Məhkəmə qərarları › İş №2-1(112)-7244/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7244/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7244/2024 03.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X12, X10 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “X8, X12, X10, X3 onun qanuni xüsusi mülkiyyətində olan ünvan 3 saylı yaşayış evinin 47,7 kv.m olan hissəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 saylı yaşayış evinin qanuni mülkiyyətçisidir. Bununla əlaqədar ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı. ******* nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Hazırkı üçünçü şəxslər isə onun xüsusi mülkiyyəti olan yaşayış evində yaşamırlar. Onun evində sadəcə formal olaraq qeydiyyatda qalmışlar. Üçüncü şəxslər məhkəməyə müraciət edərək evə köçürülmə tələbini irəli sürmüşlər. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin yekun qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə. iddia tələbləri təmin edilməyərək rədd edilmişdir. Üçüncü şəxslərin istifadə hüquqları mövcud olmadığından qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X12, X10 və X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən X8, X12, X10 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2021 saylı 02 iyun 2021-cı il tarixli qətnaməsi qismən, yəni X11, X8, X10, X5 qeydiyyatda olduqları Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsi 111 saylı, ümumi sahəsi 47.7 kv.m olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evdə 3 otaq (47,7 kv.m) İddiaçı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (14,0 kv.m) X2 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (18,2 kv.m) X6 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (8,7 kv.m) X4 (qeydiyyat tarixi xx.xx.2009-cu il) və 1 otaq (18,2 kv.m) X1 (qeydiyyat tarixi xx.xx.2009-cu il) mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X12, X10 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddiaçı qismində digər paylı mülkiyyətçilər birgə iddiaçı kimi qeyd edilməsi, iddia tələbinin qeydiyyatdan çıxarılmasını istədiyi şəxslərin yaşayış evinin ona məxsus hissəsindən deyil, ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi dəqiqləşdirərək bu barədə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə onun cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X12, X10 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, sözügedən ev ümumi paylı mülkiyyətdədədir. İddiaçı həmin mülkiyyətçilərdən biri olmaqla üçüncü şəxslərin həmin ünvanın özünə məxsus hissəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının evin öz mülkiyyətində olan hissəsinə dair hazırki iddianı irəli sürməyə hüquqi marağı mövcuddur. Lakin işin materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər Nəsimi rayonu, Əbilov küçəsi ev 111 ünvanında (yalnız iddiaçının mülkiyyətində olan hissədə deyil, ümumi mülkiyyətdə olan ev ünvanında) qeydiyyatdadırlar. Belə olan halda, iddia lazımi qaydada qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia evin digər mülkiyyətçiləri ilə birgə iddiaçılar qismində göstərilməklə, üçüncü şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qaldırıla bilər. Bu barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım məktubu göndərilmiş (xx.xx.2024-cü il tarixdə çatdırılmışdır), buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X12, X10 və X11) “ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbi həmin evə dair sərəncam vermək hüququ ilə əhatə olunur və evin bütün paylı mülkiyyətçilərinin birgə iddiası formasında qaldırıla bilər. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar