Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7225/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya aid xx.xx.2013-cü il tarixli 24 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Hər iki bud sümüklərinin orta 3/1-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması ilə” travmasının səbəb əlaqəsi “Travma DİOda xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. İddiaçıya “Hər iki bud sümüyü orta sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezden sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açığı. Sağ diz oynağının bükücü konstrakturası. Sol aşağı 3 sm qısalığı” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2014-cü tarixdən “Hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı. Sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol aşağı 3 sm qısalığı” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra eyni diaqnoz və eyni səbəb əsasında xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə TSEK-in xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin imtiasını məhkəmədə mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-227/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1900/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 1(112)-227/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/2024 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarı icra edilərək cavabdehin xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarı qanunsuz hesab edərək, ləğv edilməsi və ona müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, inzibatı iş üzrə bütün məhkəmə instansiyaları tərəfindən tam, hərtəfli və obyektik araşdırma aparılmış və ekspertiza təyin edilmiş, yenidən müayinələr keçirilərək müvafiq arayışlar alınmışdır. Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə İnstitutda komissiya tərəfindən müəyinə olynmuşdur. Diaqnoz: Hər iki bud sümüyünün orta 1/3-nin kobud döyənəkli yerdəyişən bitişmiş sınığı. Hər iki bud sümüyünün postravmatik qövsvari Varus deformasiyası. Hər iki diz oynağının postravmatik İİİ-İV mərhələ deformasiyaedici artrozu. Hər iki oynağın kəskin kontrakturası (bükmə- 110°, açma- 150°). Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı. Sol aşıq- daban oynağının ankilozu. Hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının İİİ-İV mərhələ deformasiya edici arttrozu. Hər iki aşıq- baldır oynağının kəskin kontrakturası (bükmə-100°, açma- 85°). Hər iki aşağı ətrafın funksiya pozğunluğu.Yerişin pozulması. Axşama. Dayaq-hərəkət funksiyasının pozulması. Ağrı sindromu. S72.3; М21.8; S92.1; M26.7; M24.5; M84.0; S92.0; M17.; M84.1; M19; R26.0; R26.2; R26.8. Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X3də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873- 2023 saylı, xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyridüzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə-ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası 111- İV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü ildə qərardada uyğun olaraq İddiaçı sağlamlıq vəziyyətinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3inin tərtib etdiyi T 223/2023 saylı ekspert rəyində İddiaçı əililik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozların onun barəsində xx.xx.2022-ci il tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komisiyya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozarla eynilik təşkil edilməsi, yəni onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Göründüyü kimi ona xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuş, həmin dövrdə alınmış olduğu xəsarətlər, səhhətində olan problemlərdə heç bir dəyişiklik olmamış, almış olduğu xəsarətlər travmatik, ömürlük və sağalmaz, müalicə və müayinələrlə aradan qaldırılması mümkün olmayan xəsarətlər olduğundan ona təyin edilmiş diaqnozda müsbət dəyişiklik olmamış, əksinə dahada ağırlaşmışdır. Qeyd olunan hal həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiya məhkəməsi, həm də ali məhkəmənin qərarlarında öz əksini tapmışdır. Birinci İnstansiya Məhkəməsinin gəldiyi nəticəyə görə “sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda da (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır” (Səh 13. Qeyd olunan hal Apellyasiya və Ali məhkəmənin qərarlarında öz əksini tapmış məhkəmə qərarının əsaslandırma hissəsində almış olduğu xəsarətlərin sağalmaz, ömürlük olduğunu qəbul etmişdir. xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlilliyin ona təyin edilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının qəbul edilməsi tarixinə, yəni xx.xx.2024-cü il tarixinə kimi davam etməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh orqan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmiş halları və qanunvericiliyin tələblərini heçə sayaraq, ona müddətsiz, yəni ömürlük əlillik təyin etməli olduğu halda, heç bir əsas olmadan müddətli, 5 il müddətinə əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş etmiş, növbəti müayinənin tarixini xx.xx.2026-ci il müəyyənləşdirmişdir. Məhkəmə qərarlarından görünür ki, 2021-cü il tarixində etmiş olduğum müraciət 3 ildən sonra 2024-cü il tarixində Ali Məhkəmənin qərarının qəbul edilməsi ilə sonlandırılmışdır. Cavabdeh orqanın qeyd olunan hərəkətləri mənəvi sarsıntı və iztirablar çəkməyinə, sağalmaq əvəzinə səhhətinin daha da pisləşməsinə səbəb olmuş və olacaqdır. 2013-cü il tarixində ona 2-ci qrup əlillik təyin edilsə də, əslində işin mübahisəsiz halı olaraq, sənədlədən görünür ki, həmin xəsarətləri 2011-ci il tarixində keçirmiş olduğu yol nəqliyyat hadisəsi zamanı almış və həmin xəsarətlərin fəsadları daha da ağırlaşmış və 2011-ci il tarixindən 2025-ci il tarixinə kimi həmin xəsarətlərdən əziyyət çəkir, almış olduğu xəsarətlər müddətsiz olaraq, 10 ildən artıq davam etdiyi halda ona müddətsiz əlillik təyin edilməli idi. Bu səbəbdən cavabdeh orqanın ona müddətli əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməli və ona müddətsiz, ömürlük əlillik təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı ona əlillik təyin edilməsi barədə qərarda əlilliyin müddətsiz təyin edilməsini tələbini irəli sürür ki, bu inzibati aktın dəyişdirilməsi ilə bağlı mübahisələndirmə haqqında iddiadır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmək üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əlilliyin təyinatı ilə bağlı qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İPM-də həmçinin inzibati aktın elan edilməsi ilə müddətin axımının başlanması nəzərdə tutulsa da, məhkəmə qeyd edir ki, məhz hazırkı iddiada müddətin axımının başlanması üçün inzibati aktın elan edilməsi deyil, təqdim edilməsi anı nəzərə alınmalıdır. Çünki şəxsə əlillik təyinatı ilə bağlı ona əlilliyə görə pensiya ödənişləri aldığı andan əlillik təyin edilməsi barədə məlumatlı olsa da, ona təyin edilən əlilliyin müddətli, yaxud müddətsiz olmasını yalnız əlilliyin təyin edilməsinə dair qərarın şəxsə yazılı inzibati akt fomasında təqdim edilməsindən sonra bilməsi mümkündür. Hazırkı işdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı sübut olmadığına görə, məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya ilk dəfə xx.xx.2013-cü ildə 1 il müddətinə, növbəti dəfə xx.xx.2014-cü il tarixdə təkrar olaraq 1 il müddətinə, daha sonra xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində cavabdeh tərəfindən iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmiş, iddiaçı cavabdehin həmin imtinasını məhkəmədə mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-227/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, iddiaçıya 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1900/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/2024 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarı icra edilərək cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş qərarla, iddiaçıya xx.xx.2021-ci il tarixdən 5 il müddətində (xx.xx.2026-cı ilədək) əlillik təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin müddətsiz təyin edilməsinə yönəlmişdir. İddiaçı hesab edir ki, əlilliyi 10 il fasiləsiz davam etdiyindən ona müddəlti yox, müddətsiz əlillik təyin edilməli idi. Məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik ilk dəfə 2013-cü ildə təyin edilmiş, sonuncu dəfə onun əlilliyi məhkəmə qərarına əsasən xx.xx.2021-ci il tarixindən təyin edilmişdir. İddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün ona növbəti dəfə əlillik təyinatı aparılarkən əlilliyin fasiləsiz olaraq 10 davam etməsi şərti ödənilməlidir. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il tarixli icmal məktubunda qeyd edilmişdir ki:
68. Eyni zamanda, əlilliyin digər bir göstəricisi orqanizmin funksiyalarının pozulması müddəti ilə bağlıdır. Məlumdur ki, əlillik müddətli və müddətsiz olmaqla müəyyən edilir.
69. Ağır formalı və ağır gedişatlı, sağalmaz və geridönməz mərhələdə olan, orqanizmin pozulmuş funksiyalarının bərpası və kompensasiyası bərpası mümkün olmayan xəstəliklərdə, o cümlədən anatomik çatışmazlıqlarda xəstəliyin spesifikası əlilliyin müddətsiz müəyyən edilməsini labüd edir ki, həmin xəstəlik, zədə və çatışmazlıqlar “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədəki cədvəldə dəqiqliklə sadalanmışdır.
70. Müddətli əlillik isə xəstəliyin, zədə və çatışmazlığın ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir ki, sözügedən Əlavədə sadalanan faktorlara uyğun olaraq bu müddətlər 1 il, 2 il və 5 il olmaqla müəyyənləşdirilmişdir.
71. Xəstəliyin spesifikası əlilliyin müddətli müəyyən edilməsinə əsas versə belə, aşağıdakı əsaslardan birinin mövcudluğu halında əlillik müddətsiz müəyyən edilir: - əlillik Çernobıl qəzası nəticəsində əmələ gəldikdə; - əlilliyin dərəcəsindən (orqanizmin funksiyalarının pozulması faizindən) asılı olaraq fasiləsiz (ardıcıl) əlillik müəyyən edildikdə; - əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda.
72. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
73. Ümumiləşdirmə ilə müəyyən edilmişdir ki, bu kimi mübahisələrdə əvvəlki əlillik müddətlərinin istinad olunan Qaydada göstərilən müddətlərdən azlığı baxımından yetərli olmadığı və ya əvvəlki əlilliyin ardıcıl formada deyil, müəyyən fasilədən sonra təyin edildiyi hallarda məhkəmələr tərəfindən növbəti əlilliyin müddətsiz təyin edilməsi barədə qərarlar qəbul edilir və ya əksinə, həmin şərtlər ödənildiyi halda, mübahisə iddiaçının mənafeyinə uyğun olmayan şəkildə iddia rədd edilməklə yekunlaşdırılır, bəzi hallarda isə həmin əsasların mövcudluğunun əlilliyin müəyyən edilməsinə kifayət etməsi və şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə lüzum olmaması barədə yanlış qənaətə gəlinir.
74. Həmin normanın tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Normaların məzmunundan göründüyü kimi, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda. İddiaçı ikinci hala, yəni ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğuna istinad edərək əlilliyin müddətsiz təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Qnunvericiliyin yuxarıda qeyd olunan müddəalarına görə tibbi göstəriş olan xüsusi hallarda, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməlidir. Yenə qanunvericiliyin istinad olunan normalarına görə, şəxsin əlil statusu qazanması bu barədə inzibati orqan tərəfindən müvafiq qərarın (inzibati aktın) qəbul edilməsi nəticəsində baş verir. Bundan başqa, əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, şəxsə 10 il müddətin bitməsindən sonra müddətsiz əllilik təyin edilə bilməsi üçün tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsi və qiymətləndirmə nəticəsində əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğu da təsdiq olunmalıdı Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla təsdiqlənsə də, iddiaçıya əlilliyin təyin edilməsi tarixi xx.xx.2021-ci il tarixdir. Həmin tarixdə isə, iddiaçının əlilliyi fasiləsiz olaraq 10 il davam etməmişdir. İddiaçıya əlillik təyina olunduğu tarixdə (xx.xx.2021-ci il) iddiaçının əlilliyinin müddəti 10 il davam etmədiyinə görə, ona müddətsiz əlilliyin təyin edilməsi aparıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov