Məhkəmə qərarları › İş №2-1(112)-7229/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7229/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7229/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.1998-ci ildən bu günə qədər iddiaçıya veteran pulunun verilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.1998-ci ildən bu günə qədər iddiaçıya veteran pulunun verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ döyüşlərində iştirak etmiş, həmin vaxt bir neçə rayonlarda gedən döyüşlərdə iştirak etmişdir. Həmin zaman qarışıqlıq olduğu üçün, iddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.1998-ci ildə almışdır. Buna baxmayaraq ö dövrdən indiyənədək veteran pulunu almamışdır. İddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, İddiaçı veteranlar üçün nəzərdə tutulmuş vəsiqə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin tarixdən ona təqaüd təyin edilmiş, lakin buna baxmayaraq, Qanunla müharibə veteranları üçün müəyyən edilmiş təqaüdün geriyə olan xx.xx.1998-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Veteranların veteran statusu almaq hüququ təqaüd almaq hüququndan daha əvvəl, təqaüdü almaq hüququ isə birbaşa statusun alınması ilə yaranır. Bu səbəbdən, müvafiq mübahisələrin həlli zamanı bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçının həmin veteran vəsiqəsi əsasında müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Hazırkı iş üzrə isə vətəndaşın Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı güvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli veteran vəsiqəsinin verildiyi tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. Bu səbəblə iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-445/2022 nömrəli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1 (102)-1206/2020 nömrəli 22 iyul 2020-ci il tarixli 2-1 (102)-1764/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli 2-1 (102)-1769/2020 nömrəli və 14 oktyabr 2020-ci il tarixli 2-1(102)-1875/2020 nömrəli qərarlarında "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad edərək Fərman imzalandıqdan sonra müharibə veteranı adı və vəsiqəsi əldə etmiş şəxslərə əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən veteran vəsiqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Lakin təqdim etdiyi 40383 saylı vəsiqə “Azərbaycan Vətən Müharibəsi Veteranları” Birliyi tərəfindən verildiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1- ci maddəsinin tələblərinə əsasən müharibə veteranı vəsiqəsi vermək səlahiyyəti olan mərkəzi icra hakimiyyəti orqanlarının siyahısında nəzərdə tutulmadığından müraciətində qeyd etdiyi dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, təqaüd sosial müavinətin bir növü olmadığı və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.2024-cü il tarixdən əvvəlki üç ilə görə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazına uyğun məzmunda izahat və çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə verilmiş 037357 nömrəli vəsiqədən görünür ki, iddiaçı müharibə veteranıdır. 07 yanvar 2025-ci il tarixli təhvil-təslim aktında qeyd edilir – vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin əməkdaşı X1 aktı tərtib edilmiş ondan ötrü ki, aşağıda nömrəsi və tarixi qeyd edilmiş rəsmi cavab məktubu vətəndaş İddiaçı təhvil verildi – nömrəli 3-17-1/2-T-318956/2024, tarixi xx.xx.2024. Təhvil verdi Bəxtiarlı.S, təhvil aldı – İddiaçı. Cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. «Veteranlar haqqında» Аzərbаycаn Rеspublikаsının Qаnununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. .“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına əsasən

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: . 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019cü il 640 nömrəli Fərmanına əsasən

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına əsasən:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. İşin təkzib olunmaz halıdır ki, iddiaçı müharibə veteranıdır, ona veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş Prezident təqaüdü sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla nəinki 1998-ci ildən, hətta əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. İddiaçıya xx.xx.2024-cü il tarixində 037357 nömrəli veteran vəsiqəsi verildiyindən iddiaçıya xx.xx.2024-cü il tarixdən etibarən sözügedən təqaüd ödənilir. Belə ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.1998-ci ildən bu günə qədər iddiaçıya veteran pulunun verilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar