Məhkəmə qərarları › İş №2-1(112)-7218/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7218/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7218/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 31 mart 1993-cü il tarixindən 31 yanvar 1997-ci il tarixinə qədər olan 3 il 10 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər, yəni 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunduğu üçün ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona, yəni İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hərbi biletinin surətindən və Müdafiə Nazirliyinin arxiv sənədlərindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında, yəni 31 mart 1993cü il tarixində 18 yaşı tamam olan kimi Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Məhz həmin məqsədlə çağırış məntəqəsində də bildirmişdir ki, o, cəbhə bölgəsində döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmək istəyir. Ona görə də öz arsuzu ilə onu Yaşma qəsəbəsində olan Xüsusi Təynatlı kəşfiyyat hərbi hisəsinə göndərmişdirlər. Yaşma qəsəbəsində ilk döyüş hazırlıqlarını keçib 14 may 1993-cü il tarixində hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Şəmkir rayonunda olan Seyfəlli dövüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissə tərəfindən N iyul 1993-cü il tarixli 35 №li başqa bir əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün digər hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra digər hərbi hissəyə keçirilmişdir. Hərbi biletinin 4cü səhifəsində aparılan qeydlərə əsasən xx.xx.1993- cü il tarixində Müdafiə Nazirliyinin hərbi hissə komandiri tərəfindən verilən 133 saylı əmri ilə şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.1994-cü il tarixində hərbi hissə komandiri tərəfindən verilən N saylı əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarlılmışdır. xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinə qədər hərbi biletində xidməti barəsində məlumat olmasa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N may 1995-ci il tarixli 1 №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün 470, 475, N və N saylı hərbi hissələrdən xeyli sayda hərbi qulluqçuların yeni yaradılmış N saylı hərbi hissəyə göndərilinəsi barəsində əmrdə onun adı 58-ci şəxs kimi qeyd olunaraq göstərilmişdir ki, o, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi biletinin 3cü səhifəsində göstərilmişdir ki, 31 yanvar 1997-ci il tarixində Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 3 №li əmrinə əsasən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığına göndərilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavadeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1721/2024 №-li yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavadeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 2021-ci il tarixli arayışına əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olduğundan, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; HZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 31 mart 1993-cü il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 31 yanvar 1997-ci il tarixdə hərbi xidmətdən təxris olunaraq, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 32 №-li əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, İddiaçı Seyfəlli ərazisində döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş hesab olunmuşdur (Qeyd: əmrdə atasının adı göstərilməmişdir və əmr olduğu kimi köçürülmüşdür.). N saylı hərbi hissə komandirinin “N saylı hərbi hissədən şəxsi heyətin sonrakı xidmət üçün N saylı hərbi hissəyə keçirilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 35 №-li əmrinin surətindən müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissəyə keçirilmişdir (Qeyd: əmr olduğu kimi köçürülmüşdür.). N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 1 №-li əmrindən çıxarışda (surəti) göstərilmişdir ki, 1995-ci il tarixdən 470, 475, N və N saylı hərbi hissələrdən növbəti həqiqi hərbi xidmətlərini davam etdirmək üçün gəlmiş aşağıdakı hərbi qulluqçılar bölmənin, şəxsi heyətinin bütün növ təminatlara daxil edilmiş və aşağıdakı vəzilərə təyin edilmişlər:

58. sıravi İddiaçı – İİİ kəşfiyyat bölüyünün sürücüsü. Əsas: Azərbaycan Silahlı Qüvvələrin Milli Baş Qərargahının əmri. Respublika. xx.xx.1995-ci il tarixli, № 3/4 – N (Qeyd: Əmrdə hərbi hissənin adı “Milabad” yox, “İlabad” göstərilmişdir və əmr olduğu kimi köçürülmüşdür.). N №-li hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.1996-cı il tarixli, 193 №-li arayışda (surəti) qeyd olunmuşdur ki, o, döyüş bölgəsində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli. 367-17704 4İ-3222 №-li arayışında göstərilmişdir ki, AR Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlara əsasən xx xxxx 1975-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8373 saylı məktubunda qeyd olunmuşdur ki; - Səbail RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3 №-li əmrilə (əsas: §-2, sıra-330, səh-47) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək təsərrüfat tağımının avtomobil manqasında sürücü-yanacaqdolduran vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrində (əsas: §-1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 36 №-li əmrində (əsas: §-1, sıra-65, səh-28) xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, Sabail RHK-nın çağırışçısı İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin iyul 1993-cu il tarixdən may 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 1 №-li əmrində (əsas: §-4, sıra-58, səh-3) həqiqi xidmətlərini davam etdirmək üçün 470, 475, 476, N №-!i hərbi hissələrdən gəlmiş və xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, kəşfiyyat bölüyündə bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 2/2-1045, № 2/2-1048, № 2/2-1079 cavab məktublarında qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8682 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissədə xidməti barədə məlumatlar var, lakin N nömrəli hərbi hissə komandirinin iyuldekabr 1993-cü, yanvar-dekabr 1994-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumat aşkar olunmadığına, N nömrəli hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyinə, həmçinin 799, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

Tətbiq edilən hüquq.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

… “Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilərBundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İddiaçının müraciətindən imtinanın əsası kimi cavabdeh inzibati orqan tərəfindən Arxiv arayışına əsasən iddiaçının N və N nömrəli hərbi hissədə xidməti barədə məlumatların olması, lakin N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumatın aşkar olunmadığ, N nömrəli hərbi hissədə hərbi xidmətinin Atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyi, həmçinin 799, N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması qeyd olunmuşdur. Lakin məhz istinad olunan Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrinə (əsas: §-1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 36 №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, onun adı qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, N №-li hərbi hissə komandirinin iyul 1993cu il tarixdən may 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd olunan Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, qeyd olunan dövrdən sonra verilmiş N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli əmrinə əsasən həqiqi xidmətlərini davam etdirmək üçün 470, 475, 476, N №-li hərbi hissələrdən gəlmiş və xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, kəşfiyyat bölüyündə bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında İddiaçı adı da qeyd edilmişdir. Bu mövqeydən çıxış edərək məhkəmə ona diqqət etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışında qeyd edilmiş məlumatlara əsasən cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini etiraf edir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 №li 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının xidmət ediyi hərbi hissələrin və sonuncunun xidmət etdiyi hərbi hissələrin tabeliyində döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilir. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-!i hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Bu mövqeydən çıxış edərək, məhkəməyə qeyd edir ki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Beləliklə, cavabdeh iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın imtinası formal tələblərə əsaslanır. Cavabdeh inzibati orqanın iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsindən imtina olunaraq istinad etdiyi hallardan biri də iddiaçının N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olmasıdır. Yuxarıda istinad olunan qanunvericilik aktların da müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında, 1994-cü il 12 may tarixindən sonra isə döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8373 saylı arxiv arayışından müəyyən olunur ki, iddiaçı ilk dəfə xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyə başlamış və təxris olunduğu xx.xx.1997-ci il tarixə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Sadəcə iddiaçı atəşkəs elan olunduğu 1994-cü il 12 may tarixindən sonra təxris olunmuşdur və sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktı öz hüquqi nəticəsini saxlayır. Belə ki, prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti, iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar