Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7233/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: Cavadova Ülviyyə Ələkbər qızı, X3 və X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: 110610586 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES Komsomol küçəsi, ev 5 ünvanında yerləşən 1 saylı mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - İddiaçı) mülkiyyətindədir. “ASAN 5” tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışa əsasən Cavadova Ülviyyə Ələkbər qızı, X3 və X9 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan Cavadova Ülviyyə Ələkbər qızının, X1 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-45/2-Ə-38xx/xx/2024 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət olunması tövsiyə olunur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavadova Ülviyyə Ələkbər qızının, X1 və X5 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavadova Ülviyyə Ələkbər qızı, X3 və X9 (bundan sonra - üçüncü şəxslər) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Dəmiryol küçəsi, ev 10, mənzil 2 ünvamndakı daşınmaz əmlakın mülkiyyətçisidir. Üçüncü şəxslər X6, X3 və X9 iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadır. Yuxarıda adları qeyd edilmiş vətəndaşlar iddiaçının mənzilində qanunsuz olaraq qeydiyyatdadır. Cavabdeh və üçüncü şəxslər iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia ürə İddiaçı cavabdehlər Cavadova Ülviyyə Ələkbər qızına, X2, X8 qarşı “istifadə hüququna xitam verilməsi’’ tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavadova Ülviyyə Ələkbər qızının və X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənzilə köçürülmə" tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “qeyd edilən mənzilin mülkiyyətçisi ilə cavabdehlər arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonuncuların qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi ilkin iddia üzrə cavabdehlərin istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməməlidir.” - Baki Apellyasiya Məhkəməsinin 2(103)-2166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151 /2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzili xx.xx.2006-cı il tarixdən iddiaçının mülkiyyətinə keçmiş və cavabdeh həmin vaxt orada yaşamış, 2006-cı ilin dekabrında isə ailə həyatı quraraq həmin mənzili tərk etmiş və hələ də evli olmaqla öz ailəsi birlikdə başqa yerdə məskunlaşmağa başlamışdır.
43. Məhkəmə kollegiyası edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Ü.Cavadova mübahisəli evin anasının adına rəsmiləşdirildiyi 03 iyun 2006-cı il tarixdən qısa müddət sonra, yəni həmin ilin dekabr ayında ailə həyatı qurduğundan həmin evi tərk etmiş, həyat yoldaşı ilə başqa mənzildə yaşamış və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ana-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.
44. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Ü.Cavadova mübahisəli mənzilə istifadə hüququnu artıq 2006-cı ildə ailə həyatı quraraq evi tərk etdiyi zamandan etibarən itirmişdir. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.” - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavadova Ülviyyə Ələkbər qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2166/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/2-7670/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2010-cu il təvəllüdlü X10 xx.xx.2018-ci il tarixdən, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.2010-cu il tarixdən, xx.xx.1975-ci il təvəllüdlü X4 xx.xx.2010-cu ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-122-598/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Xəzər rayonu, Şimal DRES qəsəbəsi (indiki Şüvəlan qəsəbəsi), Komsomol küçəsinin əvvəlki adının Komsomol küçəsi olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********05 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvan üzərində sorğuda sadalanan fiziki şəxslərin hər hansının mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin yaşamayan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Üçüncü şəxslərin hüququ ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə üçüncü şəxslərin mübahisə predmetini təşkil edən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə tələb təmin olunmasa da, məhkəmə həmin qətnaməsində üçüncü şəxslərin mənzil üzərində istifadə hüquqlarının yaranmadığını hüquqi əsaslarla müəyyən etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, üçüncü şəxslərin mənzilə dair istifadə hüquqlarının itirilməsi tələbinin təmin edilməməsi, yalnız onların bu cür hüquqlara malik olmadığı faktının təsdiqi baxımından hüquqi nəticələr doğurur. Hal-hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mənzil üzərində hər hansı hüquqlarının olmadığı məhkəmə tərəfindən preyudisial qaydada müəyyən edilmiş və bu qətnamənin qüvvədə olduğu müddətdə həmin hüquqların mövcudluğuna dair yeni mübahisələr qaldırılmasının hüquqi əsası yoxdur. Beləliklə, həmin qətnamənin preyudisial xarakteri hazırkı iddianın mahiyyətinin həllində əhəmiyyətli rol oynamaqla yanaşı, üçüncü şəxslərin qeyd olunan mənzil üzrə hər hansı qanuni hüquq və vəzifələrinin olmadığını da şübhəsiz təsdiq edir. Bundan əlavə, işin halları ilə üçüncü şəxslərin mübahisəli mənzildə yaşaması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1974-cü il təvəllüdlü Cavadova Ülviyyə Ələkbər qızının, xx.xx.1975-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova