Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7223/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı “barəsində tətbiq edilmiş “qaçmağa meyilli məhkumdur” aktının mübahisələndirilməsi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “qaçmağa meyilli” qərarının tələb edilməsi, həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi və həmin qərarın ləğv edilməsi, cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübut edilməsi, cavabdehin həmin qərarı onunla tanış etmədiyi üçün onun xeyrinə 5000 min manat maddi təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkü hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Məsimov iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı iddia irəli surərək barəsində tərtib edilmiş “qaçmağa meyilli məhkumdur” aktının ləğv edilməsini, həmin aktla onun tanış edilməməsi nəticəsində maddi ziyanın tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin məzmunundan və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, sözügedən akt xx.xx.2019-cu il tarixlidir, iddiaçı tələbinin sonluğunda texniki yalnışlığa yol verərək “xx.xx.2019-cu il” tarixli olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan kimi müəyyən olunmamışdır. Bundan başqa Məhkəmə qeyd etmək istəyir ki, iddia ərizəsində göstərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev inzibati orqan kimi qəbul edilsə belə, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı “qaçmağa meyilli məhkumdur” odur ki, məhkum İddiaçı qanunazidd hərəkətlərinin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə davranışlarının nəzarət altında saxlanılması məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, bu akt inzibati akt heab edilə bilməz. Belə ki, həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə iddiaçıya ünvanlanmaqla, iddiaçının qanunazidd hərəkətlərinin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə davranışlarını nəzarət altında saxlanılmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, həmin akt inzibati akt olsa belə iddiaçı onu mübahisələndirmək üçün qanunvericilikdə qeyd edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bundan əlavə, iddiaçı həmin aktla tanış edilmədiyi üçün dəymiş 5000 manat maddi ziyanı tələb edir. Lakin iddiaçı bu tələblə cavabdeh orqana müraciət etməsinə dair sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətlər (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.“ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayevə qarşı “barəsində tətbiq edilmiş xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7223/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7223/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver