Məhkəmə qərarları › İş №2-1(112)-7265/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7265/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7265/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin, vahid əmlak şəklində daşınmaz əmlakın qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasına, evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m.-dən ibarət torpaq sahəsinin (tikintialtı + həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 69,40 kv.m.dən ibarət üç otaqlı yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış sahəsi ona vərəsəlik qaydasında mərhum ərindən miras əmlak olaraq keçmişdir. Əri ilə birlikdə həmin mənzili 1970-ci illərin ortalarından əldə etmişlər və 1994-cü ildə mənzili özəlləşdirərək xüsusi mülkiyyətilərinə keçirmişlər. Yəni artıq 50 ildən çoxdur ki, fərdi qaydada və təcrid olunmuş qaydada mövcud olan həmin yaşayış sahəsinin mülkiyyətçisi, həmçinin yaşayış sahəsinin tərkib hissəsi olan torpaq sahəsinin sahibi və istifadəçisidir. Yaşayış sahəsi mənzil olmasına baxmayaraq fərdi olmuşdur və 11.02.1994cü il tarixdə Bakı şəhər İH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsində ilkin qeydiyyatdan keçərkən də 114 nömrəli reyestr kitabında 30/17141 qeydəalma nömrəsi ilə “Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 9-cu Kolçevaya küçəsi (indiki İlham Məmmçədov küçəsi-RC.) 13 nömrəli yaşayış evi” kimi qeydiyyata alınmışdır. 2019cu ildə ərinin vəfatından sonra həmin yaşayış sahəsi miras əmlak olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestri orqanında 16.09.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə adına sənədləşdirilərkən fərdi yaşayış evi olmasına baxmayaraq mənzil kimi qeydiyyata alınmış və qeydiyyat ünvanı elektron çıxarışda “ünvan 2imi göstərilmişdir. Lakin əslində mənzil kimi qeydiyyata alınmış yaşayış sahəsi faktiki olaraq fərdi yaşayış evi vəziyyətindədir və hətta göründüyü kimi çıxarışın “ünvan” qrafasında qeyd edilmiş ünvanda yaşayış sahəsinin “ünvan 3nvanında “ev 13” yazısından sonra “mənzil” yazılsa da nömrəsi qeyd edilməmiş, “0”(sıfir) rəqəmi yazılmışdır. Bu o deməkdir ki, mənzil kimi qeyd edilmiş yaşayış sahəsi elə yaşayış evindən ibarətdir. “Fin tipli mənzil” kimi tikilmiş və istifadə edilmiş, daha sonra özəlləşdirilərək qeydiyyata alınmış həmin yaşayış sahəsi tərəflərindən alındığı vaxtdan hal-hazıradək faktiki olaraq fərdi yaşayış evi vəziyyətində olmuşdur. Çıxarışın “ünvan” qrafasında qeyd edilmiş ünvandakı mənzil ayrıca yaşayış sahəsindən ibarətdir, təkdir, heç bir yaşayış sahəsi ilə bir dam altında deyildir. Heç bir tikiliyə birləşmiş vəziyyətdə deyildir, yəni tam şəkildə fərdi yaşayış sahəsidir, mənzil kimi qeydiyyata alınsa da fərdi həyət evi xüsusiyyətlərini daşıyır. Ona məxsus ev tikili ilə bərabər həm də həyətyanı torpaq sahəsindən ibarətdir. Mənzilin torpaq sahəsi ev hələ sovetlər vaxtında tikildiyi vaxtdan mövcud olmuş və evdən onlara qədər mənzil kimi istifadə edən şəxslərin daimi istifadələrində olmuşdur. Sovetlər vaxtında mənzil kirayəçiləri torpaq sahəsindən həyətyanı sahə və istirahət yeri kim, mənzillə bağlı digər hüquqlarını həyata keçirmək üçün istifadə etmişlər. Mənzil 1994-cü ildə tərəflərindən özəlləşdirilərkən və mərhum əri X5 adına sənədləşdirlərkən (qeydiyyat vəsiqəsi alınarkən) tərtib olunmuş 4790 inventar nömrəli, 2584 qeydiyyat nömrəli, 18.01.94-cü il tarixli texniki pasportda mənzilin/evin sahəsi 0,22 ha göstərilsə də hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsi 1624,5 kv.m-dir. Əksik hissə daha sonrakı dövrlərdə hasarlama zamanı qonşunun ərazisinə düşmüş və həmin əksik hissə o zamanlardan qonşunun sahibliyinə/istifadəsinə verilmiş, bununla bağlı aralarında razılıq və anlaşma olmuşdur. Hüquqlarının qeydiyyatı ilə bağlı olaraq 2021-ci ilin may ayının 1-də cavabdeh inzibati orqan olan İdarəyə məhkəmədənkənar qaydada yazılı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasına, evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m.-dən ibarət torpaq sahəsinin (tikintialtı + həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. “Meqa Ekspress” poçt xidməti tərəfindən ərizəsi 30 aprel 2021-ci il tarixdə cavabdeh İdarəyə çatdırılmasına baxmayaraq, inzibati orqan indiyə kimi nəinki xahişini təmin etməmiş, ümumiyyətlə bir aydan da çox vaxt keçməsinə baxmayaraq, onlara indiyə kimi yazılı cavab belə verməmişdir. Bu isə elə hüquqlarının qeydiyyatından imtina deməkdir. Cavabdehin hərəkətsizliyi onun məcbur etmişdir ki, inzibati iddia qaydasında məhkəməyə müraciət etsin və hüquqlarının məhkəmə qaydasında qorunmasına nail olsun. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinın 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 25.06.2021-ci il tarixli, **********86 saylı cavab məktubu ünvanlanmışdır. Daşmrnaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşinrnaz ərnlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Abşeron rayon Xırdalan qəsəbəsi VVAQ İdarəsi tərəfindən verilmiş İ-ЖГ 457989 №li, 11.06.1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında 18.07.1978-ci ildə nikah bağlanmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Həzi- Aslanov qəsəbəsi, 9-cu dairəvi küçəsi, 13 №-li yaşayış evi X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 114 №-li reyestr kitabında 17141 səhifə, qeydəalma 30/17141, 11.02.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş 27.01.1994-cü il tarixli (2854 №-li qeyd) Fazil Paşayevin şəxsi mülkiyyətində olan mənzilin texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsi, bina 13 ünvanında olan evin texniki vəziyyəti qeydə alınmışdır. Sahənin xüsusiyyətləri: otaq 3, ümumi sahə 90,2 kvm., yaşayış sahəsi: 48,0 kvm., 1-ci otaq 14,0 kvm., 2-ci otaq 14,0 kvm., 3-cü otaq 20,0 kvm., köməkiçi sahələr: mətbəx 14,0 kvm., ön giriş 2,0 kvm., daxili dəhliz 6,0 kvm., vanna 9,0 kvm., ayaqyolu 1,2 kvm., bağlı balkon 10,0 kvm., torpaq sahəsi 0,22 ha. qeyd edilmişdir. - 2 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş 08.11.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24.10.2019-cu ildə ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 16.09.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13, mənzil 0 ünvanında yerləşən ümumi sahəsi 69.40 kvm. olan daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. - İdarə tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, bina 13, mənzil-ə dair tərtib edilmiş **********55-05101-093001 reyestr nömrəli, 15.09.2020-ci il tarixli texniki pasportun surətindən görünür ki, torpaq sahəsi barədə məlumat qeydə alınmamışdır. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 3, ümumi sahəsi 69,4 kvm., yaşayış sahəsi 38,4 kvm., ön giriş 3,1 kvm., yaşayış otağı 10,6 kvm., yaşayış otağı 10,6 kvm., yaşayış otağı 17,2 kvm., mətbəx 8,8 kvm., sanitar qovşağı 2,5 kvm., sanitar qovşağı 7,0 kvm., lociya 4,2 kvm., daxili dəhliz 5,4 kvm. qeyd edilmişdir. - İddiaçı tərəfindən təqdim olunmuş "X2” 492 №-li, 01.09.2021-ci il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş mənzilin torpaq sahəsinin faktiki istifadə ölçülərinə olan plan-sxemindən görünür ki, Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən tədqiq olunan tikilinin ayrıca həyətyanı sahəsinin, ayrıca giriş-çıxışının, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş/təcrid olunmuş sahələrinin olduğunu nəzərə alaraq, DƏDRX-nin **********55-05101-093001 saylı çıxarışla İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Daşınmaz əmlakın həyətyanı torpaq sahəsi 0,1556 ha.-dır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 08.07.2021-ci il tarixli, **********51 №-li məktubdan və ona əlavə edilmiş 15.08.1979-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən mənzilə dair 18.01 1994-cü il tarixli, 2854 nömrəli texniki pasport İdarənin arxivində aşkar edilməmişdir. 15.08.1979-cu il tarixli, 25 №-li müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən sahəsi 48 kvm. olan 3 otaqdan ibarət mənzil X5 istifadəsinə verilmişdir. - İddaçı tərəfindən İdarəyə ünvanlanmış 29 aprel 2021-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, iddiaçı İdarəyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69,40 kvm. olan 1 mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasında, evin və tərkib hissəsi olan faktiki istifadəki 1624,5 kvm.-dən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəkilində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsinə köməklik göstərilməsini xahiş etmiş, ərizə İdarə tərəfindən 30.04.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 15.08.1979-cu il tarixli, 25 №-li müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən sahəsi 48 kvm. olan 3 otaqdan ibarət mənzil X5 istifadəsinə verilmişdir. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ 11.02.1994-cü il tarixdə X5 adına qeydə alınmışdır. Mülkiyyət hüquqları qeydə alınan zaman daşınmaz əmlakın faktiki vəziyyətinə dair səlahiyyətli orqan tərəfindən texniki pasport tərtib edilmiş, texniki pasportda daşınmaz əmlakın göstəriciləri və yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. X6 24.10.2019-cu ildə öldüyündən daşınmaz əmlak vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69,40 kvm. olan 1 mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasında, evin və tərkib hissəsi olan faktiki istifadəki 1624,5 kvm.-dən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəkilində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsini xahiş etmiş, cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçının müraciətini cavablandırmamışdır. İddiaya etirazında cavabdeh inzibati orqan mübahisəli daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçməsi, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinın 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusunun təqdim olunmamasına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzl Məcəlləsinin: - 13.1-ci maddəsinə əsasən yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri yaşayış sahələrinə aiddir. - 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. - 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da araşdırılma zamanı həmin daşınmaz əmlakın xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olması müəyyən edilmişdir. Cavabdeh ünvan 9 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın “mənzil” kimi hər hər hansı çoxmənzilli binanın tərkibində yerləşməsini təsdiq edən sübutları məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, yaşayış sahəsinin ünvanı yalnız “ev 13” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu isə həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Bundan əlavə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsi, bina 13 ünvanına dair tərtib edilmiş 27.01.1994-cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə işin araşdırılmış hallarına qiymət verərək hesab edir ki, mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan və texniki inventarlaşdırma orqan tərəfindən tərtib edilmiş 27.01.1994-cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə bir halı da vurğulayır ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarını əldə etməsi işin mübahisəsiz halıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kvm. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kvm.-dən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kvm. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kvm.-dən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar