Məhkəmə qərarları › İş №2-1(112)-723/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-723/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-723/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 27 aprel 2023-cü il tarixdən etibarən sağlamlığının qiymətləndirilməsi ilə əlaqədar olaraq təsdiq olunmuş diaqnoza əsasən müvafiq dərəcəyə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi ərizədə son olaraq əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Ehtiyata buraxılana qədər ordu sıralarında zabit kimi 29 il xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edərək hərbçi kimi Qubadlı və Cəbrayıl uğurunda gedən döyüşlərdə bir neçə dəfə yaralanmış, yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmış və həmin rayonların nəticədə azad edilməsində iştirak edərək “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” və “Vətən uğurunda” medalları ilə təlfif edilmişdir. Müharibədə aldığı xəsarətlər zabit kimi xidmətinə davam etməsinə imkan vermədiyindən 2020-ci ilin dekabr ayında ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik-leytenantdır. Müharibədə aldığı xəsarətlərin nəticəsi olaraq səhhətində yaranmış problemlər əmək qabiliyyətini məhdudlaşdırdığından əliliyin təyin edilməsi ilə bağlı müvafiq qaydada müraciət etmiş, zərurət yaratdığından sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi üçün stasionar qaydada həkim nəzarəti altında olmuş, müvafiq müalicələr almış və ambulator qaydada dərmanlarla təmin edilməklə hazırda da müalicəsini davam etdirir. Lakin dəfələrlə müraciət etməsinə, əliliyini müəyyən edən faktiki halları özündən müəyyən edən tibbi sənədlərlə baxmayaraq, ona TSEK tərəfindən əlillik təyin edilməmişdir. Sonuncu belə müraciəti əsasında 27 aprel 2023-ci il tarixdə qiymətləndirilmə aparılmış, 05 may 2023-cü il tarixdə isə komissiyada əyani müayinədə olmuşdur. Əyani müayinənin tarixinə baxmayaraq, onun müraciətinin qiymətləndirmə tarixi 27 aprel 2023-cü il olaraq göstərilmişdir. Belə çıxır ki, əyani müayinənin nəticəsi heç bir əhəmiyyət kəsb etməmiş, fərqli bir hal yaratmamışdır. Bu da təsadüfi deyil. Ona görə ki, əyani müayinə zamanı müvafiq sahənin ixtisas həkimi ona baxış keçirməmişdir. Komissiyanın 27 aprel 2023-cü il tarixli qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş “diaqnoz əlillik əlaməti təyin etmir” qərarının ləğvi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli müraciətlə cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, müraciətinin nəticəsi haqqında bu günə qədər rəsmi cavab təqdim edilməmişdir. Bununla bağlı olaraq dəfələrlə “142” Çağrı Mərkəzi ilə əlaqə saxlamasına baxmayaraq, yenə də müraciətinin təmin edilibedilməməsinə dair konkret cavab əldə edə bilməmişdir. İddiaçı hesab edir ki, müharibədə aldığı xəsarətlər ona əliliyin təyini üçün əsas verir. Belə ki, komissiya tərəfindən sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq onunla bağlı qoyulmuş diaqnoz- “üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozutusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla...və.s” Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyini üçün əsas verir (bax: qərarın 7-ci bəndi; Psixi xəstəlilər və davranış pozuntuları.F07.0). Göründüyü kimi, sağlamlığımın qiymətləndirilməsi ilə əlaqədar olaraq qoyulmuş diaqnozun əlillik təyin etməməsi haqqında qərar Nazirlər Kabinentinin 187 nömrəli Qərarı ilə inkar edilir. Cavabdehin bu günə qədər davam edən qanunsuz hərəkətsizliyini və qeyd olunanları nəzər alaraq hesab edi ki, ona əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş tələbi müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddianın mümkünlüyü məsələsini qaldırsa da, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya [hipertoniya] xəstəlik [-yi]. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Presbiopiya diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 14 noyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MN-nin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 14 noyabr 2020-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayəti baş ağrısından, başgicəllənmədən, ürəkbulanmasındandır. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlə zamanı mərmi partlayışı nəticəsində xəsarət almışdır (döyüşlərin davam etməsi səbəbindən hərb hissədən travma haqqında arayış təqdim edilməmişdir). İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərildikdən sonra öz hərbi hissəsinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə mərmi partlayış nəticəsində Barotravma almışdır. MN Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən hərb xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasından keçirilmişdir. SQ baş nevroloqu, BKH-ın otorinolariııqoloqu, kardioloqu, oftalmoloqu ilə konsultasiya olmuşdur. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı; silkələnməsindən sonrakı vəziyyət. Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.10. “Xəstəliklər cədvəli” nin 28,41 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən hərbi xidmətə müvəqqəti yararsızdır...qeyd olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N mart 2021-ci il tarixli travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” zamanı Cəbrayıl rayonu ərazisində yaralanmanın, düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, barotravma.” xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra sanitar avtomobillə həkim müşaiyəti altında N nömrəli hərbi hissəyə təxliyə olunmuşdur. Əsas Zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabı (xx.xx.2020) səhifə 1, sıra 7. Xəsarət döyüş tapşırığı yerinə yetirilərkən alınmışdır. -30 noyabr 2022-ci il tarixli, 13965 №li xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Umarov X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhıri, Nəsimi rayon idarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 83 nömrəli göndərişi ilə MN-nin Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şikayətləri: baş ağrılarından, başgicəllənmədən, arterial təzyiqin artmasından, zəif görmədən, zəif eşitmədən, əsəbilikdən, yuxu yə yaddaşın pozulmasından, bayılmalardan, qulağında olan küydən, qıcıqlara qarşı həssas olmasındandır. Anamnezi: irsiyyəti ruhi xəstəliklərlə ağırlaşmayıb. Deməsinə görə özünü bir neçə ildən çoxdur xəstə hesab edir. Xəstəliyini psixoemosional gərginliklə əlaqələndirir. Şikayətləri ilə əlaqədar ambulator və stasionar müalicə qəbul etmişdir. xx.xx.2020; xx.xx.2020 və xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi” zamanı Cəbrayıl və Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Partlayış travması. Qapalı kəllə-beyin travması, barotravma. Partlayış travması. Sol bazunun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası və qançirı. Barotravma” diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş N, 1701, 1699 nömrəli travma haqqında arayış) xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021-ci il tarixədək MN BKH-da: xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022-ci il tarixədək X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatrik Xəstəxanasında; xx.xx.2022-ci il tarixdə 2 nömrəli X2: xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası "Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-xx.xx.2022-ci il tarixədək MN MHP-da müayinə olunmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dayaq-hərəkət sistemi normal inkişaf etmişdir, gözlə görünən patoloji dəyişiklik müşahidə olunmur. Dəri yə görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməyib. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada yezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqəlik sayı 78 vurğudur, A/T 180/100 mm.c.süt. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır, aorta üzərində İİ tonun aksenti eşidilir. Dili nəm, təmizdir. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər böyüməyib, dalaq əllənmir. Bel nahiyəsində döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktları sərbəstdir. Nevroloji status: huşu aydındır. Yuxarı Kerer nöqtələri ağrılıdır. Göz almalarının hərəkəti tam həcmdədir. Romberq vəziyyətində dayanıqlıdır, distal hiperhidroz və tremor qeyd edilir. Psixi statusu: verilən suallara əsəbi, qısa cavablar verir, nitqi qırıqqırıqdır. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi enibdir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tuta bilmir, bələdliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir, emosional labildir.... Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhknın qərarı: Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Partlayış travması (xx.xx.2020; xx.xx.2020; xx.xx.2020). Sol göz almasının küt travması, posttravmatik makulopatiyası nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 0,8 olmaqla. Partlayış travması (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ-damar davamsızlığı, tez-tez baş verən veqetativ-damar paroksizmləri, kəllə daxili hipertenziya, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozğunluğu, koqnitiv funksiyaların enməsi və funksional tutmalarla. L4-L5, L5-S1 fəqərələrarası disklərin protruziyası. Qida borusunun diafraqma dəliyinin yırtığı. Düyünlü ur, eutireoid forma. 15, 35, 37, 44, 45-ci dişlərin xroniki periodontit. Barotravma nəticəsində (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Partlayış travması. Sol bazunun qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli "n in 43b. 14b, 23b. 30b maddəsinin İİİ qraf asma və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 baş həkimi əvəz edən A.V.Səfərova tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1/2068 №li Rəydən görünür ki, 1976cı il təvəllüdlü İddiaçı Baş-beyin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə F07.0, F 078, F 067 diaqnozları qoyulmuşdur. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3147/2023 saylı və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 4119/2024 saylı qərarlarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 ambulator kartasından görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023; xx.xx.2024xx.xx.2024-cü il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu” (F0.7.0) əsas diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Ambulator Kitabçanının (xəstəlik tarixindən) Qısa anamnez hissəsində qeyd olunmuşdur: Ali hərbi təhsillidir. xx.xx.1994-cü ildən Silahlı qüvvələrdə qulluq edir. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci ildə Cəbrayıl rayonu istiqamətində xəsarət almışdır. xx.xx.2021-ci ildə hərbidən təxris olunmuşdur. Dəfələrlə stasionarımızda və 2 saylı KPX-da müalicə olunmuşdur. Əsəbilik, münaqişəyə meyillik, baş ağrısı, yuxusuzluqdan şikayət edir. Son vaxtlar vəziyyəti pisləşdiyi üçün AR SN RPX-ya qəbul olunub. Üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla " diaqnozu təyin olunub. Zahirən narahatdır. Bələdliyi bütün istiqamətlərə qorunur. Ünsiyyətə az sözlə qoşulur. Suallardan qıcıqlanır, tez yorulur. Yaddaşının enməsindən şikayət edir: Əhvalı enikdir. Gətəcəyi barədə bədbin düşünür. Maraqları bir qədər məhduddur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin psixiatriya kafedrasının professor B.Əsədov, Respublika Psixiatriya Xəstəxanasının həkim-psixiatrları V.Yusifov və N.Məmmədov tərəfindən verilən xx.xx.2024-cü il tarixli 487 nömrəli Həkim psixiatr Komissiyasının Rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 sav “Vətən müharibəsi iştirakçılannın psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, funksional tutmalarla F 07.0 diaqnozu qoyulmuşdur. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdən öncə də göndərişlər göndərilsə də, iddiaçı həmin göndərişlər əsasında ona əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinasını mübahisələndirməmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı şəhəri 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan üzvi mənşəli şəxsiyyət pozuntusu (baş-beyin kontuziyası), şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutlmalarla qeyd edilmişdir. Əsas diaqnozun ağırlaşması kimi isə: -XBT-10 kodu F07.8 olan Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə, -XBT-10 kodu F06.7 olan Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxs tərəfindən verilmiş 3215 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntusu. Yaddaşın enməsi ilə" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’də "Üzvi mənşəli şəxsiyyət pozuntusu (müharibə zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində). Koqnitiv funksiyaların enməsi, funksional tutmalarla" diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalarla. Depressiv epizodlar. Koqnitiv funksiyaların enməsi, funksional tutmalarla” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin verdiyi travma haqqında arayışında "Vətən müharibəsi” zamanı Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma.” xəsarətini alması) və halhazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissə. İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallar üzrə yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. 3-cü sual üzrə sualda qeyd edilən tibbi sənədin ekspertizaya təqdim edilmədiyi qeyd olunaraq sual cavablandırılmamışdır. 4-cü və 5-ci suallar üzrə İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F 07.0 aşkar olunur. Sualın geri qalanını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- F07.8 Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Göstərilən xəstəliklər qeyd olunan Meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən hazırkı iş üzrə iddianın təmin üçün əsas mövcuddur. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndəriş (Forma 88) əsasında əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndəriş (Forma 88) əsasında əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar