Məhkəmə qərarları › İş №2-1(112)-7232/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7232/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7232/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X3, X12, X4, X13, X5 və X18 “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X1, Üçüncü şəxslər X8 və X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı, X3, X12, X4, X13, X5 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya MH, ******* № il çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3D xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li arayışına əsasən üçüncü şəxslər həmin evdə pasport qeydiyyatındadırlar. İddiaçı Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətni xx.xx.2024-cü il tarixli məktubla təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3D ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3D ünvanında yerləşən əmlak onun mülkiyyətindədir. Ünvanda digər üçüncü şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Həmin şəxslər hazırda sözügedən ünvanda yaşamırlar. Onların yaşayış yeri üzrə qeydiyyatda qalmaları isə onun hüquqlarının pozulmasına və kommunal xidmətlərə görə əlavə ödənişlərin həyata keçirilməsinə səbəb olur. Üçüncü şəxslərin sözügedən ünvanda yaşamamaları təkzib olunmaz bir haldır. Bu hal həmçinin məhkəmə araşdırılması zamanı müvafiq orqanlara ünvanlanacaq sorğulara cavab məktubu ilə də öz təsdiqi tapacaqdır. Həmin şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3D ünvanına dair istifadə və ya əmlak hüquqları olmadığından (qeydiyyata alınmadığından), həmçinin onlar orada faktiki olaraq yaşamadıqlarından, o cümlədən də iddiaçı ilə qohumluq əlaqələri olmadığından, üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları təmin olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxslər Rasim Həsənov, Sevda Həsənova, Fəqan Həsənli və Lalə Abasova iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi həyət evi qonşuluqda yerləşir və bu torpaq sahəsini nə zaman, hansı yolla əldə etdikləri ilə işləri yoxdur. İddiaçı bir neçə ilə öncə bu sahəni əldə etmiş və orada fərdi ev inşa etmişlər. Ancaq onlar (üçüncü şəxslər) uzun illərdir ailə olaraq bu ünvanda yaşamış və məhkəmə qaydasında 2003-üncü ildə bu ünvana qanuni şəkildə qeydiyyata düşmüşlər. İddiaçı- 2023-üncü il tarixində, eyni tələblə, eyni əsaslar üzrə onlara qarşı Bakı şəhərinin Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə haqlı olaraq, onların qeydiyyata alınmalarının məhkəmə qətnamə əsasında həyata keçirildiyini və həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini, o cümlədən, onlar pasport qeydiyyatına düşərkən, iddiaçının evinin hələ mövcud olmadığını əsas gətirərək, iddiaçının iddiasını rədd etmişdir. Bu qətnamə də apellyasiya qaydasında şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaya etiraz edərək rədd edilməsini xahiş etdilər. Əlavə olaraq izahatında bildirdirlər ki, onların evi ilə iddiaçının evi eyni ünvan olsa da, fərqli fərqli evlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-) Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3D xüsusi mülkiyyət hüququ üzrə iddidaçının adına dövlət reyestrində qeydə alınmışdır və üçüncü şəxslər həmin evdə pasport qeydiyyatındadırlar. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı həmin şəxlərin ona məxsus evdən pasport qeydiyyatında çıxarılmasına nail olmaqdır. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Belə ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “...nümayəndəliyin əməkdaşları tərəfindən məktubda qeyd edilən ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı H.Məmmədquluzadə küçəsinin müxtəlif yerlərində 3D nömrəli 3 ayrı fərdi yaşayış evinin olduğu müəyyən olunmuşdur. Qonşular yaşayış evlərinin birində yaşamış İddiaçı bir müddət əvvəl evi satdığını və ünvanda yaşamadığını bildirmişlər. Əlavə olaraq bildiririk ki, sorğuda adları qeyd olunan digər şəxslər sözügedən fərdi evlərində yaşayırlar”. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş məktubdan və məktuba əlavə edilmiş mübahisəli ünvana dair sənədlərdən müəyyən edilir ki, iddiaçı həmin evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Həmçinin təqdim edilən sənədlərdən müəyyən edilir ki, eyni ünvan üzrə digər fərdi yaşayış evində X6 1992-ci ildən yaşayır. Həmin şəxsin adına Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyyatı İdarəsi tərəfindən Texniki Pasport tərtib edilmişdir. Üçüncü şəxslər, mübahisələndirilən ünvana qeydiyyata iddiaçının razılıq ərizəsinə əsasən alınmamış, onların yaşayış yeri üzrə ünvanı, iddiaçı ilə eyni bir ünvan olsa da, sonuncudan aralı olan ayrıca bir, daşınmaz əmlakın dövlət reyestrində hələ qeydiyyatdan keçməyən, fərdi evdə yaşayırlar. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, ayrı evdə yaşayırlar. Üçüncü şəxslər öz evinin faktiki sahibi olduqları və faktiki olaraq yaşadıqları halda, onlar evin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin fərdi yaşayış evi onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və eyni ünvanlı digər fərdi yaşayış evlərində yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etmək və yeni ünvan göstəricilərinə malik dövlət reyestrindən yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar