Məhkəmə qərarları › İş №2-1(112)-722/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-722/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-722/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 179 saylı bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində üzvlük kitabçası, həmçinin bağçılıq yoldaşlığın yenilənmiş siyahısı mövcuddur. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Neftçi” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və protokoldan çıxarışda qeyd olunan X3 adı aşkar olunmamışdır. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlana və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tampontaj və Layların Neft verilməsinin və artırılması İdarəsinin nəznində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoldan çıxarışdan görünür ki, həmin iclasda 179 saylı sahəsi 1200 kv.m olan bağ sahibi X7, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Bağçılıq Yoldaşlıq üzvlüyündən azad edilməsi, həmin ərazidə olan 179 saylı torpaq sahəsinin cəmiyyətinin üzvü İddiaçı verilməsi qərara alınmışdır. Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısında İddiaçı adı göstərilmişdir. Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 15 mart 1994-cü il tarixdə Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, Tampontaj və Layların Neft verilməsinin və artırılması İdarəsinin nəznində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoluna əsasən ona 179 saylı torpaq sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1342 №-li Sərəncamı ilə bağçılıq yoldaşlıq üzvlərinin istifadələrindəki bağ evlərinin və tikililərinin onların xüsusi mülkiyyətlərinə verilməsi Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısı 13 sentyabr 1986-cı il tarixdə tərtib olunmuş, həmin Siyahıda cəmiyyətin 40 üzvünün adları göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X3 adının aşkar olunmaması;

2. Bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşməsi, hasarlanma və mərzçəkmə işlərinin aparılmamasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə bəhs edilən qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına birgə qiymət verərək, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığı qənaətindədir. Belə ki, cavabdehin istinad etdiyi dəlilin əsası ondan ibarətdir ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında nə iddiaçının, nə də ki bağ sahəsinin ilkin sahibinin X3 adı aşkar olunmamışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının 40 nəfərdən ibarət ilkin siyahısında olmamışdır. Lakin daha sonra “Neftçi” bağçılıq yoldaşlıq cəmiyyətinin idarə heyətinin 03 saylı, xx.xx.1994-cü il tarixli protokol qərarı ilə mübahisəli bağ sahəsi iddiaçıya verilmişdir. Həmin qərarda da bu məsələ ilə bağlı aşkar şəkildə göstərilmişdir ki, 179 saylı bağ sahəsi ilə bağlı heç bir abadlıq işləri aparılmadığından, bağın ilkin sahibi üzvlükdən azad edilmiş və həmin boş saxlanılmış bağ iddiaçıya verilmişdir. Bununla da, iddiaçı faktiki olaraq bağçılıq yoldaşlığının siyahısına sonradan daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanının arxivində saxlanılan bağçılıq yoldaşlığının siyahısında iddiaçının və ya bağ sahəsinin ilkin sahibinin adının göstərilməməsi, onun bağçılıq yoldaşlığın üzvü olmadığına dəlalət etmir. Belə ki, məhkəmə araşdırılması zamanı Tompanaj və LNA-nın İdarəsinin “Neftçi” Bağçılıq Yoldaşlığına aid torpaq sahələrinin ətrafında yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olan sənədlər toplusundan görünür ki, iddiaçının təqdim etdiyi bağçılıq yodaşlığının siyahısında (İdarənin arxivində saxlanılmayan) adları qeyd edilən X2 adına həmin bağçılığın Zirə ərazisində yerləşən 196 saylı (0,10 ha) bağ sahəsi, Nümayəndə adına 187 saylı (0,12 ha) bağ sahəsi, X4 adına 195 saylı (0,10 ha) bağ sahəsi ilkin qeydiyyata alınmışdır. Həmin şəxslərin adına olan çıxarışların verilməsinə əsas olan sənəndlər isə məhz protokoldan çıxarış və üzvlük kitabçası təşkil edir. Məhkəmə həmin şəxslərdən biri olan X2 həmin bağçılığın Zirə ərazisində yerləşən 196 saylı (0,10 ha) bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınmasına əsas olan sənədlərə baxış keçirmiş və müəyyən etmişdir ki, hazırki iddiada olduğu kimi 196 saylı bağ sahəsinin ilkin sahibi üzvlükdən azad edilmiş, X5 üzvlüyə qəbul edilmiş və həmin bağ sahəsi ona ayrılmışdır. Bundan sonra adı çəkilən şəxsə müvafiq üzvlük kitabçası verilmişdir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh inzibati orqan həmin şəxsin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alsa da, İdarənin arxivində saxlanılan siyahıda nə X2, nə də ki onun mülkiyyətçi olduğu bağ sahəsinin ilkin sahibinin adı X6 adı göstərilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan X2 bağ sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alarkən adı çəkilən şəxsin və həmin bağ sahəsinin ilkin sahibinin adının İdarənin arxivində saxlanılan siyahıda olmadığını, lakin Tompanaj və LNA-nın İdarəsinin “Neftçi” Bağçılıq Yoldaşlığının yenilənmiş siyahıda olmasını nəzərə almışdır. Baxmayaraq ki, hazırki işin faktiki halları eynidir və iddiaçı Pənahlıyev X1 Günay Ağa qızı ilə oxşar sənədlərə malikdir, cavabdeh inzibati orqan hazırki iş üzrə fərqli mövqeyi nümayiş etdirmiş və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının və hal-hazırda iddiaçının istifadəsində olan bağ sahəsinin ilkin sahibinin adlarının “Neftçi” bağçılıq yoldaşlığının 1986-ci il tarixdə tərtib edilmiş ilk siyahısında olmaması onu təsdiq edir ki, bağçılıq yoldaşlığa yeni üzvlər qəbul edilmiş, daha sonra üzvlərin yeni siyahısı tərtib edilməmiş, lakin arxivdəki qovluğa əlavə edilməmişdir. “Neftçi” bağçılıq yoldaşlığının üzvlərinin yenilənmiş siyahısında adları çəkilən bəzi şəxslərin (ilkin siyahıda qeyd olunmadığı halda) bağ sahələri üzərində mülkiyyət hüquqları qeydə alındığından, həmin Siyahı mötəbər hesab olunmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının bağşılıq yoldaşlığının yenilənmiş siyahısında adı üzv kimi göstərilmiş, bağ sahəsinin ona ayrılmasını təsdiq edən protokoldan çıxarış mövcud olmuşdur ki, həmin sənəd əsasında iddiaçıya bağçılıq yoldaşlığının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş üzvlük kitabçası verilmiş, bununla da iddiaçının bağ sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin üzvlərin siyahısında adın olmamasına münasibətdə də hüquqi mövqeyi vətəndaşın xeyrinə olmuşdur. Belə ki, Ali Məhkəmənin 2-1(102)-726/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi barədə imtina əsası qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Ali Məhkəmənin 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, həmçinin Ali Məhkəmə 2-1(102)-321/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərarında da müəyyən qədər işin halları olsa da oxşar mövqedən çıxış etmişdir. Məhkəmə kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi hal formal xarakter daşıyır və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibətdə qeyd edir ki, həmin hal iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh inzibati orqan iddiaçının istifadəsində olan bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyini, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığını bildirir. Bununla bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmamasını təsdiq edən dəlil təqdim olunmamışdır. Hətta belə bir hal olsa belə, iddiaçının istifadəsində olan bağ sahəsinin hər hansı fiziki şəsin mülkiyyətində və ya istifadəsində olan bağ sahəsi ilə üst-üstə düşmə halı (cavabdeh tərəfindən mübahisələndirilmir) müəyyən olunmadığından, eyni zamanda bu fəaliyyət sferası üzrə mərzçəkmə işlərinin aparılması, sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə aid olduğundan, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsinə əsas vermir. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçının “Neftçi” bağçılıq yoldaşlığının üzvü olduğunun və ona həmin təsərrüfat tərəfindən verilmiş üzvlük kitabçasının mötəbərliyinin mübahisələndirilmədiyini, 1994-cü ildən sahiblik və istifadə etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etməyə iddiaçının qanundan («Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələri) irəli gələn “qanuni gözlənti”si olduğunu, 15 ildən artıq müddət ərzində bağ sahəsi üzərində iddiaçının hüquqlarına dövlət tərəfindən hər hansı müdaxilə edilmədiyindən bu hüquqların tanındığını,“Neftçi” bağçılıq-yoldaşlığı hal-hazırda fəaliyyət göstərmədiyindən iddiaçının onun adı olan üzvlərin yeni siyahısının təqdim edilməsi ilə bağlı müraciət etmək imkanı olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olmuşdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin bağ sahəsinə münasibətdə plan-ölçü sənədinin verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994-cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar