Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7241/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən faktiki yaşadığı və ona məxsus olan ünvan 1 ünvanına passport qeydiyyatına alınması və bu barədə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin DİN-nin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanına passport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən ünvan 2 ünvanında faktiki yaşayır . Onunla birgə həmin evdə həyat yoldaşı, bir oğlu və bir qızı nəvələri də yaşayır. O, həyat yoldaşı Muradova Həbibə ilə 1976 ildə ailə qurduqdan sonra həmin ünvana köçüb yaşamışdır. 1985-ci ildə həmin evə rəsmi pasport qeydiyyatına alınmış, lakin 2013-cü ildə onun ev nöbəsi çatdığına görə " SOCAR " neft şirkəti Bakı şəh Qaradağ rayonu Sahil qəsəbəsində ona ev vermiş, o da 2013-cü ildə hüqüqlarını yaxşı bilmədiyinə görə həmin evə yəni Qaradağ rayonu Sahil qəsəbəsi ev 21 a mənzil 60 qeydiyyata alınmışdır .Sonradan bunun elə də vacib olmadığını bilmişdir. İddiaçı qeydiyyatının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etdiyini, cavabdehin imtina etdiyini və bu imtinanın əsassız olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsi bu barədə 26 fevral 2021-ci ildə 091-33781 saylı cavab məktububda qeyd etmişdir ki, İddiaçı cavabdehə qarşı iddia tələbinə dair keçirilən məhkəmə iclasında cavabdehin iştirakı olmadan keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın imtinasının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İddiaçı hazırki tələblə Bakı şəhəri, Yasamal rayon polis idarəsinə müraciət etmiş, sonuncu tərəfindən 24.05.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və ona Asan xidmət mərkəzlərindən birinə müraciət etməli olduğu bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09.01.2015-ci il tarixli, 02 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 22.02.1985-ci il tarixdən Yasamal rayonu, Zaur Kərimov küçəsi 248 A nömrəli ünvanda qeydiyyatda olmuşdur. İddiaçı AZE seriyalı, ******** nömrəli, 09.01.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinə əsasən qeydiyyatdan çıxmış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a, mənzil 60-a ünvanına qeydiyyata alınmışdır. Bakı Şəhəri, Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 26.05.2021-ci il tarixli, 176 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 iyul 2021-ci il tarixli, **********48 nömrəli sorğuya cavab məktubunda qeyd olunur ki, ünvan 5 fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 018-9099-1221 nömrəli, 25 iyun 2021-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, xx.xx.1941-ci il təvəllüdlü İddiaçı 09.06.1976-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 79, mənzil 35-də, 28.09.2003-cü il tarixdən 15.01.2013-cü il tarixədək Yasamal rayonu, Zaur Kərimov küçəsi 248 A-da qeydiyyatda olmuş, 15.01.2013-cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş Kommunal xidmətlər müəssisəsi MMC tərəfindən verilmiş məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərdən, Bakı Elektrikşəbəkə ASC-nin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 630302 nömrəli protokolundan, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 04.02.2019-cu il tarixli müqavilədən və "xxxx" ASC-nin bildiriş-xəbərdarlığından görünür ki, ünvan 5 ünvan üzrə məişət tullantılarına görə ödəyici qismində İddiaçı çıxış edir, həmçinin qaz, işıq və su sayğacları iddiaçının adınadır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddianın tələbinin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 5 ünvanında yerləşən mənzil onun istifadəsində olmaqla, uzun illər daimi yaşayış yeri olduğuna görə hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Yasamal rayonu, Zaur Kərimov küçəsi 248 A nömrəli ünvana qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Yasamal rayonu, Zaur Kərimov küçəsi 248 A nömrəli ünvana qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7241/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7241/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver