Məhkəmə qərarları › İş №2-1(112)-7242/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7242/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7242/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2527 №-li sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2527 №-li sərəncamına əsasən ona ayrılmışdır. Torpaq sahəsi 2000-ci il tarixdə yerdə və naturada ona qədim edilmiş və bu günə qədər torpaq sahəsindən maneəsiz istifadə etməkdədir. Həmin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətinin icrasından imtina edilmişdir. İmtinaya səbəb olaraq torpaq sahəsinin yerləşməsinə dair sənədin təqdim edilməməsini əsasə gətirilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Müvafiq qanunvericiliyə zidd olaraq imtinanın verilməsi ilə bağlı 5 günlük icra müddətinin ötürüldüyünü qeyd edir. Hesab edir ki, sözügedən torpaq sahəsi Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2527 saylı Sərəncamına əsasən qanuni əsaslarla ayrıldığından cavabdeh onun mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı deyil və müvafiq qanunvericilik aktlarına əsasən onun qanunla qorunan hüquqları pozulmuşdur. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən sahə kadast planındaki koordinatlardan 1900 metr aralıda yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən sahənin ümumi istifadədə olan asfalt yol olduğu və faktiki ölçüsünün 540 kv. m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti başçısının “X1 Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 2527 №-li Sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Ərəblinski küçəsi, ev 1də yaşayan X3 Şüvəlan qəsəbəsində İİİ-96 227 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılmışdır. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən həmin qurumun 2527 saylı Sərəncamı əsasənda tərtib edilmiş xx.xx.2000-ci il tarixli Şüvəlan qəsəbəsində vətəndaş X4 ayrılan torpaq sahəsinin xəritədən çıxarışından müəyyən olunur ki, L – formalı torpaq sahəsinin ölçüləri (sol sərhəddən başlanılmaqla saat əqrəbinin əksinə istiqamətdə) 59 m., 65.4 m., 12.5 m., 57.9 m., 49 m., 9.55 m.-dir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış “Torpaq sahəsinin avtomobil yolunun qorunma (mühafizə) zolağına düşüb-düşmədiyi barədə” xx.xx.2025-ci il tarixli, 11-1/2-201-8/2025 №-li cavab məktubundan müəyyən olunur ki, sözügedən 0,12 ha torpaq sahəsi yaşayış məntəqəsinin hüdudlarında yerləşir və həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı mövcud deyildir. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin ölçüləri hüquq müəyyənedici sənəd üzrə 1200.0 kv.m və faktiki olaraq 540.0 kv.m-dir. Ərizəçi tərəfindən göstərilən torpaq sahəsi ümumi istifadə olunan asfalt yoldur. Kadastr planına əsasən 1900.0 m məsafədə yerləşir. Koordinatları verilmiş sahə kadastr planından verilmiş koordinatlardan 1900 m aralıda yerləşir. X Y 431678.838 4483985.088 431669.894 4483985.439 431669.863 4483992.688 431668.513 4484044.905 431678.080 4484043.930 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 528633 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmişdir ki, sənəd Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2527 saylı Sərəncamı ilə 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsi Ş96/227 saylı fərdi yaşayış evi tikintisi üçün təyin edilmişdir. X13 kitabında xx.xx.2014 tarixdə, 40764 № ilə uçota alınmışdır. Torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsindən (sertifikatı) müəyyən olunur ki, torpaq sahəsinin ölçüsü – 1200 kv.m; zonası – 12; normativ qiyməti 4800 AZN-dir. xx.xx.2025-ci il tarixdə X7 tərəfindən verilmiş “Ərizə”də göstərilmişdir ki, ona məxsus olan Bakı şəhəri. Xəzər rayonu. Şüvəlan qəsəbəsi. 13G saylı sahə (yeni qaydalarla: az 1150. Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan qəsəbəsi. 80-cı Şüvəlan küçəsi. giriş 125) ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin qarşısından keçən 2527 №-li xx.xx.2000-ci il tarixli sərəncama əsasən Bakı şəhəri. Xəzər (Əzizbəyov) rayonu ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin X2 adına sənədləşməsinə. qeydiyyata alınmasına etiraz etmir və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq. xx.xx.2025-ci il tarixdə X5 tərəfindən verilmiş “Ərizə”də göstərilmişdir ki, ona məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evinin qarşısından keçən 2527 №-li xx.xx.2000-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşməsinə, qeydiyyata alınmasına etiraz etmir, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq. xx.xx.2025-ci il tarixdə X5 tərəfindən verilmiş “Ərizə”də göstərilmişdir ki, ona məxsus olan ünvan 4 ünvanında yerləşən 0.0715 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi-yaşayış evinin qarşısından keçən 2527 №-li xx.xx.2000-ci il tarixli sərəncama əsasən Bakı şəhəri. Xəzər (Əzizbəyov) rayonu ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşməsinə, qeydiyyata alınmasına etiraz etmir gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq. xx.xx.2025-ci il tarixdə X5 tərəfindən verilmiş “Ərizə”də göstərilmişdir ki, ona məxsus olan ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin qarşısından keçən xx.xx.2000-ci il tarixli, 2527 №-li sərəncama əsasən bakı şəhəri. xəzər (əzizbəyov) rayonu ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşməsinə. qeydiyyata alınmasına etiraz etmir. Gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq. İddiaçının hazırki müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş cavab məktubundan müəyyən olunur ki, “... torpaq sahəsinin yerləşməsini müəyyən edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci madddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-38830/2025 №-li cavab məktubunda təqdim edilmiş xx.xx.2025-ci il tarixli, ********** ********** xx.xx.2005 №-li “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin faktiki olaraq sahəsi 0.12 ha təşkil edir. Göstərilən sahə asfalt yol kimi istifadə olunur. Qonşu sahələrin giriş-çıxışı sözügedən həmin sahədəndir. Göstərilən sahənin koordinat cədvəli işə əlavə olunmuşdur. X Y 431668.415 4484044.118 431677.985 4484043.148 431678.996 4483995.748 431733.502 4483994.470 431733.142 4483981.592 431669.758 4483985.430 TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. .... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

MƏHKƏMƏNİN MÖVQEYİ

Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 2000-ci il tarixli sərəncamının mövcudluğuna istinad etmişdir. Həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Köhnə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci il redaksiyasına) görə: - 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; - 9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; - 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; - 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; - 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; - 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; - 100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: -1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; -2-ci hissəsinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; -23-cü hissəsinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; -25-ci hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; -26-cı hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları”nın: Bu Qaydalar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydalarını tənzimləyir.

1. Torpaq sahələrinin geri alınması və ayrılması haqqında vəsatətə baxmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq sahəsinin geri alınması və ayrılması haqqında vəsatət qaldıran aidiyyəti orqanların hüquqi və fiziki şəxslərin (sifarişçinin) nümayəndələrinin bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər torpaq şöbələri hazırlayırlar.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərə istifadəyə verilmiş torpaq sahələri dövlət ehtiyacları üçün torpaq sahələri istifadəçilərinin razılığı olduqda, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyənin qərarı əsasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə geri alına bilər. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab edilir. Bundan başqa məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə bağlı İcra Hakimiyyəti başçıları tərəfindən qəbul edilmiş sərəncamlar, onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayılır. Göründüyü kimi hazırkı halda yerli icra hakimiyyəti orqanının sərəncamının hüquqmüəyyənedən sənəd qismində tanınmasını istisna edən hər hansı hal mövcud deyil. Cavabdehin imtina əsaslarının ilkini – “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq olması və sahənin faktiki ölçüsünün 540 kv.m təşkil etdiyi müəyyən edilməsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmənin müvafiq prosessual hərəkətləri nəticəsində əldə edilmiş, xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mübahisə predmeti olan topraq sahəsinin faktiki sahəsinin 0.12 ha olduğu göstərilmişdir ki, bu hal cavabdehin etriazının qeyd edilən əsasını aradan qaldırır. Cavabdehin imtina əsaslarının ikincisi – İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən sahənin ümumi istifadədə olan asfalt yol olmasıdır. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış “Torpaq sahəsinin avtomobil yolunun qorunma (mühafizə) zolağına düşüb-düşmədiyi barədə” xx.xx.2025-ci il tarixli, 11-1/2-201- 8/2025 №-li cavab məktubundan müəyyən olunur ki, sözügedən 0,12 ha torpaq sahəsi yaşayış məntəqəsinin hüdudlarında yerləşir və həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı mövcud deyil. Torpaq sahəsinin ümumi istifadədə olan hissəyə sahib olması və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qeyd edilən məktubunda göstərilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudlarında yerləşməsi əsaslarına münasibətdə məhkəmənin müvafiq prosessual hərəkətləri nəticəsində sözügedən torpaq sahəsinin qonşuluğunda yaşayan vətəndaşlar tərəfindən təqdim edilmiş ərizələrə əsasən, onlar sahənin iddiaçı adına sənədləşməsinə, qeydiyyata alınmasına etiraz etmirlər və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbləri olmayacaq. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter” qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək, ona verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar