Məhkəmə qərarları › İş №2-1(112)-726/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-726/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-726/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqii şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********486 saylı məktubla müraciətinin həllindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Mərdəkan qəsəbəsi ərazisində yerləşən və uzun müddət istifadəsində olan ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin ona satılması üçün Mərdəkan Bələdiyyəsinə 29 may 2007-cı il tarixdə müraciət etmişdir. Yəni “X6 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklikdən təxminən 5 ay əvvəl müraciət etmişdir. Həmin dövrdə torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün bələdiyyə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhər İH Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 890 saylı xx.xx.2007ci il tarixli məktubu ilə torpaq sahəsinin qanunamüvafiq qaydada ona ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi razılaşdırılmış və Mərdəkan Bələdiyyəsinə və Əzizbəyov (Xəzər) Rayon İcra hakimiyyətinə ünvanlanmış 18/03-8/6697 saylı xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. Mərdəkan Bələdiyyəsinin 21 aprel 2011-ci il tarixli 05 saylı iclas Protokolu ilə qeyd olunan torpaq sahəsinin “Planı və ölçüsü sənədi”nin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilməsi qərara alınmış və barədə həmin şöbəyə 1-3/145 saylı xx.xx.2011-ci il tarixli məktub ünvanlanmışdır. Lakin həmin müraciətə cavab verilmədiyi üçün tərəfindən məhkəməyə müraciət olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)-2522/2012 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X13 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə qeydə alınmaqla mənim adıma AN 439893 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədi tərtib olunmuşdur. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydə alınmamışdır. Onun Bələdiyyə orqanına müraciətinə vaxtında baxılmaması və qanunvericilikdə hər hansı dəyişikliyin olması onun qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mərdəkan bələdiyyəsi tərəfindən verilmiş sənədlər xx.xx.2007-ci il tarixdən sonrakı tarixə aiddir. Belə ki, “X6 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, idarənin mütəxəssislərinə torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “X6 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “X6 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinin tələblərini nəzərə almaqla satılması məqsədəuyğun hesab edilmiş, mülkiyyət hüququ ilə nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Mərdəkan bələdiyyəsinin xəritəsindən çıxarışdan görünür ki, İddiaçı satılması nəzərdə tutulun torpaq sahəsinin sxemi tərtib olunmuş, sxem Mərdəkan bələdiyyəsinin sədri tərəfindən “təsdiq edilib” imzalanmış və Mərdəkan bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 890 nömrəli xx.xx.2007-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı məktubunda bildirilmişdir ki, Mərdəkan bələdiyyəsi rayon İcra Hakimiyyətinə müraciət edərək vətəndaş İddiaçı 217.33 kv.m torpaq sahəsini müvafiq qayadada onun adına sənədləşdirilməsini xahiş etmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti həmin torpaq sahəsini İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılmasına etiraz etmir və bu məsələyə münasibət bildirməyinizi xahiş edirik. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə qarşı «torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbi təmin edilmiş, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən və İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Azərbaycan Respublikası adından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2in(82)-2522/2012 saylı qərarı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 217.33 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. X12 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-626/2023 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən 217.33 kv.m torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti barədə məlumat ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına verilmiş AN-439893 (kod **********4211) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qaimə hissəsində göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 avqust 3-35-1/2-1880/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Mərdəkan Bələdiyyəsininə ünvanlanmış xx.xx.2007-ci il tarixli 18/03-8/6697 nömrəli məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı və vət.X8 müraciətləri ilə əlaqədar bildiririk ki, qaldırdığınız məsələlərin qanun çərçivəsində həll edilməsinə etiraz etmirik. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1-3/47 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X3 istifadəsində olan 217,33 kv m. torpaq sahəsi üçün 05 noyabr 2007-ci il tarixdə Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən rəy verilmişdir. Bələdiyyə tərəfindən 17 aprel 2008-ci il tarixdə həmin torpaq sahəsinin yerində dəqiqləşdirib yerquruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi üçün Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə müraciət olunmuşdur. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -X2 rayonu xx.xx.2007-ci ildə Mərdəkan bələdiyyəsinə müraciət edərək Mərdəkan qəsəbəsi daxilində alqı-satqı predmeti olan 217,33 kv.m. torpaq sahəsinin müvafiq qaydalara uyğun olaraq ona satılmasına köməklik göstərilməsini xahiş etmişdir. -Bakı şəhəri Mərdəkan bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktubunda bildirmişdir ki, Mərdəkan bələdiyyəsinə Bakı şəhər sakini X7 tərəfindən ərizə daxil olmuşdur. Müraciətində o, Mərdəkan qəsəbəsi hüdudları daxilində yerləşən, alqı-satqı predmeti olan 217,33 kv.m. torpaq sahəsinin mövcud qanunlara uyğun olaraq, ona satılmasını xahiş etmişdir. Mərdəkan bələdiyyəsində bu müraciətə baxılmış və həmin 217,33 kv.m. torpaq sahəsinin vətəndaş X1 məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı haqqında», «X6 edilməsi haqqındaw, «Torpaq alqı-satqı qaydaları haqqında» Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq, Sizdən xahiş edirik ki, həmin torpaq sahəsinin yerində dəqiqləşdirilib yer quruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi üçün köməklik göstərəsiniz. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********78 nömrəli məktubu ilə göndərilmiş iş üzrə mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. 1. Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə iddiaçının nümayəndəsinin iştirakı ilə yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatlatları müəyyən edilmişdir. Torpaq sahəsinin planında torpağın sahəsinin 217.33 kv.m göstərilməsinə baxmayaraq faktiki vəziyyətdə hasarla əhatələnmiş torpağın sahəsi 231.85 kv.m təşkil edir. 2. Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı hesab edilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********20 nömrəli məktubu ilə göndərilmiş torpaq sahəsinin texniki vəziyətini əks etdirən müayinə aktından görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi bələdiyyə torpağıdır, yaşayış məntəqələrinin torpaqlarıdır, torpaq sahəsinin daxilində tikili mövcud deyil, faktiki sahədə mövcud kommunikasiya xətləri mövcuddur. Qeyd: Kadastr elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi daxilində **********4211 nömrəli kadastr planı vardır. Bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********86 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Mərdəkan bələdiyyəsi tərəfindən sənədlər xx.xx.2007-ci il tarixdən sonra verilmişdir. Belə ki, “X6 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Xahiş edirik nəzərə alasınız. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli protokol qərarı ilə adına rəsmiləşdirildiyini, torpaq sahəsinə plan-ölçü sənədinin verildiyini və həmin sahənin hazırda da qanuni istifadəsində olduğunu əsas gətirərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin müraciətin təminindən imtina əsası ondan ibarət olmuşdur ki, Mərdəkan bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər “X6 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş xx.xx.2007-ci il tarixdən qüvvədə olan dəyişiklikdən sonrakı tarixə aiddir ki, qeyd edilən dəyişikliklə torpaq sahəsinin yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi imkanını nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bəhs edilən 6.5-ci maddənin 28 oktyabr 2008-ci il tarixli dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Bəhs edilən 9.1-ci maddəyə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi 23 oktyabr 2007-ci il tarixli dəyişikliyə qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə qərarı və alqı-satqı aktı əsasında fiziki və hüquqi şəxslərin mülkiyyətinə ayrılması nəzərdə tutulduğu halda qeyd edilən dəyişiklikdən sonra və hazırda da qüvvədə olan qanunun redaksiyasında torpaq sahələrinin yalnız açıq hərrac, müsabiqə vasitəsilə mülkiyyətə ayrılması təsbit olunmuşdur. Eyni zamanda Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, X7 xx.xx.2007-ci ildə Mərdəkan bələdiyyəsinə müraciət edərək Mərdəkan qəsəbəsi daxilində istifadəsində olan 217,33 kv.m. torpaq sahəsinin müvafiq qaydalara uyğun olaraq ona satılmasına köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan bələdiyyəsinin müraciəti ilə əlaqədar Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti 890 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək rayon İcra Hakimiyyətinin iddiaçının istifadəsində olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılmasına etiraz etmədiyini, məsələyə münasibət bildirilməsini xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2007-ci il tarixli 18/03-8/6697 nömrəli məktubu ilə vət.İddiaçı müraciəti ilə əlaqədar torpaq sahəsinin ayrılması məsələsinə etiraz etmədiyini bildirmişdir. İşdən görünür ki, Bakı şəhəri Mərdəkan bələdiyyəsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktub ünvanlayaraq həmin torpaq sahəsinin yerində dəqiqləşdirilib yer quruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər nəzərə alınmaqla ona satılması məqsədəuyğun hesab edilmiş, torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib olunaraq təsdiq edilmişdir. Eyni zamanda müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmiş və məhkəmə qərarı icra olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin AN-439893 (kod **********4211) planı və ölçüsü tərtib edilərək həmin koordinatlarda torpaq sahəsi X12 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınmış, torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti müəyyən edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılması cavabdehin istinad etdiyi xx.xx.2007-ci il tarixli dəyişiklikdən öncə baş vermiş, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, sahənin ayrılması zamanı müvafiq qurumların rəylərinin əldə edilməsi ilə bağlı bələdiyyə, eləcə də yerli icra hakimiyyəti orqanı tərəfindən müraciətlər edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bələdiyyənin xx.xx.2011-ci il tarixli protokol qərarı isə ayrılmış torpaq sahəsinin iddiaçının adına yalnız sənədləşdirilməsi ilə bağlı olduğundan, iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri əsasında (hərrac və müsabiqə yolu ilə) torpaqayırma qaydaları tətbiq edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşdiyi yer üzrə koordinatları müəyyən edilərək məhkəmə qərarı əsasında plan-ölçü sənədi (kadastr planı) səlahiyyətli qurum tərəfindən tərtib edilmişdir. Bundan əlavə hazırkı məhkəmə icraatı gedişində istifadədə olan mübahisəli torpaq sahəsinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən yerində müayinəsi həyata keçirilmişdir. Təqdim edimiş mütəxəssis rəyində faktiki torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan dövlət mülkiyyəti torpağı hesab edildiyi qeyd edilmişdir. Başqa sözlə, sözügedən torpaq sahəsinin birmənalı olaraq bələdiyyə mülkiyyətində olmadığı qeyd edilməmiş, yalnız bələdiyyə xəritəsinin təsdiq ediılməməsi əsası ilə topağın dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qəbul edildiyi təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...). -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar