Məhkəmə qərarları › İş №2-1(112)-7265/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7265/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7265/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-l8293/2025 saylı imtinasının qanunsuz hesab edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Belə ki, o, 1964-cü il təvəllüdlü olmaqla, xx.xx.1990-ci il tarixindən xx.xx.1993-cü il tarixədək ’’Neft Daşları" X6 İdarəsində, "Neft Daşları" İstehsalat bölümündə işləmişdir. xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək “Xəzərdənizneftsosialtikinti" trestinin X2 Zavoduna boru-betonlama sexində usta vəzifəsində işləmişdir (Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 98 nömrəli xx.xx.2002-ci il il tarixli əmrinə əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin X2 Zavodu xx.xx.2002-ci il tarixində "Xəzərdənizneftqaztikinti" trestinin tərkibinə verilmişdir). xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək betonqarışdırma sexində 10-cu dərəcəli usta vəzifəsinə işləmişdir. Qeyd edilənlərdən göründüyü kimi cəmi 13 il 6 ay 13 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerində işləmişdir. Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Mərkəzi Filiala xx.xx.2025-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-18293/2025 nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajının olmaması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, İddiaçı inzibati orqana təqdim etdiyi SOCAR “Kompleks qazma işləri tresti” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-15/2-A-1xx-xx/2024 nömrəli arxiv arayışı nəzərdən keçirilən zaman onun xx.xx.1990-xx.xx.1993-cü il aralığındakı tarixlərdə “X3ma işləri İdarəsində” Mərkəzi mühəndis texniki xidmətinin “mühəndis texnoloqu” vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Arxiv arayışının qeyd hissəsində həmin vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunmadığından güzəştli arayışın təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. SOCAR "xxxx" trestnin iddiaçıya dair xx.xx.2021-ci il tarixli SOCAR**********30020123X00049 nömrəli arayışında xx.xx.1993-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti" trestinin boru-betonlama və betonquraşdırma sexlərində usta vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi, həmçinin usta vəzifəsində işlədiyi müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də həmin dövrü güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -ГР seriyalı № 043465 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4061 №-li arxiv arayışından görünür ki, M.Əzizbəyov adına X4 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilir ki: İddiaçı 1985-ci ildə hazırlıq şöbəsinə əyani dinləyici kimi qəbul olmuşdur (Əmr: 02/801.24.06.85-ci il) İddiaçı 1985-ci ildə Geoloji kəşfiyyat fakültəsinin “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə əyani şöbənin l kursuna qəbul olmuşdur (Əmr: № 02/838.xx.xx.1985-ci il) İddiaçı 1990-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/1030,xx.xx.1990-cı il), УВ-1 № 110602 seriyalı diplom verilmişdir. -xx.xx.1981-ci il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək Bakı mayesiz transformatorlar zavodunda yığma sexinin montajçı şagirdi, yığma sexinin ikinci dərəcəli köməkçi işçisi, maqnit-ötürücü sexinin tornaçı şagirdi, xx.xx.1982-ci ildən xx.xx.1983-cü il tarixədək Elmi-təhqiqat və istehsalat işləri sexində kimyəvi təhlil üzrə 3-cü dərəcəli laborant vəzifəsində işləmiş, xx.xx.1985-ci ildə qısaldılmış təhsil müddəti ilə M.Əzizbəyov adına Azi-Neftex-a gündüz PO tələbə kimi qəbul edilmiş, xx.xx.1985-ci ildə İnstitutun gündüz şöbəsinin birinci kurs tələbəsi kimi qəbul olunmuş, xx.xx.1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmiş, xx.xx.1990-cı ildən xx.xx.1993-cü il tarixədək “Neft Daşları” X6 İdarəsinin Mərkəzi Mühəndislik və Texnologiya Xidmətində 2-ci dərəcəli mühəndis-texnoloq, xx.xx.1993-cü ildən xx.xx.2004-cü il tarixədək “Kaspromneftftesotsstroy” trestinin dəmir-beton məmulatları zavodunda boruların təmiri üzrə sexdə usta, betonqarışdırma sexində 10-cu dərəcəli usta (Dəmir-beton məmulatları zavodu xx.xx.2002-ci il tarixdən “Xəzərdənizneftqaztikinti” trestinin tərkibinə verilmişdir) vəzifələrində işləmiş, xx.xx.2004-cü ildə “Azəri EM-X8 LTD” BM-də Sahil qəsəbəsi bazasındakı qazma məhsullarının hazırlanması, saxlanılması və səpələnən mallar zavoduna opertor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə istehsalat zərurəti ilə əlaqədar qazma şlamının yığılması avadanlığı üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə qazma şlamının yığılması avadanlığı üzrə operator ətraf mühitin qorunması və qazma şlamının işlənməsi avadanlığı üzrə operator vəzifəsində hesab edilmiş (xx.xx.2013-cü ildə müəssisə "xxxx" MMC adlandırılmışdır), xx.xx.2014-cü ildə ƏMQ və QŞİA üzrə operator vəzifəsi ƏMQ və QŞİA üzrə mütəxəssis adlandırılmışdır. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, Akif Ənvər oğlu X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 42 il 1 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 5 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2004-cü il, xx.xx.2004xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 7 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 15 avqust 2024-cü il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 236630,31 manat təşkil edirdi. Beləliklə, işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan və cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış müvafiq sorğuya cavab məkubundan onun qanunla tələb olunan 25 ildən də artıq (42 il, 1 ay, 5 gün) ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdeh iddiaçının aşağıdakı əmək fəaliyyətini güzəştli iş stajına daxil etmir:

1. xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək (02 il, 09 ay, 14 gün) “Neft Daşları” X6 İdarəsi Mərkəzi Mühəndis Texnoloji Xidmətinə mühəndis texnoloq vəzifəsində işlədiyi dövr. Bu dövrə dair cavabdehin dəlili belədir ki, “Kompleks qazma işləri” tresti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışının qeyd hissəsində həmin vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunması göstərilməmişdir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə araşdırması dövründə SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 14-2-15/2- 322/2025 nömrəli arxiv arayışda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən “Neft Daşları” X6 İdarəsində, “Neft Daşları” İstehsalat bölümündə işləmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri" trestinin “Neft Daşları” X6 İdarəsi ləğv olunaraq, “Neft Daşları” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Neft Daşları”, “Günəşli” İstehsalat bölümləri hal-hazırda “Neft Daşları-Günəşli” İstehsalat bölümü kimi fəaliyyət göstərirlər. İddiaçı:

1. xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək “Neft Daşları” X6 İdarəsi Mərkəzi Mühəndis Texnoloji Xidmətinə mühəndis texnoloq vəzifəsinə qəbul edilib (Əmr № 67/k, xx.xx.1990-cı il).

2. xx.xx.1993-cü ildə işdən azad olunub (Əmr №31/k, xx.xx.1993-cü il). Ümumi iş stajı 02 il, 09 ay, 14 gün təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə, 02 il, 09 ay, 14 gün güzəştli iş stajı təşkil edir. Eyni zamanda qeyd edilir ki, buruqda mühəndis-texnoloq və qazma üzrə mühəndisin əmək funksiyaları eynidir. Məktuba həmçinin, istehsalat bölümünün qazma üzrə mühəndisinin vəzifə təlimatı da əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində 10.1ci bəndinin “b” yarımbəndində nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının müvafiq dövrdə işlədiyi SOCAR “Kompleks qazma işləri” tresti iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1993-cü il tarixləri arasındaki dövr ərzində işlədiyi mühəndis texnoloq vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işləmiş olduğu mühəndis texnoloq vəfizəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin “b” yarımbəndində göstərilmiş “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” vəzifəsinə uyğundur.

2. İddiaçının xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə (10 il, 08 ay, 29 gün) “Xəzərdənizneftqaztikinti" trestinin boru-betonlama və betonquraşdırma sexlərində usta vəzifəsində işlədiyi işlədiyi dövr Cavabdehin dəlilinə görə, SOCAR "xxxx" trestinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli arayışında iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi, həmçinin usta vəzifəsində işlədiyi müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Məhkəmə araşdırması dövründə iddiaçının xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə işlədiyi “Xəzərdənizneftsosialtikinti" trestinin fəaliyyət sahəsi barədə məlumat verməklə, iddiaçının işlədiyi müddətdə göstərdiyi işlərə (əmək funksiyalarına) dair məlumatların və bu işlər arasında (yəni əmək funksiyasında) tikinti, quraşdırma işlərinin olub-olmaması barədə ətraflı arayışın məhkəməyə təqdim edilməsi üçün SOCAR "xxxx" trestinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı “Xəzərdənizneftsosialtikinti” trestinin tərkibində fəaliyyət göstərmiş Dəmir-beton məmulatları zavodunda işləmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2002-ci il tarixli 98 nömrəli əmri ilə “Xəzərdənizneftsosialtikinti” trestinin tərkibində struktur vahidi kimi fəaliyyət göstərən Dəmir-beton məmulatları zavodu Dənizdə Neft və Qaz çıxarma istehsalat birliyinin tərkibinə verilmişdir. Dənizdə Neft və Qaz çıxarma İstehsalat Birliyinin xx.xx.2002-ci il tarixli əmri ilə Dəmir-beton məmulatları zavodu İstehsalat Birliyinin tabeliyində olan “Xəzərdənizneftqaztikinti” trestinin tərkibinə filial statusu ilə daxil edilmişdir. “Neftqaztikinti" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və “Azərdənizneftinşaat” trestlərinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. İddiaçı vaxtilə çalışdığı “Xəzərdənizneftsosialtikinti" trestinin tərkibində struktur vahidi kimi fəaliyyət göstərmiş Dəmir-beton məmulatları zavodunun əsas funksiyası əsasən dənizdə olan tikinti obyektlərinin dəmir-beton məmulatları ilə təmin edilməsindən ibarət olmuşdur. İddiaçı Dəmir-beton məmulatları zavodunda işlədiyi vəzifə üzrə yerinə yetirilən işlərin xüsusiyyətini özündə əks etdirən müvafiq sənədlər “Neftqaztikinti" trestinin arxivində aşkar olunmamışdır. Qeyd edilir ki, Dəmir-beton məmulatları zavodu hazırda "xxxx" trestinin tərkibində X2 istehsalı bölümü adı ilə hüquqi şəxs statusuna malik olmayan qurum kimi fəaliyyət göstərir. Dəmir-Beton Məmulatları istehsalı bölümünün əsas fəaliyyəti neft-qaz sənayesində və digər sahələrdə istifadə edilən X2nı istehsal etməkdən ibarətdir. X2 istehsalı bölümündə, İddiaçı Dəmirbeton məmulatları zavodunda işlədiyi betonqarışdırma sexi ilə oxşar funksiyaları həyata keçirən Betonqarışdırma və qəlibləmə sahəsi fəaliyyət göstərir. X2 istehsalı bölümünün Betonqarışdırma və qəlibləmə sahəsinin ustasının yerinə yetirdiyi fəaliyyətlər inert malmaterialların və sementin işləmə bunkerinə doldurulması ilə bağlı hazırlıq prosedürların yerinə yetirilməsinə rəhbərlik edilməsindən, qurğu və avadanlıqların müvafiq reqlamentə əsasən təftiş olunmasının təşkil edilməsindən, inert mal- materialların və sementin işləmə bunkerlərinə doldurulmasına, qurğu və avadanlıqların müvafiq reqlamentə əsasən təftiş edilməsi işlərinin icrasına, beton qarışığının tərkibi cədvəli əsasında sifarişə uyğun beton qarışığının hazırlanması işlərinin icrasına, dəmir beton laboratoriyasının nümayəndəsinin dəvət edilməsi və hazırlanmış beton qarışığının axarlığının tənzimlənməsi işlərinə, qəliblərin sifarişə uyğun hazırlanması işlərinin icrasına rəhbərlik edilməsindən, hazırlanmış beton qarışığının qəlibə yerləşdirilməsi işlərinin təmin edilməsindən, müvafiq prosedurlara uyğun olaraq məmulatların rəflərə yığılmasının yoxlanmasından, dəmir-beton məmulatlarının sifarişçiyə təhvil verilməsi işlərinin təmin edilməsindən, hazırlanmış dəmirbeton məmulatlarının sifarişçiyə təhvil verilməsi aktının layihəsinin hazırlanmasından ibarətdir. “Neftqaztikinti" trestinin əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən, habelə həmin sahənin ehtiyacları üçün tələb olunan avadanlıq, qurğu və materialların istehsalının təmin edilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. Göründüyü kimi, təqdim edilmiş məktub-arayışda iddiaçının xx.xx.1993-xx.xx.2004cü il tarixləri arasında usta vəzifəsində işlədiyi Dəmir-beton məmulatları zavodunun əsas funksiyasının əsasən dənizdə olan tikinti obyektərinin dəmir-beton məmulatları ilə təmin edilməsindən ibarət olması bildirilmiş və iddiaçının usta kimi əmək funksiyalarının barədə geniş məlumat verilmişdir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən o da nəzərə alınmalıdır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan hər iki arayışlardakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının “Neft Daşları” X6 İdarəsində xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Mərkəzi mühəndis texniki xidmətinin mühəndis texnoloqu, “Xəzərdənizneftqaztikinti" trestinin boru-betonlama və betonquraşdırma sexlərində xx.xx.1993-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində usta vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (02 il, 09 ay, 14 gün + 10 il, 08 ay, 29 gün= 13 il, 6 ay, 13 gün ). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar