddiaçı, yaşadığı evin həyətində 12,0 x 10,0 metr ölçüdə yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin evin sxemi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Həmçinin evə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 30/166 nömrəli fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Bundan başqa “Əmlak” Layihə Smeta Bürosu tərəfindən 2021-ci ildə ünvan 2də yerləşən 11 saylı evin layihəsi tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1473 nömrəli sərəncamı imzalandıqdan sonra İddiaçı tərəfindən həmin ünvanda yeni yaşayış evi tikilmiş və həmin vaxtdan İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında cuzi perimetrik ölçü fərqi var. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000ci il tarixli, 1473 nömrəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə iddiaçıya yaşadığı evin həyətində 12,0 x 10,0 metr ölçüdə yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin evin sxemi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Həmçinin evə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 30/166 nömrəli fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması, həmin evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edir və bildirir ki, evə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtnası əsassız olmaqla iddia tələbi əsaslıdır. məhkəmə ilk növbədə imtinanın dəlili ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi Sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilən və “Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 4-cü döngə, 11 saylı evdə yaşayan vət. İddiaçı özünə məxsus həyətində yeni yaşayış evinin tikintisinə icazə verilməsi barərə” adlanan Sərəncamın məzmununda qeyd edilmişdir ki, “Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 4-cü küçə, 11 saylı evdə yaşayan İddiaçı, ərizə ilə rayon icra hakimiyyətinə müraciət edərək mənzil şəraiti darısqal olduğunu nəzərə alaraq özünə məxsus evin həyətinfə 12,0x10,0 metr ölçüdə yeni yaşayış evinin tikilməsinə icazə verilməsini xahiş etmiş və İcra Hakimiyyəti tərəfindən həmin tikintinin aparılması icazə verilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən inzibati aktın məqsədi iddiaçıya məxsus torpsq sahəsində və fərdi yaşayış evində əlavə tikilinin aparılmasınba razılı verilməsi ilə bağlıdır. Həmin Sərəncamən məzmunundan göründüyü kimi, həmin dövrün torpaq ayırmağa səlahiyyəti olan qurum tərəfindən iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya məxsus olması tanınmış, eyni zamanda iddiaçı tərəfindən iddiaçıya həmin torpaq sahəsində əlavə tikililərin aparılmasına icazə verilmişdir. İddiaçı təqdi etdiyi həmin Sərəncam inzibati aktdır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə qeyd edir ki, inzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir (Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). İddiaçının təqdim etdiyi Sərəncam (inzibati akt) forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından fərdi yaşayış evinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Belə ki, həmin Sərəncamın qəbul edilməsində məqsəd, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə əlavə tikililərin aparılması razılıq verilməsi məqsədini daşıyır. Eyni zamadan həmin Sərəncamın məzmununa əsasən torpaqayırma səlahiyyətli olan qurum tərəfindən iddiaçının istifadəsinə olan torpaq sahəsinin iddiaçıya məxsusluğu tanınmış, əlavə tikililərin aparılması icazə verilmişdir. Belə olan halda, məzmunun formadan üstünlüyü prinsipi baxımından həmin Sərəncam torpaq sahəsinə və fərdi yaşayış evinə dair Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından fərdi yaşayış evinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Həmçinin həmin inzibati akt icra edilərək həmin dövrün səlahiyyətli qurumu olan X1 tərəfindən evə dair texniki pasport tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1473 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş və tikilmiş, ünvan 2 ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması, həmin evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7217/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7217/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver