Məhkəmə qərarları › İş №2-1(112)-7222/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7222/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7222/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı «dəfn pulunun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı «dəfn pulunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, əri X4 14 mart 2021-ci il tarixdə 67 yaşında vəfat etmişdir. Mərhum 2006-cı ildən pensiya alırdı. 2017-ci ildə “insult” keçirmişdir, ölən günədək yataq xəstəsi kimi daim kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. 2-ci qrup əlil olmaqla aylıq 260 manat pensiya almışdır. Onun vəfatından sonra iddiaçı dəfn pulunun verilməsi üçün DSMF Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin DSMF Maliyyə və X1 imtina cavabı verilmişdir. Həmin imtinada pensiya hüququnun olmaması qanunsuz və əsassız olaraq göstərilmişdir. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında kişilər üçün pensiya yaşı 65-dir. X8 vəfat etdiyi vaxt 67 yaşı, yəni pensiya almaq hüququ olmuşdur. Mərhum 25 may 1954-cü ildə doğulmuşdir. Ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı mərhumun şəxsiyyət vəsiqəsi Zaqatala rayon Qeydiyyat şöbəsində iddiaçıdan alınmışdır. Hal-hazırda həmin sənəd qeydiyyat şöbəsindədir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 60-cı maddələrinə, İPM-in 8, 35, 38.1, 45, 68, 73-cü maddələrinə əsaslanaraq, iddiaçıya ərinin vəfatı ilə əlaqədar dəfn pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahş olunur. Cavabdeh tərəfin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı cavabdehə ərizə ilə müraciət edərək dəfn üçün nəzərdən tutulmuş birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul olunmuşdur. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Buna əsasən, İPM-in 1.2, 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim edilir. Belə ki, dəfn üçün müavinət – ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. «Sosial müvainətlər haqqında» AR Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Həmin Qanunun 10-1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Bu Qanunun 7.0.13-cü maddəsinə dəfn üçün müavinət bu Qanunun 4.0.1.1 – 4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, «İşsizlikdən sığorta haqqında» AR Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Qanunun 4.0.1.1 – 4.0.1,5-ci maddələrində nəzərdə tutulan müavinətlər isə aşağıdakılardır: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət. «Əmək pensiyaları haqqında» AR Qanununun 42-ci maddəsində qeyd olunur ki, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 189 nömrəli qərarında qeyd olunur ki, sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. İnzibati icraat materiallarından məlum olur ki, İddiaçı mərhum əri X4 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. X9 2006-cı ildən müddətli əlillik təyin olunmuşdur. Sonuncu dəfə 29 yanvar 2016-cı il tarixdə 5 il müddətinə İİ qrup əlillik təyin olunmuş və bununla bağlı ona əmək pensiyası ödənilmişdir. 29 yanvar 2021-ci ildə X8 əlillik təyinatının müddəti başa çatmışdır. Beləliklə X10 vəfat etdiyi tarixdə əmək pensiyaçısı deyildi. Göründüyü kimi, İddiaçı dəfn pulu ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etirazda göstərlənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Sosial müavinətlər haqqında» AR Qanununun (Qanunun 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə bu Qanunla aşağıdakı aylıq müqavinətlər təyin edilir: (4.0.1.1) dövlət qulluqçularına ömürlük müavinət, (4.0.1.2) yaşa görə müavinət; (4.0.1.3) 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, (4.0.1.4) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, (4.0.1.5) ailə başçısını itirməyə görə müavinət. Həmin Qanunun bu Qanunla aşağıdakı birdəfəlik müavinətlər təyin edilir: (4.0.2.1) radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, (4.0.2.2) uşağın anadan olmasına görə müavinət, (4.0.2.3) dəfn üçün müavinət. Həmin Qanunun 7-ci maddəsinə görə dəfn üçün müavinət bu Qanunun 4.0.1.1 – 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırılması ilə iddiaçının mərhum əri X3 2006-cı ildə müddətli əlilliyin təyin edildiyi, sonuncu dəfə ona 2-ci qrup əlillik təyinatının 29 yanvar 2016-cı il tarixə təsadüf etdiyi və 5 il müddətinə verilmiş həmin əlilliyin 29 yanvar 2021-ci il tarixdə başa çatdığı müəyyən edilir. X10 işsizlikdən sığorta ödənişi alan şəxs də sayılmır. Odur ki, mərhum X4 14 mart 2021-ci il tarixdə vəfat etdiyi tarixdə əmək pensiyaçısı olmadığından, hazırkı İddiaçı onun ailə üzvü (arvadı) kimi dəfn üçün müavinət verilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya mərhum ərinin vəfatı ilə əlaqədar dəfn pulunun verilməsindən cavabdehin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı «dəfn pulunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı «dəfn pulunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar