Məhkəmə qərarları › İş №2-1(112)-7236/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7236/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7236/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddia tələbinin “İddiaçı ailə üzvləri X2 və X3 nəzərə alınmaqla Azərbaycan Respublikası bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. Hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmişdir. Göstərilən diaqnozlar iddiaçıya İ dərəcəli müddətsiz əlillik verilmişdir, hazırda 500 manat Prezident təqaüdü ahr. Həmçinin, "Hərbi xidmətdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. İddiaçı 2021-ci ilin mart ayından 2022ci ilin iyun ayınadək Türkiyədə Romatem xəstəxanasında müalicə almış, daha sonra Azərbaycana qayıtmaq məcburiyyətinə qalmışdır. Həkim komissiyası ona daimi olaraq reabilitasiya və fizioterapiya olunmağı məcburi hesab etmişdir. İddiaçı Bakı Reabilitasiya Mərkəzində "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllədaxili travmalarm nəticələri, keçirilmiş açıq kəllə beyinin sağ gicgah sol alın payının və beyin kötüyünün əzilməsinin sol tərəfli hemiplegiya və motor afaziya ilə nəticələnmiş qalıq əlaməti ənsə nahiyəsinin sağ yarısının kələ boşluğuna nüfuz edən beyinciyin baş beyinin beyin kötüyünün əzilməsi ilə müşayiət olunan kor qəlpə yaralanmalarına görə aparılmış dekompresion karanioektonmiya beyindaxili yad cismi və qəlpələrin xaric edilməsi" diaqnozu ilə stasionar reabilitasiya kursu almışdır. Bakı Reabilitasiya Mərkəzindən verilən çıxarışlarda İddiaçının daimi olaraq həkim nəzarətində müalicə almalı olduğu göstərilmişdir. Lakin iddiaçı Bakı şəhərində yaşamadığı üçün xx.xx.2023-cü ildən etibarən müalicə ala bilmir. Suraxanı rayon İcra Hakimiyyətinə mənzil növbəsinə alınmaq üçün müraciət etmişdir. Əvvəllər Tovuz rayon İcra hakimiyyətinin sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Xəstəliyimlə əlaqədar Bakı şəhərində yaşamalıyam. Lakin, evi olmadığına görə yaşaya bilmir. Xahişi əsasında, uzaq qohumu iddiaçını öz evinə qeydiyyata almağa razılıq verib. 2024-cü ilin payız aylarında Bakı şəhəri Suraxanı rayonuna qeydiyyata düşmüş və müvafiq olaraq cavabdeh Suraxanı rayon İcra hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Eyni zamanda bu qaydaların 17-ci bəndinin B hissəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq istəyən vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin uçotda durub-durmadıqları haqda arayış tələb edilir və şəxsin digər yaşayış yeri üzrə uçotda oluduğu aşkarlanırsa müraciətə imtina cavabı verilir. İddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu rayonuna yaşayış yeri üzrə qeydiyyatda alınmamışdan əvvəl Tovuz rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Tovuz rayon İcra Hakimiyyətində müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən imtyazından aslı olmayaraq şəxs “yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində bir yer üzrə mənzil uçotunda olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bu iş üzrə İddiaçı halhazırda Tovuz rayonunda yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçotda olduğunu və Bakı şəhərində ardıcıl 5 il qeydiyyatda olmadığını nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı arvadı X1r. Müayinə məlumatından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası bütövlüyü və müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Tovuz RİH başçısının xx.xx.2023-cü il tarixli, 28 nömrəli Sərəncamı ilə iddiaçı ailə üzvləri ilə birlikdə müharibə əlili kimi mənzil növbəsinə götürülmüşdür. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda X2 və X3 qeydiyyatdadır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatının olmaması əsası ilə müraciətin təminindən imtina olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Yeni Günəşli “V” yaşayış sahəsi, bina 13 “M” ünvanında 155 saylı mənzildə kirayədə yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1997-ci ıl təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2022-cı ıl tarixədək Tovuz rayonu, Aşağı Quşçu kəndində, xx.xx.2022-cı il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan SSR-dövründə qəbul edilmiş və hal-hazırda ləğv edilmiş qanunvericilik müddəalarının tələblərində müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin Yeni Mənzil Məcəlləsi adıçəkilən Qaydalardan fərqli tənzimləmə müəyyən etmişdir. Belə ki, Adıçəkilən Məcəllənin: 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Göründüyü kimi mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Eyni zamanda, mövcud halların qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır ki, iddiaçı ilkin mərhələdə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən mənzilə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüşdür. Bu, onun sosial vəziyyətinin və mənzil təminatına olan ehtiyacının dövlət orqanı tərəfindən tanındığını göstərən hüquqi əhəmiyyətli hal kimi dəyərləndirilməlidir. İddiaçının məqsədi, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsi tələbi kimi təqdim olunsa da, aparılmış məhkəmə araşdırması və iddiaçı ilə müzakirələr kontekstində müəyyən olunmuşdur ki, əslində iddiaçının irəli sürdüyü tələb, onun əvvəlki qeydiyyatda olduğu rayon üzrə mövcud mənzil növbəsinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməklə, həmin orqan tərəfindən mənzil növbəsinə alınması məqsədini daşıyır. Baxmayaraq ki, iddiaçının iddiasında bu tələb birbaşa şəkildə ifadə olunmamışdır, məhkəmə ifadə tərzi baxımından, iddiaçının əsl niyyətinin mənzil növbəsinin köçürülməsinə nail olmaq olduğu qənaətinə gəlinir. Məhkəmə bildirir ki, iddiaçı faktiki olaraq Bakı şəhərində daimi yaşayır, onun mülkiyyətində hər hansı əmlak yoxdur və bu amillər onun yaşadığı ərazi üzrə yerli icra hakimiyyəti orqanı – Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi tanınması üçün yetərli əsaslar yaradır. Bundan əlavə, qeyd edilməlidir ki, digər bir yerli icra hakimiyyəti orqanı,Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının mənzil növbəsinə alınması faktı da onun mənzilə ehtiyacı olan şəxs statusunun inzibati orqan tərəfindən əvvəldən tanındığını göstərir. Beləliklə, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsi barədə müraciətinin təminindən imtinası əsassız olmuşdur. Məhkəmə iddiaçının ailə üzvünün mənzil növbəsinə götürülməsi ilə bağlı tələbə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş sənədlərin surətindən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər onun ailə üzvləridir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə üzvləri X2 və X3 nəzərə alınmaqla Azərbaycan Respublikası bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi (köçürülməsi) öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar