Məhkəmə qərarları › İş №2-1(112)-7251/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7251/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7251/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi (direktoru) X2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xiram verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Mənzil Tikinti Kooperativi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət və C.Hacıbəyli küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsinə 0959 saylı 11 iyun 2012-ci il tarixli icarə müqaviləsinə 16 yanvar 2015-ci il tarixdən etibarən xitam verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 118 saylı, sərəncamı ilə 04 iyun 2012-ci il tarixli 12591 saylı inşaat pasportu əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət və C.Hacıbəyli küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsinə 0959 saylı 11 iyun 2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sahəsi 766,9 kv.m olan torpaq sahəsi İddiaçı MMC-yə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün icarəyə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət və C.Hacıbəyli küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində 17 mərtəbəli 3 girişli yaşayış binası inşa edilmiş və həmin bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 yanvar 2015-ci il tarixli 22 saylı sərəncamı ilə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktı ilə istismara qəbul edilmişdir. 16 yanvar 2015-ci il tarixinədək İddiaçı MMC tərəfindən 0959 saylı 11 iyun 2012-ci il tarixli icarə müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilmiş, müqavilənin şərtlərinə uyğun olaraq icarə haqları vaxtlı-vaxtında ödənilmişdir. Həmin tarixdən İddiaçı MMC-nin səlahiyyətləri bitmiş hesab edilmişdir və bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 0959 saylı 11 iyun 2012-ci il tarixli icarə müqaviləsinə 16 yanvar 2015-ci il tarixdən xitam verilməlidir. İddiaçı bununla bağlı ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və 3-52/2- 835/2024 saylı 13 fevral 2024-cü il tarixli məktubla qeyri-müəyyən cavab verilərək müqaviləyə xitam verilməsi üçün lazmi hüquqi əsasların olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, bununla cavadeh inzibati orqan ərizəyə imtina cavabı vermişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.

3. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı Mənzil Tikinti Kooperativi (VÖEN: **********) xx.xx.2009-cu il tarixində Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Təşkilati-hüquqi forması: Kooperativ Maliyyə ili: 1 yanvar-31 dekabr Hüquqi ünvanı: AZ1073, ünvan 1 kapitalının miqdarı: 50.00 manat Çıxarışın verildiyi tarix və №: xx.xx.2009; **********661400

4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 11 iyun 2012-ci il tarixli, 0959 nömrəli Müqaviləyə əsasən İddiaçı MMC adından çıxış edən direktor Nazim Orucovun şəxsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 118 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı, xx.xx.2012-ci il tarixli, 12591 saylı inşaat pasportu əsasında Nəsimi r., A.Səhhət və C.Hacıbəyli küçələrinin kəsiçməsində ayrılmış torpaq sahəsinə icra müqaviləsi bağlanmışdır.

5. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının xx.xx.2015-ci il tarixli Aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət və C.Hacıbəyli küçələrinin kəsiçməsində 17 mərtəbəli (+texmərtəbə) 3 girişli yaşayış binası (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı yeraltı avtodayanacaq) istismara qəbul edilmişdir.

6. İddiaçı MMC tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2023cü il tarixli Ərizədə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 118 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı əsasında verilmiş 04.06 2012-ci il tarixli 12591 saylı inşaat pasportuna əsasən Nəsimi rayonu, A.Səhhət və Hacıbəyli küçəsinin kəsişməsində ayrılmış torpaq sahəsində AKT İnşaat MMC ilə yüksək mərtəbəli ev tikmək üçün 11 iyun 2012-ci il tarixli 0959 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin tikinti 16 01 2015-ci ildə 22 saylı sərəncam ilə təhvil verilərək Dövlət Aktı alınmışdır və həmin vaxta qədər icarə haqqı ödənilmişdir. Bu tarixdən etibarən AKT İnşaatın səlahiyyətləri bitmiş hesab olunmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 68,69, 75, 81 və 85-ci maddələrinə əsasən xx.xx.2012-ci 2012-ci il tarixli 0959 nömrəli müqaviləyə xx.xx.2015-ci il tarixindən etibarən xitam verilməsi xahiş edilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, icarə hüququna dair münasibətlər qüvvədə olan torpaq və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir və sözügedən qanunvericiliyin müddəalarına əsasən torpaq sahəsinə dair icarə müqavilələri bağlanır, onlara dəyişiklik edilir və yaxud ləğv edilir. Eyni zamanda qeyd edilir ki, icarə müqaviləsinin ləğv edilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqi əsaslar təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxıla bilər.

8. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarından:

23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.

14. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 may 2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir.

15. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə iddia tələbi sahibkarlıq subyekti olan İddiaçı Mənzil Tikinti Kooperativi ilə dövlət orqanı olan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış mülki hüquqi əqdin xitam verilməsi ilə bağlıdır, yəni mübahisə mülki xarakterli olmaqla inzibati orqanın “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyildir.

16. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq hazırki iddia tələbi ilə səlahiyyətli kommersiya məhkəməsinə müraciət etməlidir.

17. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə təmin edildiyindən və həmin qaydaların pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab olumadığından iddianın mümkün sayılmaması məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qəbul edilən məhkəmə aktı qarşıya qoyulan məqsədə mütənasibdir.

18. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar