Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7228/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki sənədin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən" çıxarışın və müvafiq texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsində yol verilmiş formal xətaları aradan qaldıraraq cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini nəzərə almış və iddia tələbində qeyd olunan texniki pasportu texniki sənəd (plan-ölçü sənədi) kimi qəbul edilmişdir.
3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 144.3 kv.m kimi nəzərə alınmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında vaxtilə mövcud olmuş fərdi yaşayış evi 1971-ci ildə X3 tərəfindən inşa edilmişdir. Həmin evə dair iddiaçının adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş, daha sonra isə 1996-cı il tarixində iddiaçı tərəfindən MH seriyalı, 033781 nömrəli qeydiyyat vəsiqəsi alınmışdır. 2009-cu illərdə evdə ciddi şəkildə nəmişlik olması səbəbilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Xətai Rayonu Gigiyena və Epidemiologiya mərkəzinə müraciət edilmiş, oradan da müsbət rəy aldıqdan sonra müəyyən layihə tərtib edilərək ev sökülmüş, yerində yeni layihəyə uyğun ev tikilmişdir. İddiaçı 2024-cü ilin sonlarında tərəfimdən cavabdeh orqana müraciət edərək fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Müraciətə baxılaraq xx.xx.2025-ci il tarixində imtina verilmişdir ki, fərdi yaşayış evinə dair idarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, elektron kadast məlumatlarına əsasən, texniki pasportda göstərilən fərdi yaşayış evi söküldüyündən texniki pasportun qeyd edilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.” Bu səbəblə də hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina məktubu əsassız və qanunsuzdur.
5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən" çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, texniki pasportda göstərilən fərdi yaşayış evi söküldüyündən texniki pasportun qeyd olunan əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahənin 62 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman əlavə 123.2 kv.m torpaq sahəsinin istifadədə olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, texniki pasportda göstərilən fərdi yaşayış evi söküldüyündən texniki pasportun qeyd olunan eraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
7. Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 5951 nömrəli Sərəncamından Çıxarışa əsasən Qafqaz küçəsindəki yaşayış sahəsinin və 145,3 kv.m sahəsi olan torpaq sahəsinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
8. Texniki İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evinə dair İddiaçı adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.
9. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 033781 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1996-cı il tarixində qeydiyyata aparılmışdır.
10. Səhiyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2009-cu il tarixli X4 əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evi yaşayış üçün yararsızdır.
11. ünvan 2 ünvanında mövcud olan fərdi yaşayış evinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəsi iş materiallarına əlavə olunmuşdur.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdriən xx.xx.2024-cü il tarixli Müyainə (baxış) Aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 144,3 kv.m təşkil edir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, fərdi yaşayış evi sökülmüş, icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun yenidən inşa edilmişdir.
14. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
22. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
26. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
31. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin tələb etmişdir.
32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir: - Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 5951 nömrəli Sərəncamından Çıxarışa əsasən Qafqaz küçəsindəki yaşayış sahəsinin və 145,3 kv.m sahəsi olan torpaq sahəsinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. - Texniki İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evinə dair İddiaçı adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 033781 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1996-cı il tarixində qeydiyyata aparılmışdır. - Səhiyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2009-cu il tarixli X4 əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsindəki, 49/2v №-li yaşayış evi yaşayış üçün yararsızdır. - ünvan 2 ünvanında mövcud olan fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş edilmişdir.
33. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, ünvan 2 ünvanına dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmiş (Texniki pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən texniki pasportun əslinə baxış keçirilmişdir), xx.xx.1996-cı il tarixdə həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına Qeydiyyat Vəsiqəsi tərtib olunmuşdur (mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir və daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir). Müvafiq fərdi yaşayış evinin yaşayış üçün yararsız olması əsası ilə sökmüş və yeni fərdi yaşayış evi (hazırda mövcud olan) inşa etmişdir. Yeni fərdi yaşayış evinin (hazırda mövcud olan) tikintisi zamanı İddiaçı tərəfindən məlumatlandırma icraatına əməl edilmiş və müvafiq fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.
34. Cavabdeh tərəfindən imtinanın dəlili olaraq qeyd olunmuşdur ki, texniki pasportda göstərilən fərdi yaşayış evi söküldüyündən texniki pasportun qeyd olunan əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır.
35. Məhkəmə qeyd edir ki, Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport MH 033781 seriya nömrəli Qeydiyyat Vəsiqəsi ilə tamamlanmaqla İddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas hesab olunur.
36. Məhkəmə eyni zamanda nəzərə alır ki, Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 2 ünvanına dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən torpaq sahəsinin ölçüsü göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçıların faktiki sahibliyində və istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.
37. Cavabdeh imtinanın digər dəlili olaraq torpaq sahənin 62 kv.m hissəsinin qaz xəttinin mühafizə zonasında yerləşdiyi qeyd etsə də, müvafiq halı əsaslandıran hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən müvafiq ünvanda yerləşən fərdi yaşayış evi (hazırda sökülmüş olsa belə) 1996-cı il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
41. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 144,3 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva