Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7237/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda yaşadığı otağın özəlləşdirilib mülkiyyətinə keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanının onuna adına dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən yuxarıda göstərilən ünvanda yaşayır. Yaşadığı evi uzun illər çalışdığı "xxxx" QSC vermişdir. Qanunauyğun olaraq qeydiyyatdadır. Hal-hazırda tək yaşayır. Bununla belə himayəsində 1 qızı, 3 nəvəsi vardır. Onların maddi təminatlarını o, ödəyir. Yaşadığı mənzili özəlləşdirib öz mülkiyyətinə keçirtmək üçün hər yerə müraciət etmişdir. O, dəfələrlə müxtəlif aidiyyatı qurumlara müraciət etsə də heç bir müsbət nəticə olmamışdır. Halbulki onun yaşadığı ünvanda yaşayan sakinlərin bir qismi yaşadıqları mənzillərini özəlləşdirərək öz mülkiyyətlərinə keçirmişlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İddiaçı **********54 nömrəli, 30.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 68/4 №-li, 21.10.2019-cu il tarixli “ünvan 3 evin 9 saylı mənzilinə İddiaçı adın kirayə müqaviləsinin bağlanılması haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konserlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunuıı özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasmın Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2000-ci ildən qeydiyyatda olmaqla ünvan 3 evin, yaşayış sahəsi 13,3 kv.metr olan 1 otaqlı 9 saylı mənzilində yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq ünvan 3 evin, yaşayış sahəsi 13,3 kv.metr olan 1 otaqlı 9 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılmasına və onun həmin mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilmişdir. - Kirayə verən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMB 157 saylı MKİS ilə kirayəçi İddiaçı arasında bağlanmış 12 №-li, 22.11.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən dövlət mənzil fonduna aid ümümi sahəsi 13,3 kv.m olan mənzil müddətsiz olaraq kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. - "xxxx" QSC-nin 16/13-208 №-li, 10.08.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 1996-cı ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışır və 2000-ci ildən etibarən Cəmiyyət tərəfindən ona verilmiş ünvan 5 ünvanında yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 018-14195N-3221 №-li, 27.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 24.04.2005-ci ildən 28.11.2019-cu ilədək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 28.11.2019-cu ildən hazıradək isə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMB 157 saylı MKİS tərəfindən verilmiş 315 №-li, 10.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 9 ünvanında 02.06.2011-ci ildən qeydiyyatdadır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********54 №-li, 30.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 560-cı məhəllə, ev 5, 9 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 12.10.2020-ci il tarixli ərizəsinə və sənəd surətlərinə tərəflərindən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1996-cı ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışmış və iş yerindən ona verilmiş ünvan 5 ünvanında 2000-ci ildən yaşayır. Mənzilin balanssaxlayıcısı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 68/4 №-li, 21.10.2019-cu il tarixli sərəncamına əsasən İddiaçı həmin mənzilin kirayəçisi hesab olunmaqla onunla 22.11.2019-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. İddiaçı mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində onun adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. - 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işin halları ilə bağlı qeyd edir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 68/4 №-li, 21.10.2019-cu il tarixli sərəncamı əsasında İddiaçı ayrılsa da iddiaçının mübahisəli mənzil üzrə hüquqları 2000-ci ildən yaranmışdır. Belə olan halda onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. - 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 560-cı məhəllə, ev 5, mənzil 9-da yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 560-cı məhəllə, ev 5, mənzil 9da yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7237/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7237/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver