Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7268/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Əsgər oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 22 avqust 1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və 22 oktyabr 2021-ci il tarixədək onun 25 ildən çox ümumi, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən o (iddiaçı), 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»na əsasən 12 il 6 aydan çox zərərli əmək sahəsində staj və 25 ildən artıq ümumi iş stajı toplamışdır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin cavabdehin 31 dekabr 2021-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. İmtina məktubunda bildirilmişdir ki, “SOCAR Baş X2 təqdim olunmuş 8 may 2021-ci il tarixli arayışında 22 sentyabr 1998-ci il tarixdən 30 sentyabr 2010-cu il tarixədək “Qum Adası” NQÇİ-nin istehsalat proseslərinin 1 və 2 saylı briqadalarında avtomatika üzrə çilingər vəzifəsində, BEOCL şirkətinin 9 dekabr 2021-ci il tarixli arayışında həmin şirkətdə 1 oktyabr 2010-cu il tarixdən 16 aprel 2012-ci il tarixədək nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, 17 aprel 2012-ci il tarixdən bu günədək nəzarət ölçü cihazları üzrə usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifələr qeyd olunan mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın komplels qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avqomatika üzrə çilingər vəzifəsinə və quyularda geofiziki təqdqiqatları yerinə yetirən geofiziki mədən partiya və dəstələrinin ustaları vəzifəsinə uyğun deyildir.”. Cavabdehjin imtinası qanunsuz və əsassızdır. Onun işlədiyi işin xüsusiyyətləri ondan ibarətdir ki, son zamanlara qədər civə ilə işləyən cihazlarla əhatə olunan şəraitdə olmuşdur və bu, zərərli əmək sahəsi hesab olunur. Cavabdeh bu məsələni nəzərə almamış və qeyri-obyektiv cavab vermişdir. Ümumiyyətlə, onun işlədiyi sahə bütövlükdə yüksək təzyiqli qazla işləyən cihazların təmiri ilə bağlıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9, 32, 37-ci maddələrinə, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsaslanaraq, iddiaçıya 22 oktyabr 2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 26 may 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 19 yanvar 2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 31 yanvar 2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, işlədiyi “avtomatika üzrə çilingər”, “nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “nəzarət ölçü cihazları üzrə usta” vəzifələri mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə və quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin ustaları vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçı güzəştli iş stajı yoxdur. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddia təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ümün şərtlər aşağıdakılardır: 1) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışmalı; 2) Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3) Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə məyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Sözügedən Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: 1) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsaltların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; 2) bu müddətin azı 12 il 6 aylnı əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlr. İddiaçı (şəxsiyyət vəsiqəsinə əsasən) xx xxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 21 sentyabr 1979-cu il tarixli əmək kitabçasında İddiaçı 22 avqust 1979-cu il tarixdən 25 avqust 1980-cı il tarixədək, 21 sentyabr 1980-ci il tarixdən 25 iyul 1985-ci il tarixədək, 4 oktyabr 1985-ci il tarixdən 8 aprel 1987-ci il tarixədək, 6 iyun 1989-cu il tarixdən 11 mart 1993-cü il tarixədək, 12 mart 1993-cü il tarixdən 15 aprel 1995-ci il tarixədək, 17 may 1995-ci il tarixdən 15 sentyabr 1998-ci il tarixədək, 22 sentyabr 1998-ci il tarixdən 30 sentyabr 2010-cu il tarixədək, 1 oktyabr 2010-cu il tarixdən 6 dekabr 2021-ci il tarixədək müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. “BEOCL” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 9 dekabr 2021-ci il tarixli BE/-59 nömrəli arayışında İddiaçı 1 oktyabr 2010-cun il tarixdən 16 aprel 2012-ci il tarixədək İstehsalat proseslərinin avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, 16 aprel 2012-ci il tarixdən 7 yanvar 2014-cü il tarixədək usta, 7 yanvar 2014-cü il tarixdən 6 dekabr 2021-ci il tarixədək Əməliyyat departamentinin proseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmətində qum-dəniz mədəni üzrə usta vəzifəsində işlədiyi və öz xahişi ilə işdən azad edildiyi qeyd olunmuşdur. “SOCAR” Baş Ofis Mərkəzi Arxivinin 8 may 2021-ci nil tarixli arxiv arayışında iddiaçının 22 sentyabr 1998-ci il tarixdən “Qum Adası” NQÇİ İstehsalat proseslərinin avtomatlaşdırılması sexinin 1 saylı biriqadasında nəzarətölçü cihazları və avtomatika üzrə 5-ci dərəcə çilingər peşəsinə işə qəbul edildiyi, 11 avqust 2008-ci il tarixdə həmin sexin 2 saylı biriqadasına nəzarət ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirildiyi, 30 sentyabr 2010-cu il tarixdə isə, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edildiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş HB 968060 nömrəli diploma əsasən İddiaçı 1980 – 1985-ci illərdə ali təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) - mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər; - quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və BEOCL şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və SOCAR Baş Ofis Mərkəzi Arxivinin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan Siyahıda öz əksini tapmamış, onun işlədiyi müəssisə tərəfindən işin xarakteri haqqında arayış verilməsinə baxmayaraq, həmin arayışda isttinad olunan siyahının müvafiq bəndi göstərilməmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növnə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu araylşın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalar sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və peşələrə uyğunluğunu dürstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı bölməsində “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər” və “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofizikimədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” peşələri nəzərdə tutulmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə doğulmuşdur və ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan HB seriyalı 968060 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980 – 1985-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. İş materiallarında olan 21 sentyabr 1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçasında İddiaçı 22 avqust 1979-cu il tarixdən 25 avqust 1980-cı il tarixədək, 21 sentyabr 1980-ci il tarixdən 25 iyul 1985-ci il tarixədək, 4 oktyabr 1985-ci il tarixdən 8 aprel 1987-ci il tarixədək, 6 iyun 1989-cu il tarixdən 11 mart 1993-cü il tarixədək, 12 mart 1993-cü il tarixdən 15 aprel 1995-ci il tarixədək, 17 may 1995-ci il tarixdən 15 sentyabr 1998-ci il tarixədək, 22 sentyabr 1998-ci il tarixdən 30 sentyabr 2010cu il tarixədək, 1 oktyabr 2010-cu il tarixdən 6 dekabr 2021-ci il tarixədək müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İş materiallarında olan “X7 Company Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyinin 9 dekabr 2021-ci il tarixli BE/-59 saylı arayışında qeud olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı “BEOCL” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində 1 oktyabr 2010-cu il tarixdən 16 aprel 2012-ci il tarixədək istehsalat proseslərinin avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, 16 aprel 2012-ci il tarixdən 7 yanvar 2014-cü il tarixədək usta və 7 yanbar 2014-cü il tarixdən 6 dekabr 2021-ci il tarixədək Əməliyyat Departamentinin Proseslərin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları xidmətində qum-dəniz mədəni üzrə usta vəzifəsində işləmişdir, 6 dekabr 2021-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən X4 güzəştli iş stajı 11 il 2 ay 5 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ünvanlanmış 8 may 2021-ci il tarixli məktubunda bildirilir ki, 1961-ci il təvəllüdlü İddiaçı 22 sentyabr 1998-ci il tarixdən “Qum Adası” NQÇİ İstehsalat proseslərinin avtomatlaşdırılması sexinin 1 saylı briadasına nəzarət-ölçü cihazları və avtomatika üzrə 5ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 11 avqust 2008-ci il tarixdə həmin sexin 2 saylı briqadasına nəzarət-ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 30 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. Məhkəmə icraatında təqdim edilmiş sənədlərdən və iddia ərizəsində məlum olur ki, İddiaçı əmək fəaliyyəti, təhsil illəri və hərbi xidmət müddəri 22 avqust 1979-cu il tarixdən 6 dekabr 2021-ci il tarixədək olan dövrü əhatə edir. Bu isə, ümumilikdə 25 ildən artıq sosial sığorta müddəti təşkil edir. Mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 60 yaşı tamam olmuş kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda və azı 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplandıqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə qeyd edir ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması deyil, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajının toplanması ilə bağlı olduğundan, onun 1998 – 2010-cu illərdə işlədiyi çilingər peşəsinin həmin pensiya hüququ verən staja daxil edilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. İddiaçının 25 ildən artıq sosial sığorta stajı üzrə «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İBnin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 17 iyul 2022-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - İddiaçı “Qum Adası” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması sexində işlədiyi nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsi”nin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmuş mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsi ilə eynilik təşkil etmir. Göründüyü kimi, hazırkı işin hallarına görə İddiaçı azı 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə iş stajı toplanmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda onun 2012 – 2021-ci illərdə (0 il 8 ay) işlədiyi usta peşəsi nəzərdə tutulsa da, 1998 – 2010-cu illərdə neft və qaz kondensatının hasilatı sahəsində işlədiyi çilingər peşəsi “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə aid edilə bilməz. Odur ki, iddiaçının azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə iş stajı toplanmadığından, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7268/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7268/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver