Məhkəmə qərarları › İş №2-1(112)-7230/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7230/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7230/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair arayışın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 iyun 2021-ci il tarixli Qərardadı ilə İddiaçı vəsatəti təmin olunaraq iş üzrə əsl olmayan iddiaçı X16 əsl İddiaçı ilə əvəz edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbini, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair olan işdən ayrılaraq ayrı icraatda baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli 2-1(112)-6991/2021 saylı Qərardadına əsasən İddiaçı Süleyman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı ticarət cərgəsi ünvanında yerləşən ümumi sahəsi 383.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının tanınmasına dair arayışın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair 2-1(112)-6991/2021 saylı işdən, “Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” tələbi yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlara ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 18.07.2001-ci il tarixli, № 393 saylı Sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsi atam X4 adına sənədləşdirilmişdir. Atası vəfat etdikdən sonra Bakı şəhər Yasamal rayon icra Hakimiyyətinin 01.12.2005-ci il tarixli, № 1066 saylı Sərəncamına əsasən həmin qeyri-yaşayış sahəsi anası X6 adına sənədləşdirilmişdir. Anası vəfat etdikdən sonra hüquqi vərəsəsi iddiaçı olmuşdur. Bununla əlaqədar olaraq, vərəsəsi olduğu qeyri-yaşayış sahəsinin ümumi sahəsi 87.8 kv.metr olmaqla, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrində mülkiyyət hüququnun tanınmasına dair arayışın adına verilməsi üçün iddiaçı ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddia tələbi ilə bağlı X6 04.05.2021-ci il tarixli ərizəsi İdarəyə daxil olmuşdur. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, X9 **********13 saylı, 02.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2,-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1 -ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X20 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəfindən müvafiq ərizə əsasında cavabdehə müraciət olunaraq Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən qeyri-yaşayış binasının tikintisi üçün istifadəsinə verilmiş 89,8 kv.metr torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmasını xahiş etmişdir və bununla bağlı artıq razılıq əldə edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2021-ci il tarixli, **********879 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar metrosunun yaxınlığında yerləşən qeyri- yaşayış binasının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 05.05.2021-ci il tarixli iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, torpaq sahəsi və əlavə tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9 -cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi üzrə iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini istəyir. Məhkəmə araşdırması zamanı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 18.07.2001-ci il tarixli, 393 saylı sərəncamının, Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 19.05.2003-cü il tarixli, 281 saylı sərəncamının, Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 01.12.2005-ci il tarixli, 1066 saylı sərəncamlarının, həmin sərəncamların verilməsinə əsas olmuş sənədlərin və həmin sərəncamlar əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından sorğu əsasında tələb olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş “Şərifzadə küçəsi metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət cərgəsində F.Ş.ibrahimzadəyə məxsus yerin S.S.Novruzovun adına keçirilməsi haqqında” 18.07.2001-ci il tarixli, № 393 saylı Sərəncamın təsdiq olunmuş surətindən görünür ki, vətəndaş X1 rayon İcra Hakimiyyətinə Şərifzadə küçəsi, metronun İnşaatçılar stansiyası yaxınlığındaki ticarət cərgəsində ona məxsus yerin qarşılıqlı razılaşma əsasında Şərifzadə küçəsi 180 saylı evin 55-ci mənzilində yaşayan vətəndaş X4 adına keçirilməsi haqqında müraciət edilmişdir. Müraciəti araşdıran zaman müəyyən olunmuşdur ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 15.11.1999-cu il tarixli, 1092 sayll sərəncamı ilə ticarət cərgəsində “Mühəndis-K” firmasına məxsus yer vətəndaş F.Ş.İbrahimzadənin adına keçirilmişdir. Qeyd olunanlara əsaslanaraq Şərifzadə küçəsi metrosunun İnşaatçılar stansiyası yaxınlığındakı ticarət cərgəsində X5 məxsus yer Şərifzadə küçəsi 180 saylı evin 55-ci mənzilində yaşayan X4 adına keçirilməsi, ticarət cərgəsindəki yerin yerin icarə xərclərinin ğdənilməsi üçün vətəndaş S.Novruzovla rayon MKTBİ (B.Rəhimov) arasında müqavilənin bağlanması, cərəncamın icrasına nəzarətin rayon MKTB-nin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır. -Sorğuya əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş “Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət sırasında vətəndaş S.S.Novruzova məxsus 47 saylı mağazanın arxasında yardımçı sahənin tikilməsi faktının təsdiq edilməsi 19.05.2003-cü il tarixli, № 281 saylı Sərəncamdan görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət sırasında 47 saylı mağazanın sahibi vətəndaş X13 müraciət edərək ona məxsus mağazanın arxa hissəsində yardımçı sahənin tikilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Sərəncama əsasən “Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət sırasında sahibkar S.S.Novruzova məxsus 47 saylı mağazanın arxasında köməkçisahənin tikilməsi faktı təsdiq edilmiş, sərəncamın 1-ci bəndində göstərilənlərdən əlavə tikinti quraşdırma işlərinin aparılmasına yol verilməməsi, sərəncamın icrasına nəzarət rayon icra hakimiyyətinin Təsərrüfat şöbəsinə həvalə edilməsi qərara alınmışdır. -Sorğuya əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş “qeyri-yaşayış sahəsinin addan-ada keçirilməsi haqqında” 01.12.2005-ci il tarixli, № 1066 saylı Sərəncamın təsdiq olunmuş surətindən görünür ki, Şərifzadə küçəsi 180 saylı evin 55-ci mənzilində yaşayan vətəndaş X2 rayon İcra Hakimiyyətinə Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət cərgəsində mərhum əri X7 məxsus qeyri-yaşayış sahəsinin adına keçirilməsi haqqında müraciət etmişdir. Müraciət araşdıran zaman məlum olmuşdur ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 18.07.2001-ci il tarixli, 393 saylı sərəncamı ilə ticarət cərgəsində qeyd olunan qeyri-yaşayış sahəsi S.Novruzovun adına keçirilmiş və Yasamal rayon İcra Hakimiyyəti Başçısının 19.05.2003-cü il tarixli, 281 saylı Sərəncamı ilə qeyriyaçayış sahəsinin arxasında yardımçı sahə tikilməsi faktı təsdiq edilmişdir. S.Novruzov 18.02.2005-ci ildə vəfat etmişdir. Qeyd olunanlara əsasən Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı ticarət cərgəsində mərhum X7 məxsus qeyri-yaşayış sahəsi və yardımçı sahə Şərifzadə küçəsi 180 saylı evin 55-ci mənzilində yaşayan mərhumun arvadı X15ən adına keçirilməsi, qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vətəndaş İddiaçı ilə rayonun müvafiq qurumları arasında müqavilə bağlanması, sərəncamın icrasına nəzarət rayon icra hakimiyyətinin Təsərrüfat şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat Ofisi Notarius H.H.Hacızadə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan 04 iyun 2021-ci il tarixli 457№li məktubdan görünür ki, 13.12.2020-ci il tarixdə vəfat etmiş 05.01.1940-cı il təvəllüdlü X8 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat ofisinə oğlu İddiaçı tərəfindən müraciət daxil olduğu, X11 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 04.06.2021-ci il notariat idarəsi tərəfindən vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin müəyyən olunduğu, Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi metronun "İnşaatçılar" stansiyası yaxınlığındakı ticarət cərgəsində yerləşən qeyri-yaşayış sahəsi və yardımçı sahəyə dair mərhum X11 adına çıxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanda qeydiyyatda olan X12 tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, X12 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən 47 saylı qeyriyaşayış sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 18.07.2001-ci il tarixli, № 393 saylı Sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının atası X4 adına rəsmiləşdirilmişdir. İddiaçının atası vəfat etdikdən sonra Bakı şəhər Yasamal rayon icra Hakimiyyətinin 01.12.2005-ci il tarixli, № 1066 saylı Sərəncamına əsasən sözügedən qeyri-yaşayış sahəsi iddiaçının anası X6 adına rəsmiləşdirilmişdir. X6 vəfatı ilə əlaqədar onun vərəsəsi olan iddiaçının ərizəsi əsasında Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu H.H.Hacızadə tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Sonradan iddiaçı cavbabdeh inzibati orqana müraciət edərək sözügedən 87.8 kv.metrdən ibarət qeyriyaşayış sahəsi üzərində dövlət reyestrində mülkiyyət hüququnun tanınmasına dair arayışın verilməsi üçün müraciət etmiş, cavabdeh imtinaya əsas olaraq, aparılan araşdırma zamanı ərizəyə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini göstərmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə İddiaçı iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 77.8 kv.metr olan qeyriyaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar