Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7231/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu mənəvi zərərə görə 100000 manat (bir yüz min) pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı ıl tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-l(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)- 1076/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1371 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)- 1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmişdir. Bakı inzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (82)-5043/2017 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmaması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-4181 /2024 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-778/2025 saylı qərarı ilə kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir (vahid məhkəmə təcrübəsi mövcud olduğu üçün). İddiaçı hazırkı iddia ilə məhkəməyə ona görə müraciət edir ki, cavabdeh ona qarşı qanunsuz hərəkətlər edir, qanunla müəyyən edilmiş hüquqlardan onu qanunsuz şəkildə məhrum etmiş və bu az imiş kimi onun xeyrinə qəbul edilmiş məhkəmə qərarlarından şikayətlər verərək işi əsassız olaraq uzatmışdır və məhkəmə qərarlarını icra etmir. Bu kimi iddianın qaldırılmasına səbəb isə bundan sonra cavabdehin bu kimi qanunsuzluqlara yol verməməsi üçündür. O, cavabdehin əməllərindən ciddi şəkildə izdirablar keçirir, onların qanunsuz pensiyanı dayandırmasına görə uzun uzadı məhkəmə proseslərinə cəlb edilmişdir. Burada sual yaranır ki, niyə görə o, cavabdeh tərəfindən edilmiş qanunsuzluqlara görə əzab əziyyətlər çəkməlidir? Ona görə də bu kimi qanunsuz hərəkətlər edərək vətəndaşı incidən ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan pensiyanı dayandırması nəticəsində cavabdeh ona maddi və mənəvi təzminat ödəməlidir. İddiaçı vəkilə müraciət etmişdir, hüquqşünaslara ərizələr yazdırmışdır, 4 ildir ki, məhkəmələrdə vaxt itirmişdir, banklara olan kreditləri gecikib faizlər üzərinə gəlmişdir, səhhəti ilə bağlı aldığı müalicələr pensiyanın dayandırılması nəticəsində vaxtı vaxtında aparılmamışdır və sair. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, E.X3 rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 581 nömrəli qərarla xx.xx.2008-ci il tarixdən 52 yaşından xx.xx.2006-cı il tarixədək 25 il 7 ay ümumi sığorta stajı və ümumi stajın 12 il xüsusilə zərərli iş stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə hesablanaraq vətəndaşa 265,39 manat aylıq pensiya təyin olunmuş, sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən aylıq 488,75 manat olmaqla ödənişinə başlanmışdır. xx.xx.2020-ci il tarixədək ödənişi davam etdirilmiş, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Bundan sonra ərizəçi İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı “qərarın icra edilməməsi” tələbinə dair məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 5043/2017 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh 500 manat miqdarında cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (103)- 1076/2023 nömrəli qərardadı, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1371/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunmuşdur. Bu səbəbdən iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi bağlı cavabdeh tərəfindən ərizə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(82)-5043/2017 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi barədə Mərkəzi Filial tərəfindən verilmiş ərizə mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (103)-4181/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-778/2025 nömrəli qərarı ilə kassasiya şikayətimiz mümkün hesab edilməmişdir. İddiaçının iddia etdiyi kimi cavabdeh orqan tərəfindən iş qəsdən uzadılmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya və kassasiya şikayətləri, o cümlədən yeni açılmış hallarla bağlı ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, səxsi həvat sirri və şəxsi toxunulmamazlıqla baqlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər səxsi qevri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli, 07 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin İnsan Hüquqlarının və X1 Haqqında Konvensiva”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər" anlayışı insanın anadangəlmə və va qanun əsasında ona mənsub olan səxsi qevri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndinə əsasən plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnzibati orqan qanunvericiliyin tələblərindən kənara çıxmamış, qanunla müəyyən edilmiş hüquqlardan istifadə etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, lakin iddiaçının nümayəndəsi və vəkili təqdim etdiyi ərizədə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı ıl tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997-cı il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasıya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)- 551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar icra edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-5043/2017 saylı, qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1076/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1371/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-4181/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-778/2025 nömrəli qərarı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4181/2024 nömrəli qərardadından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı ilə İddiaçı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)- 1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2018-ci il tarixdən iddiaçıya aylıq 488,75 manat olmaqla ödənişinə başlanmışdır. xx.xx.2020-ci il tarixədək ödənişi davam etdirilmiş, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Cavabdehə qərarın icra edilməməsinə görə məhkəmə tərəfindən 500 manat miqdarında cərimə tətbiq edilmiş, bu məhkəmə aktı da Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1371/2023 nömrəli qərarı ilə yekun olaraq qüvvəsini saxlamışdır. Bundan sonra cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmiş, həmin ərizə məhkəmə tərəfindən mümkün sayılmamış, bu da öz növbəsində qanuni qüvvəsini almışdır. İddiaçı hazırkı cavabdehin pensiyanın yenidən hesablanması tələbi ilə bağlı digər icraat çərçivəsində ona mənəvi zərər vurduğunu və bu zərərin əvəzini ödəməli olduğunu iddia edir. O, tələbini cavabdehin qanunsuz mövqe nümayiş etdirib onun xeyrinə olan məhkəmə aktlarından yuxarı instansiyalara şikayətlər verərək onun 4 il ərzində məhkəmələrdə vaxt itirməsi, kreditlərinin üzərinə faiz gəlməsi, vəkilə müraciət etməli olması ilə əsaslandırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 2002-ci il 31 may tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı cavabdehdən mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etməsinə baxmayaraq tələbi əsasən maddi olaraq məruz qaldığı ziyanla əlaqələndirmişdir. Məhz bu halda mənəvi ziyanın yaranmasından söhbət getməsi üçün maddi ziyan öz təsdiqini tapmış olmalıdır. Bu isə hazırkı iş materialları ilə müəyyən edilmir. Mənəvi ziyanla bağlı olmasa da, məhkəmə iddiaçının dəlillərinə hər bir halda münasibət bildirərək qeyd edir ki, məsələn, iddiaçı vəkillə müqavilə bağladığı üçün zərərə məruz qalmışdırsa, onu həmin icraat çərçivəsində prosessual xərclərin ödənilməsi haqqında məsələnin məhkəmə tərəfindən qəbul edilmiş qərardadla həll edilməsinə nail ola bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iddiadan məlum olur ki, iddiaçı cavabdehin məhkəmə aktlarından şikayət verməsi, yeni açılmış hallarla bağlı ərizə verməsi kimi hərəkətlərinin nəticəsində illərlə məhkəmələrdə vaxt itirməyinə səbəb olmasından narazıdır. Lakin yuxarıda göstərilən normaya əsasən orqanın fiziki şəxsə ziyan vurması üçün qanuna və ya digər hüquqi akta uyğun gəlməyən akt qəbul etmiş olmalıdır ki, heç bir halda tərəfin prosessual hüququndan istifadə etməsi qeyri-qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin müddəalarına əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər (81.2, 90.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). Məcəllədə şəxsin müəyyən edilmiş müddət ərzində şikayət vermək hüququnun və ya yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə bağlı müddəa yer almır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Buradan görünür ki, qanunvericilik bəzi hallarda tərəflərin haqsız olaraq prosesi ləngitmək cəhdlərinin qarşısını almaq üçün müəyyən məhdudiyyətin tətbiq edilməsini və tədbir görülməsini nəzərdə tutmuşdur. Lakin heç bir halda tərəfin onun ziyanına olan məhkəmə aktından yuxarı instansiya məhkəməsinə şikayət verməsi, yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etməsi hüququ məhdudlaşdırılmamış və buna görə preventiv tədbir nəzərdə tutulmamışdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, 4.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə bir daha qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirabının səbəbi kimi cavabdehin prosessual hüquqlarından istifadə etməsi çıxış edə bilməz. Cavabdehin digər formada qəsd və ya ehtiyatsızlığı isə iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7231/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7231/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver