Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7242/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 21.12.2018-ci il tarixindən 21.12.2021-ci il tarixinə kimi ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra inzibati işin ərazi aidiyyəti məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 02.07.2021-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 yaşayış yeri olan Masallı rayonu, Bədəlan ərazi dairəsi, Bədəlan kəndində qeydiyyatdadır. İddiaçı “Sosial müavinətlər haqqında” Qanunun tələblərini rəhbər tutub müharibə veteranı kimi aylıq sosial müavinətin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialına müraciət etmiş, cavabdeh orqan **********0 nömrəli, 07.05.2021-ci il tarixli məktubu ilə müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialının qeyd edilən imtinasını Bakı İnzibati Məhkəməsində mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: -8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda yuxarıda qeyd edilən 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Hazırkı işdən müəyyən olunur ki, iddia tələbi üzrə mübahisə ərazi aidiyyətinin qeyd edilən xüsusi qaydalarına aid deyildir. İnzibati iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla İPM-in 8.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin (bundan sonra - Fond) struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış, onların Əsasnamələri təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialının əhatə etdiyi rayonlara Yardımlı və Masallı rayonları daxildir. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatını Yardımlı, Masallı şöbələri (filialları) üzrə Fondun 8 saylı regional ərazi filialı həyata keçirir. Hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialı Masallı rayonu, H.Əliyev prospektində yerləşdiyindən ərazi aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəmə Şirvan İnzibati Məhkəməsi hesab olunur. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin Qərara görə Masallı rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılmasına zərurət görmür. Şərh edilənlərə əsasən və İPM-in 8.1.4, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 8 saylı Regional Ərazi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-7242/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7242/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7242/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver