Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7255/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-05/2 nömrəli 24 yanvar 2023-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı-in 27 oktyabr 2023-cü il tarixli vəsatətini təmin edərək İddiaçı-ə və oğlu xx.xx.2009-cu il təvəllüdlü X5-a qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı onun 27 oktyabr 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 24 yanvar 2023-cü ildə DMX İQ-05/2 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. İPM-in 45-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin surəti tərəflərin sayına uyğun olaraq, iddia ərizəsinə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmək üçün iddia ərizəsinə əlavə edilir. İPM-in 46-cı maddəsinə əsasən iddia ərizəsinin forma və məzmununa riayət edilir. İddiaçı hazırkı iddia ərizəsini özü birbaşa verir. Məhkəmə icraatında İPM-in 31-ci maddəsinə əsasən nümayəndə vasitəsilə təmsil ediləcək. Ərizəçi İran vətəndaşıdır, xx.xx.1986-cı ildə İranın Nəqade şəhərində anadan olub və Sulduz şəhərində yaşayır. Ərizəçi etnik azərbaycanlıdır və İslamın şiə etiqadına sadiqdir. Ərizəçi bildirdi ki, iki dəfə evli olub, bu nikahlardan iki oğlu və iki qızı dünyaya gəlib. Hazırda boşanıb, anası vəfat edib, lakin atası, bacısı və qardaşı, həmçinin 3 uşağı hazırda İran İslam Respublikasının Sulduz şəhərində yaşayır. O, Nəqədə şəhərində orta məktəbi bitirdiyini, xüsusi peşəsinin olmadığını və ticarətlə məşğul olduğunu, 9 yaşından ailəsi ilə birgə əkinçiliklə məşğul olduğunu bildirib. Ərizəçi bildirdi ki, 2006-cı ildə İran İslam Respublikası X1 Korpusunda işə düzəlib, orada gizli (kəşfiyyat) xidmətlərdə çalışıb və 2010-cu ildə öz istəyi ilə işini tərk edib, sonra isə ticarətlə məşğul olub. Ərizəçi 2010-cu ildə X1 Korpusunu PKK terror təşkilatı ilə əməkdaşlıq etdiyinə görə tərk etdiyini bildirib. Onun sözlərinə görə, bir il əvvəl İranda Milli Birlik Hərəkatı adlı virtual təşkilat yaradıb. O əlavə edib ki, İranda yaşayan Azərbaycan türkləri arasında milli birlik ideyalarının təbliğində fəallıq göstərir. O bildirib ki, həmin qurumun əsas məqsədi Quzey və Güney Azərbaycanın birləşməsi istiqamətində fəaliyyət göstərməkdir. Müsahibə zamanı ərizəçi qeyd edib ki, milli şüurun artırılması və milli oyanışın gücləndirilməsi məqsədilə Təbriz, Urmiya, Zəncan, Gilan, Ərdəbil şəhərlərində təxminən 10-15 dəfə plakatlar paylayıb. O, İranın xüsusi xidmət orqanı olan Ettelaat tərəfindən 2021 -ci ilin iyununda Saxsitəpə rayonunda kürd və türk ailələri arasında baş vermiş münaqişənin lentə alınması və yayımlanmasına görə milli düşmənçilik yaratmaqda ittiham olunduğunu vurğulayıb. O, Azərbaycana oğlu ilə birlikdə gəldiyini qeyd edib. Esmətzadə Əbülfəzi 10 oktyabr 2022-ci il tarixdə barəsində cinayət işi açılaraq müdafiə hüququ təmin edilmədən məhkəmə qərarı çıxarıb. O, həmçinin iddia edib ki, 2021-ci ildən bəri mülki siyasi fəaliyyətinə görə İranın Kəşfiyyat Xidmətləri tərəfindən bir neçə dəfə həbs edilib. Ərizəçi 10 noyabr 2019-cu ildə Azərbaycana gəlib. 27oktyabr 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, onun siyasi fəaliyyətlərdə iştirakına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 24 yanvar 2023-cu ildə DMX İQ-05/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. İddiaçı bildirmişdir ki, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. COİ hesabatında İranda ərizəçiyə qarşı təhlükəsizlik orqanları tərəfindən faktiki rəftarla bağlı məlumat verilir: “Nəqadə Ölkəsi Cinayət Məhkəməsinin 101 saylı şöbəsi azərbaycanlı türk fəal Höccət Esmətzadəni şallaq və iki il yarım həbs cəzasına məhkum edib. HRANA-nın hüquq müdafiəçilərinin xəbər agentliyinin məlumatına görə, azərbaycanlı türk fəal, Nəqadə sakini Höccət Esmətzadə 2 il 6 ay həbs və 50 şallaq zərbəsi ilə cəzalandırılıb. Nəqədə Cinayət Məhkəməsinin 101-ci Bölməsinin hökmü ilə E.Esmətzadə “ictimai asayişi pozmaq” ittihamı ilə 1 il həbs və 50 şallaq zərbəsi, “internetdə foto yayımlamaq” ittihamı ilə 18 ay müddətinə azadlıqdan məhrum edilib. 2021-ci il noyabrın 24-də Esmətzadə həbs olunaraq Nəqadə həbsxanasına göndərildiyi Kəşfiyyat Nazirliyinin mətbuat xidmətinə çağırılıb. Esmətzadə əvvəllər də mülki fəaliyyətinə görə başqa həbslər və çağırışlarla üzləşib”. Bundan əlavə, ərizəçi Saxsitəpədə türk və kürd ailələri arasında münaqişəni lentə almağa və yayımladığına görə Ettelaat tərəfindən təqib edildiyini izah etdi. Onun sözlərinə görə, o, milli ədavət salmaqda ittiham olunub və buna görə də həbs edilib. Ərizəçi hadisəni lentə aldıqdan və yayımladıqdan sonra sözügedən video və məlumatlar bir çox xəbər agentliklərində və sosial şəbəkələrdə “Güney Azərbaycanın Sulduz şəhərinin Saksitepə kəndindən acı xəbər” adı altında geniş şəkildə bəyənilib. Ümumilikdə, ərizəçinin siyasi cəhətdən fəal olması və vətəndaş-siyasi fəaliyyətlərdə iştirakı ilə mənşə ölkəsində təhlükəsizlik problemlərinin olması etibarlı kimi qiymətləndirilir. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin siyasi fəaliyyətlərdə iştirakı ilə görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İddiaçı siyasi fəaliyyətlərdə iştirakı ilə görə təqib edilməsi riskidir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır (İİQ, maddə 45.2.2). Hüquqtətbiqedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanhğı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitələliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“BMTQAK”), Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11). “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən iki qrupa bölünür: daxili mötəbərlik və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüsus MÖM-ün müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq bu iş üzrə xarici mötəbərliyin olubolmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanılmalı iki əsas amil ərizəçinin izahatlarının müfəsəllik (yaxud təfsilatsızlıq) səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq (yaxud ziddiyyətlilik) dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin dörd indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəlik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (bax Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33- cü səhifələr). Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasım təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib, lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olubolmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir: Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Əsaslı qorxu Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin etnik mənsubiyyətinə və dini inancına görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik. Belə ki, ərizəçi evli kişidir, İran İslam Respublikasının vətəndaşıdır. O, İranda siyasi fəaliyyəti ilə bağlı mənşə ölkəsinin dövlət təhlükəsizlik orqanları ilə təhlükəsizlik problemlərinin olduğunu bildirib. O, fəaliyyətinə görə həbs olunmaq və edam olunmaq riski olduğundan ölkəsinə qayıtmaqdan qorxduğunu bildirib. Təqib, təqib agentləri və təqib üçün əsaslar: "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi). Bu ehtimal ağlabatandır ki, İrana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır.Beləliklə, İrana qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. “Təqib olunmaqdan əsaslı qorxu” ifadəsi tərifin əsas ifadəsidir. [...] Qorxu subyektiv olduğundan, tərif qaçqın kimi tanınmaq üçün müraciət edən şəxsin subyektiv elementini ehtiva edir. Buna görə də, qaçqın statusunun müəyyən edilməsi onun mənşə ölkəsində hökm sürən vəziyyətlə bağlı mühakimə yürütməkdənsə, ilk növbədə ərizəçinin ifadələrinin qiymətləndirilməsini tələb edəcəkdir. Qorxu elementinə - ruh halı və subyektiv vəziyyətə - "əsaslı" keyfiyyəti əlavə olunur. Bu o deməkdir ki, onun qaçqın statusunu müəyyən edən təkcə onun düşüncə çərçivəsi deyil, həm də bu düşüncə tərzi obyektiv vəziyyətlə dəstəklənməlidir. Buna görə də “əsash qorxu” termini subyektiv və obyektiv elementləri ehtiva edir və əsaslı qorxunun olubolmadığını müəyyən edərkən hər iki element nəzərə alınmalıdır”. Ərizəçinin mənşə ölkəsindəki fəaliyyətinə görə təqiblərə məruz qalması iddiası mötəbər tapıldı və bunun əsasında geri qayıtma halında əsaslı qorxu qiymətləndirilə bilər. Onun fəaliyyət profilinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi mənşə ölkəsində siyasi fəaliyyət göstərir. Belə ki, mövcud MN-ə əsasən, Ərizəçinin dövlət qurumları tərəfindən yuxarıda qeyd olunanlara görə təqib oluna bilməsi riski var, çünki Ərizəçi İranın hazırkı hökumətini tənqid edir. Amnesty İnternational tərəfindən 2021-2022ci illəri əhatə edən X2 deyilir: “Bir neçə min kişi, qadın və uşaq ifadə, birləşmə və toplaşmaq azadlığı hüquqlarını yalnız dinc şəkildə həyata keçirdiklərinə görə dindirilib, ədalətsiz mühakimə olunub və/yaxud özbaşına həbs edilib. Onların arasında etirazçılar, jurnalistlər, dissidentlər, sənətçilər, yazıçılar, müəllimlər, ikili vətəndaşlar olub. Onların arasında hüquq müdafiəçiləri, o cümlədən vəkillər də var idi; qadın hüquqları müdafiəçiləri; LGBTİ insanların hüquqlarını, əmək hüquqlarını və azlıqların hüquqlarını müdafiə edənlər; ekoloqlar; ölüm cəzası əleyhinə təbliğatçılar; və 1980-ci illərdə kütləvi edamlara və zorla yoxa çıxmalara görə cavabdehlik tələb edən yaxınlarını itirmiş qohumlar. İlin sonunda yüzlərlə insan haqsız yerə həbsdə qaldı”. COİ hesabatında həmçinin təhlükəsizlik orqanlarının İranda fəallara qarşı faktiki rəftarına dair məlumat verilir: “Amnesty İnternational-ın topladığı məlumata görə, azərbaycanlı türk fəalları hədəf alan koordinasiyalı kampaniyada kəşfiyyat və təhlükəsizlik rəsmiləri etirazlar davam edərkən bir neçə azərbaycanlı türk fəala telefon zəngləri edərək, onlara qatılmamaları, əks halda həbs olunacağı ilə bağlı xəbərdarlıq ediblər. Akbar Mohaceri, X3, Nasser Kholousi, Mohammad Mahmudi, Sajjad Shahiri, Shahin Bargezar, Ayoub Shiri və Davood Shiri qardaşları və bir neçə başqa azərbaycanlı türk etnik azlığından olan fəallar Şərqi əyalətdəki evlərindən və ya iş yerlərindən həbs ediliblər. Azərbaycan və Qərbi Azərbaycanda ya etirazlar 15-19 noyabr 2019-cu il tarixləri arasında davam edərkən, ya da sonrakı həftələrdə heç biri etirazlarda iştirak etməsə də, Kəşfiyyat Nazirliyinin mülki geyimli agentləri tərəfindən koordinasiyalı reydlər keçirilib. Bəziləri zorakılıqla həbs edilib və həbs zamanı döyülüblər. Digər müvafiq COİ siyasi opponentlər kimi qəbul edilənlərlə pis rəftar, işgəncə və ölüm hökmlərini təsdiqləməyə davam edir: “MƏT-in başqa bir məlumatı aydınlaşdırır ki, minlərlə insan özbaşına saxlanılıb və etirazdan sonra dağıdıcı tədbirlər zamanı işgəncə riski var. Həbs edilən azlıqların hüquq müdafiəçiləri arasında Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində iş yerində həbs edilmiş Əkbər Mohaceri, Ayoub Şiri, Davud Şiri, X4, Mohammad Mahmudi, Şahin Bargezar və Yaşar Piri də var. X6 təşkilatının 23 yanvar 2023-cü ildə dərc edilmiş hesabatında aşağıdakılar deyilir: “Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyalarından sonra İranın təhlükəsizlik aparatı yüzlərlə hüquq müdafiəçisini, tələbəni, qadın hüquq müdafiəçisini, vəkilləri, jurnalistləri həbs edib, onlarla aktyor, idmançı və digər ictimai xadimləri ifadələri ilə bağlı çağırıb dindirib, etirazçıların tələblərini dəstəkləyir. Hökumət həmçinin digər dini azlıqlara, o cümlədən sünni müsəlmanlara qarşı ayrıseçkilik edir və ölkənin azəri, kürd, ərəb və bəluc etnik azlıqları arasında mədəni və siyasi fəaliyyətləri məhdudlaşdırır. Azlıq fəalları müntəzəm olaraq beynəlxalq standartlara uyğun gəlməyən məhkəmələrdə milli təhlükəsizliklə bağlı əsassız ittihamlarla həbs edilir və mühakimə olunurlar". Nəticə olaraq, Ərizəçinin əvvəlki təcrübəsini və yuxarıda qeyd olunan MN-ni nəzərə alaraq və İmtahan edən Ərizəçinin obyektiv MƏŞ-ə uyğun olaraq İrana qaytarılacağı təqdirdə onun yaşamaq və təhlükəsizlik hüququnun pozulması ilə üzləşib- pozulmayacağını nəzərdən keçirmişdir. Ərizəçinin qorxuları obyektiv elementlərlə əsaslandırılmaqla ağlabatandır. Ərizəçinin məruz qaldığını iddia etdiyi və gələcəkdə yaşayacağı qorxusu ilə bağlı iddia etdiyi zərərlərin aspektlərini qiymətləndirdikdən sonra Ərizəçinin mənşə ölkəsinə və ya daimi yaşayış yerinə qayıtdığı təqdirdə qorxusunun əsaslı olduğu müəyyən edilir, o, 1951-ci il Cenevrə Konvensiyasının 1A (2) Maddəsində, eləcə də BMT QAK-ın Qaçqın statusunun müəyyən edilməsi üçün prosedurlar və meyarlar haqqında məlumat kitabının 37 və 38-ci bəndlərində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərin işığında Ərizəçinin mənşəyinə qayıtdığı təqdirdə İran hakimiyyəti tərəfindən hədəfə alınacağı qorxusu və hökumət tərəfindən müdafiənin olmaması əsaslıdır. “Təqib”in hamı tərəfindən qəbul edilmiş tərifi yoxdur və belə bir tərifi formalaşdırmaq üçün edilən müxtəlif cəhdlər az uğur qazanmışdır. 1951-ci il Konvensiyanın 33-cü maddəsindən belə nəticə çıxarmaq olar ki, irqi, dini, milliyyəti, siyasi əqidəsi və ya müəyyən sosial qrupa mənsubiyyətinə görə həyat və ya azadlıq üçün təhlükə həmişə təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqibi təşkil edə bilər (istin. UNHCR HB paraqraf 51). Ərizəçi siyasi fəaliyyətinə görə İrana qaytarılacağı təqdirdə saxlanılacağından/öldürüləcəyindən və ya pis rəftara məruz qalacağından qorxur. Beləliklə, onun yaşamaq və azadlıq kimi əsas hüquqları pozula bilər. Bu rəftar bütünlüklə nəzərdən keçirilib və təqibi təşkil edir. Bu aktların ciddi insan hüquqları pozuntusu kimi müəyyən edilməsinə rəhbərlik edən müvafiq beynəlxalq sənədlər aşağıdakılardır: Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQnin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQnin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. İddiaçı hesab edir ki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70); inzibati icraat və ədalət mühakiməsi hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-in 73.1ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır.
3. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” X7 Respublikasının vətəndaşı (pasport № Z********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ailə üzvü (oğlu, xx.xx.2009-cu il təvəllüdlü X5) ilə birlikdə 27 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İran İslam Respublikasının Nəqədə şəhərində anadan olduğunu, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, orta məktəbi Nəqədə şəhərində bitirdiyini, xüsusi bir peşəsinin olmadığını, ticarətlə məşğul olduğunu, 9 yaşından ailəsi ilə birlikdə əkinçiliklə məşğul olduğunu, 2006-cı ildə İran İslam Respublikasının X1 Korpusuna işə düzəldiyini, kəşfiyyatçı olaraq fəaliyyət göstərdiyini, 2010-cu ildə öz istəyi ilə işindən ayrıldığını, daha sonra ticarətlə məşğul olduğunu bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi iki dəfə evli olduğunu, ümumilikdə bu nikahlardan iki oğlan və iki qız övladının dünyaya gəldiyini, hal-hazırda boşanmış olduğunu, anasının vəfat etdiyini, atası, bacısı və qardaşının, eləcə də 3 övladının İran islam Respublikasında yaşadığını qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçi İran İslam Respublikasının “PKK” terror təşkilatı ilə əməkdaşlıq etməsinə görə 2010-cu ildə X1 Korpusundan ayrıldığını, təxminən 1 il bundan öncə Milli birlik hərəkatı adlı virtual təşkilat yaratdığını, İranda yaşayan Azərbaycan türkləri arasında milli birlik ideyalarının təbliğ olunması üçün fəaliyyət göstərdiyini, 2021-ci ilin iyun ayında İranın Suduz şəhəri yaxınlığında Saxsıtəpə kəndində kürd mənşəli ailə ilə türk mənşəli ailə arasında olan münaqişəni video qeydiyyata alaraq yaydığı üçün İranın xüsusi xidmət orqanı olan Ettelaat (İnformasiya) Nazirliyi tərəfindən milli ədavət yaratmaq və şəxslərin icazəsi olmadan onların videoçəkilişini aparmaq ittihamı ilə barəsində cinayət işi açıldığını, məhkəmə orqanları tərəfindən müdafiə hüququ təmin edilmədən haqqında məhkəmə qərarı verildiyini əsas gətirərək 10 oktyabr 2022-ci il tarixdə oğlu X5 ilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı haqqında həbs qətimkan tədbiri barədə məhkəmə hökmünün olmasına baxmayaraq İran İslam Respublikasının sərhədini 3 dəfə (Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası istiqamətində) keçdiyi və bu zaman hər hansı bir maneə ilə üzləşmədiyi məlum olmuşdur. Bu isə onun ölkəsində dövlət orqanları tərəfindən təqib olunmasına dair iddialarının əsassız olduğunu göstərir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir.
4. Cavabdehin təqdim etdiyi etdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı (pasport nömrəsi: Z********) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli İQ- 05/2 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh bildirmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki:
1. Şəxsin vəsatətindən görünür ki, o qaçqın statusunun alınması məqsədilə Türkiyəyə getsə də, yenidən rahat şəkildə öz ölkəsinə qayıtmışdır;
2. Şəxs özünü milli fəal hesab etsə də, SEPAH qurumunda kəşfiyyatçı işləmişdir. Şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, barəsində hökm olmasına baxmayaraq rahat şəkildə ölkə sərhədlərini keçib geriyə qayıtmışdır. İddiaçınin İran İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iddiaçının vəkili iştirak etmişdir və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin baxış iclasında iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
7. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
8. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
9. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
11. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
14. Məhkəmə hesab edir ki, iddiaçı barəsində aparılmış inzibati icraat nəticəsində onun “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunma halı müəyyən edilməmişdir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi qanunsuz sayıla bilməz. İddiaçı tərəfindən təqdim edilən izahatla ona münasibətdə olan rəftarın faktiki xaraketi arasındakı uyğunsuzluq (barəsində hökm olmasına baxmayaraq rahat şəkildə ölkə sərhədlərini keçib geriyə qayıtmışdır), eləcə də şəxs özünü milli fəal hesab etsə də, SEPAH qurumunda kəşfiyyatçı işləməsi izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. Onun izahatından da aydındır ki, olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır.
15. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva