Məhkəmə qərarları › İş №2-1(112)-7237/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7237/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7237/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin nümayəndəsi X5 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-2021-ci tədris ilində Polşanın Lazarski Universitetinin İqtisadiyyat və X2 sahəsinin ikinci dərəcəli əyani formasında magistratura pilləsinə qəbul olmuşdur və hazırda həmin təhsil müəssisəsində təhsilini davam etdirir. Gözlənilən məzun tarixi xx.xx.2025-ci ildə nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda qeyd olunan təhsil müəssisəsində təhsilini davam etdirməyi ilə bağlı təhsil haqqında arayışı hər ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim etmişdir. Təhsilini davam etdirməyi ilə əlaqədar olaraq iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən hər dəfə bir il olmaqla hərbi xidmətə çağırışdan möhlət hüququ verilmiş və hər ilin sentyabr ayında təhsil haqqında yeni arayış təqdim etməyi tələb olunmuşdur. Odur ki, növbəti 2024-2025-ci tədris ilində təhsilini davam etdirməyi ilə əlaqədar olaraq təhsil haqqında arayışı 2024-cü ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim etsə də, iddiaçıya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ verilməmişdir. İddiaçı qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq Fərmana əsasən, xarici ölkələrdə əyani təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibbi təhsil üçün ali baza tibb təhsili və rezidentura (internaturada) təhsil alanlara təhsilini bitirənədək çağırışdan möhlət hüququ verilir. Lazarski Universiteti tərəfindən verilmiş təhsil haqqında xx.xx.2024-cü il tarixli apostil sənədini xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə göndərmiş və həmin sənəd valideynləri tərəfindən xx.xx.2025-ci il tarxidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim edilmişdir. Buna baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən iddiaçıya təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsindən imtina edilmişdir. İddiaçının müddətli həqiqi hərbi xidmət keçməkdən yayınmaq fikri yoxdur. Təhsilini bitirdikdən sonra Azərbaycan vətəndaşı olaraq öz konstitusiya borcumu yerinə yetirməklə müddətli həqiqi hərbi xidmət keçəcəkdir. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsindən cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi imtina etməsi tam əsassızdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası onun təhsil hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

3. Lazarski Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 322/45635/2024/ANG nömrəli Təhsil haqqında Arayışa əsasən xx.xx.1999-cu il təvəllüdlü, Məmmədli X8 Universitetinin tələbəsidir, ikinci dərəcə üzrə əyani təhsil alır və 2024/2025-ci il tədris ilinin ikinci semestri üçün qeydiyyatdan keçmişdir. Gözlənilən məzun tarixi: xx.xx.2025-ci ildir.

4. Lazarski Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 458/45635/2024/ANG nömrəli Təhsil haqqında Arayışa əsasən xx.xx.1999-cu il təvəllüdlü, Məmmədli X8 Universitetinin tələbəsidir, ikinci dərəcə üzrə əyani təhsil alır və 2024/2025-ci il tədris ilinin ikinci semestri üçün qeydiyyatdan keçmişdir. Gözlənilən məzun tarixi: xx.xx.2025-ci ildir.

5. X9 tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən X9, yazıb bildirir ki, oğlum İddiaçı (xx.xx.1999) Polşada magistratura təhsili alır və təhsil müddəti xx.xx.2025-ci ildə tamamlanacaq. İddiaçı xx.xx.2024-cü il tarixində apostil sənədini almış və İdarəyə göndərmişdir. Qeyri-iş günlərindən sonra xx.xx.2025-ci il tarixində sənəd notarial tərcümə və təsdiqli halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim edilmişdir. Buna baxmayaraq xx.xx.2025 tarixi üçün çağırışa cəlb olunma ilə bağlı bildiriş mesajı gəlmişdir. Qeyd etdiyi idarənin əməkdaşlarından apostil sənədinin sistemə yerləşdirilməsi sorğulansa da, heç bir əsaslı cavab ala bilməmiş, tədbir görülməsi üçün isə heç bir cəhd edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2024-cü il № 111-VİİQD Qanununda (“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə) Maddə 21. (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) və onun qeydlərini nəzərə alsaq İddiaçı sənədlərinin sistemə yerləşdirilməməsinin heç bir hüquqi əsası yoxdur. Sənədlər qeyd edildiyi kimi qanunauyğunluqla hazırlanmış, təqdim olunmuş və təqdim olunma prosesi davam etdirilir Bütün bu yazılanları nəzərə alaraq lazımi tədbirlərin görülməsi və sənədlərin sistemə yerləşdirilməsi hüquqi müstəvidə tələb və xahiş edilir. Əlavə olaraq, qoşmada apostil sənədləri təqdim edilir, (notarial tərcümə və təsdiqli sənədlərin surəti).

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan X14 müvafiq fərmanına əsasən 2024-cü il oktyabr çağırışı ilə əlaqədar olaraq çağırış gününə 18 yaşı tamam olacaq 30 yaşı tamam olmayan kişi cinsindən olan vətəndaşlar müddətli hərbi xidmətə cəlb edilmişdirlər. Çağırış qabağı hazırlıqla əlaqədar olaraq vətəndaşlar müvafiq tarixdə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsində Hərbi Həkim Komissiyasından keçməli olduqları barədə məlumatlandırılırlar. Vətəndaşlar Hərbi Həkim Komissiyasından keçərkən sağlamlıqları ilə bağlı hər hansı şikayətləri olduqda əlavə tibbi müayinəyə göndərilirlər. X6 xx.xx.2024-cü il tarixdə özünü İddiaçı sürücüsü kimi təqdim edərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə ərizə yazaraq şəxsin təhsil alması sənədin sentyabr ayının 10-a kimi təqdim ediləcəyini bildirmişdir. İddiaçı xaricdə təhsil aldığı üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun həmin dövrdə qüvvədə olan 21.1.5-ci maddəsinə, hal-hazırda yanvar ayının 1-dən qüvvəyə minən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 21.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixə kimi çağırışdan möhlət hüququ verilmişdir. Belə ki, 2020/2021-ci tədris ilində magistra qəbul olmuşdur. Magistr təhsilinin 2 il olduğunu nəzərə alsaq, şəxs artıq təhsilini bitirmiş olmalı idi. Möhlət hüququ verilmişdir ki, 2023-cü ilin sentyabr ayında təhsilini bitirməli idi. Sentyabr ayında vətəndaş barəsində qərar qəbul edilir. Təhsil aldığı təqdirdə təhsilinə görə möhlət verilməli, sağlamlıq vəziyyəti ilə əlaqədar problem olduğu təqdirdə sağlamlığına görə möhlət verilməli və qeyd olunan hallar olmadığı təqdirdə hərbi xidmətə cəlb edilməlidir. İddiaçı təhsil almağı ilə bağlı arayışı sentyabr ayında təqdim etsəydi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən 2024-cü ilin oktyabr çağırışında ona möhlət hüququ veriləcəkdi. Yaş senzi ilə bağlı məhdudiyyət xx.xx.2025-ci il tarixdən qüvvəyə minib. May ayının 1-dən stop tətbiq olunacaq, ölkəyə gələ biləcək, lakin ölkəni tərk edə bilməyəcək. İddiaçı arayışı 16 sentyabr tarixində alıb, 24 sentyabr tarixində notarius təsdiq edib, İdarəyə isə yanvar ayında müraciət edilib.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə daxili inteqrasiya sistemi mövcuddur. Şəxs ilkin olaraq ali təhsil müəssisəsində qəbul olduqda təhsili ilə bağlı sənəd təqdim edir və şəxsə təhsil müddəti üzrə möhlət verilir. Lakin şəxs xaricdə təhsil aldıqda daxili inteqrasiya imkanı olmadığı üçün müvafiq olaraq hər il arayışın yenilənməsi tələb olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.3-cü maddəsinə əsasən çağırış ayınadək, yəni sentyabr ayına kimi müvafiq arayış İdarəyə təqdim edilməli idi. Nəzərə çatdırılır ki, şəxs növbəti kursa keçə bilmədiyi halda təhsil ilə bağlı möhlət verilir. Lakin qanunvericilikdə yaş senzi də nəzərdə tutulmuşdur. Magistr üçün həmin yaş senzi 26 kimi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının 26 yaşı tamam olmuşdur. Şəxs sentyabr ayında arayış təqdim etməli idi. Həm sənədin təqdim edilməməsi, həm də 26 yaşının tamam olması şəxsin hərbi xidmətə cəlb edilməsi üçün əsasdır. İddiaçı sənədi təqdim etməyib və artıq oktyabr, yanvar, aprel ayları üzrə ümumilikdə üç çağırışdan yayınmışdır. Bununla əlaqədar polisə müraciət olunmuşdur və prokurorluğa da müraciət olunacaq.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

9. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

10. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin üzərinə qoyulmasını tələb edir.

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu (27 dekabr 2024-cü il tarixli 111-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək olan redaksiya): Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək; 21.1.4-1. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə; 21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. 21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

15. 27 dekabr 2024-cü il tarixli 111-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi yeni redaksiyada verilmişdir: Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə. 21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır. 21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir. 21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir. Qeyd:

1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

2. Bu Qanunun 21.1.2 – 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur

16. İddiaçı çağırışa möhlət verilməsi hüququnun yaranmasının əsası olaraq Polşa Respublikasının Lazarski Universitetində “İqtisadiyyat və İdarəetmə” fakültəsində əyani formasında magistratura təhsili aldığını bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri izahatında İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsindən imtinanın dəlili olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.3-cü maddəsinə istinad etmiş və bildirmişdirlər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə daxili inteqrasiya sistemi mövcuddur. Şəxs ilkin olaraq ali təhsil müəssisəsində qəbul olduqda təhsili ilə bağlı sənəd təqdim edir və şəxsə təhsil müddəti üzrə möhlət verilir. Lakin şəxs xaricdə təhsil aldıqda daxili inteqrasiya imkanı olmadığı üçün müvafiq olaraq hər il arayışın yenilənməsi tələb olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.3-cü maddəsinə əsasən çağırış ayınadək, yəni sentyabr ayına kimi müvafiq arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə təqdim edilməli idi. Belə ki, sentyabr ayında vətəndaş barəsində qərar qəbul edilir. Təhsil aldığı təqdirdə təhsilinə görə möhlət verilməli, sağlamlıq vəziyyəti ilə əlaqədar problem olduğu təqdirdə sağlamlığına görə möhlət verilməli və qeyd olunan hallar olmadığı təqdirdə hərbi xidmətə cəlb edilməlidir. İddiaçı təhsil almağı ilə bağlı arayışı sentyabr ayında təqdim etsəydi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən 2024-cü ilin oktyabr çağırışında ona möhlət hüququ veriləcəkdi. Buna baxmayaraq iddiaçının atası X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə müvafiq arayışla birlikdə 2025-ci ilin yanvar ayında müraciət etmişdir.

18. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı 2024/2025 tədris ili üzrə Polşa Respublikasının Lazarski Universitetində təhsil alması faktı ilə bağlı 2 arayış mövcuddur: 1) Lazarski Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 322/45635/2024/ANG nömrəli Təhsil haqqında Arayışda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü, Məmmədli X8 Universitetinin tələbəsidir, ikinci dərəcə üzrə əyani təhsil alır və 2024/2025ci il tədris ilinin ikinci semestri üçün qeydiyyatdan keçmişdir, gözlənilən məzun tarixi: xx.xx.2025-ci ildir. Müvafiq Arayışın həqiqiliyi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq edilmişdir. İş materiallarına əsasən müvafiq Arayışın cavabdeh orqana təqdim edilməsi halı müəyyən edilmir. 2) Lazarski Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 458/45635/2024/ANG nömrəli Təhsil haqqında Arayışda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü, Məmmədli X8 Universitetinin tələbəsidir, ikinci dərəcə üzrə əyani təhsil alır və 2024/2025ci il tədris ilinin ikinci semestri üçün qeydiyyatdan keçmişdir, gözlənilən məzun tarixi: xx.xx.2025-ci ildir. Müvafiq Arayış xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən valideynlərinə göndərilmiş və Arayışın həqiqiliyi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq edilmişdir. Nəticə olaraq müvafiq Arayış iddiaçının atası tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə 2025-ci ilin yanvar ayında təqdim edilmişdir (Qeyd olunan hallar məhkəməyə təqdim edilən iddia ərizəsində və iddiaçının atası tərəfindən cavabdeh orqana ünvanlanan ərizədə əksini tapmışdır).

19. Odur ki, məhkəmə müəyyən edir ki, İddiaçı təhsil almağı haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək (2024-cü ilin sentyabr ayınadək) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə təqdim etmədiyindən cavabdeh orqan iddiaçı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırmaqda haqlı olmuşdur.

20. Məhkəmə digər tərəfdən nəzərə alır ki, iddiaçının təhsil almağı barədə arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə 2025-ci ilin yanvar ayında təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdən qüvvədə olan qanunvericiliyə əsasən əyani təhsilalma formasında magistraturada təhsil alan şəxslərə müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla təhsili davam etdirmək üçün çağırışa möhlət verilir. İddiaçı xx.xx.1999-cu il təvəllüdlüdür, xx.xx.2025-ci il tarixdə (yaş senzi ilə bağlı məhdudiyyət qanuni qüvvəyə mindikdən sonra) 26 yaşı tamam olmuşdur. Odur ki, hazırki vəziyyətdə iddiaçı təhsilini davam etdirməsinə baxmayaraq 26 yaşı olduğundan ona münasibətdə təhsilini davam etdirmək üçün çağırışa möhlət verilməsi qanunvericilik baxımından nəzərdə tutulmur.

21. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar