Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7222/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı “qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanından keçmiş gəlini, xx.xx.1982-ci il təvəllüdlü X1 qeydiyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan və rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanından keçmiş gəlini X1 qeydiyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə məhkəmə qərarı olmadan vətəndaşı qeydiyyatdan çıxarmaq səlahiyyəti olmadığını əsas götürərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X1 həmin iş üzrə cavabdeh İddiaçı qarşı övladı ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X1 apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq X1 “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi şəxsin qeydiyyatdan çıxarılma barədə işlərə baxarkən müəyyən edilməli hallardan biri də üçüncü şəxsin mənzildən istifadə hüququnun mövcud olubolmamasının araşdırılmasıdır. Hazırkı işin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1-in mülkiyyətçisi, üçüncü şəxs X2 isə onun keçmiş gəlinidir. Üçüncü şəxs iddiaçının oğlu ilə 2004-cü ildə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş və 2022-ci il tarixədək həmin mənzildə yaşamışdır. Nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda üçüncü şəxsin İddiaçı qarşı qeyd olunan mənzilə köçürülməsi tələbinə dair mülki məhkəmə icraatı qaydasında baxılan mübahisə mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə üçüncü şəxsin sözügedən mənzildən istifadə hüququnun yarandığı müəyyən edilərək onun həmin mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermiş və iş hazırda Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi, üçüncü şəxsin mənzildən istifadə hüququnun yaranıb yaranmaması və onun mübahisəli mənzilə köçürülməsi məsələsi hazırda məhkəmə mübahisəsinin predmetidir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verildiyinə dair məlumat olmadığından iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarından çıxış edərək cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəliyin qoyulmasını tələb edə bilməz. İddiaçıya məxsus mənzilə dair üçüncü şəxsin istifadə hüquqlarının mövcud olub-olmamasının, onun həmin yaşayış sahəsindən çıxarılmalı olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsi isə inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alınaraq cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə iddia tələbi hazırkı şərtlər altında təmin edilə bilməz. Odur ki, məhkəmə yuxarıda sadalananları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən üçüncü şəxsə münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, o cümlədən üçüncü şəxsin mənzildən istifadə hüququna xitam verilməsinə dair (və ya onun istifadə hüququnun mövcud olmaması müəyyən edilməklə digər müvafiq nəticəyə dair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə bağlı sübut təqdim edilmədiyindən, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin iddiaçının müraciəti üzrə həmin şəxsi iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarmaması qanunazidd olmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7222/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7222/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver