Məhkəmə qərarları › İş №2-1(112)-724/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-724/2025

06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-724/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən müharibəsi dövründə Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində X5 Mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X5 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq fəaliyyət göstərib və iddiaçı da orada iştirak etmişdir. Bu barədə onun hərbi biletində də müvafiq əmrlər yazılmışdır. Müharibə veteranı adı almaq üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin iddiaçının və digər dövlət orqanlarının cavabdehə edilmiş rəsmi müraciətlərinə heç bir rəsmi cavab verilməmişdir. Axırıncı dəfə xx.xx.2023-cü ildə cavabdehə müraciət olunub, xx.xx.2023-cü il tarixdə cavabdeh məktubu rəsmi alsa da, heç bir cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidlyyətı üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi götərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2.Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda yaşadığı evin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan və aidiyyəti istiqamətdə ezam olunmuş şəxslərin müvafiq sənədləri onlara “müharibə veteranı” adının verilməsi məsələsinə baxılması üçün TƏBİB-in 22 noyabr 2022-ci il tarixli PHŞ/6-2-2022-11554 nömrəli məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən 4/5- 13788 nömrəli məktubda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan və adlı siyahı üzrə təqdim edilmiş 275 əməkdaşın sənədlərində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaları barədə müvafiq məlumatların olmaması səbəbilə köməklik göstərilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli 2/2-721 nömrəli İddiaçı ünvanladığı məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 275 əməkdaşı aidiyyəti istiqamətdə Müdafiə Nazirliyinin hərbi hissələri tərəfindən döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmuşdur. Belə olan halda hazırki cavabdeh iddiaya cavab verən orqandır. Odur ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddia qaldırmaqda iddiaçının subyektiv hüququ mövcuddur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər.

İnzibati iş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırki tələb ilə bağlı məhkəməyə müraciət etməmişdən qabaq, cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X10 Xəstəxanası” publik hüquqi şəxsin 06 may 2022-ci il tarixli 06/05-23/1 nömrəli arayışında qeyd edilmişdir ki, TTTY-nin feldşeri İddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X6 Mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X6 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 23 noyabr 2022-ci il tarixli PHŞ/6-2-2022-11360 nömrəli məktubunda qeyd edilmişdir ki, Vətən müharibəsində müvafiq istiqamətdə İddiaçı xidmətinə görə “müharibə veteranı” adının verilməsi məsləsi ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə təqdim edilən sənədləri aidiyyəti üzrə baxılması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. İddiaçı məxsus AO ******* nömrəli hərbi biletdən görünür ki, o, hərbi xidmətə yararsızdır, vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlər zamanı yaralı hərbiçilərinin X6 Mərkəzinə təxliyyə edilməsində və ilkin tibbi xidmət göstərilməsində yaxından iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 3-43-46/2-379/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubuna əsasən Əliyev X7, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin X6 Mərkəzinə təxliyyə edilməsində və ilkin tibbi xidmətlərin göstərilməsində yaxından iştirak etmişdir. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 16 may 2022-ci il tarixli 16/05-261-22 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ikinci vətən müharibəsində uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin X6 Mərkəzinə təxliyyə edilməsində və ilkin tibbi xidmətin göstərilməsində yaxından iştirak etmişdir. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X6 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Respublikası Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin 10 dekabr 2024-cü il tarixli 18-1-88/2-2472/2024 saylı ünvan ünvanladığı məktubu ilə “44 günlük Vətən müharibəsi dövründə döyüş zonasından yaralı və şəhidlərin təxliyəsində və tibbi xidmət göstərilməsində iştirak etmiş əməkdaşlar”ın siyahısını təqdim etmiş, həmin siyahıda İddiaçı adı 17-ci bənddə göstərilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeli tibb müəssisələrinin rəhbərlərinə ünvanladığı 12 iyun 2023-cü il tarixli PHŞ-6/2-3852/2023 “Veteran adı və vəsiqəsi haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan şəxslərə həmin döyüşlər aparılan ərazilərdə müvafiq tibbi təxliyə yolları üzərində müvəqqəti məntəqələrin yaradılması və onun işinin təşkilinin həyata keçirilməsi, o cümlədən digər tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq, “müharibə veteranı” adının verilməsi məsələsi ilə bağlı TƏBİB-ə çoxsaylı müraciətlər daxil olmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan və aidiyyəti istiqamətdə ezam olunmuş şəxslərin müvafiq sənədləri onlara “müharibə veteranı” adının verilməsi məsələsinə baxılması üçün TƏBİBin 22 noyabr 2022-ci il tarixli PHŞ/6-2-2022-11554 nömrəli məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən 4/5-13788 nömrəli məktubda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan və adlı siyahı üzrə təqdim edilmiş 275 əməkdaşın sənədlərində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaları barədə müvafiq məlumatların olmaması səbəbilə köməklik göstərilməsinin mümkün olmadığı bildirilmişdir. “Bakı şəhəri təcili və X4 Stansiyası” publik hüquqi şəxsin 1759 nömrəli 27 sentyabr 2020ci il tarixli əmri ilə Sərhəd zonalarına tibb işçilərinin göndərilməsinin təmin edilməsi, adları göstərilən heyətin siyahısının əmrə əlavə edilməsi əmr edilmişdir.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun

2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3-ci maddəsinə əsasən, ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun

2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən

Müharibə veteranı adı aşağıdakı qaydada verilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ( Birinci hissəsinin on birinci abzas)

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər İşin faktiki hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi hissədə xidmət keçməsi və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının döyüş zonasından yaralı və şəhidlərin təxliyəsində və tibbi xidmət göstərilməsində iştirak etməsi onun müharibə veteranı olmasına dəlalət etmir. Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək də şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi zəruridir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür. İddiaçının hər hansı hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hallar hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Məhkəmə araşdırması ilə iddiaçının ona müharibə veteranı statusunun verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır .

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir;

11. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar