Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7269/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin nömrəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin nömrəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlak, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2611 saylı sahədə yerləşən torpaq sahəsinin nömrəsinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ səhəsi 2611 saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi müraciət etmiş, həmin orqandan **********72 saylı məktubla imtina verilmişdir. İmtina verilməsinin səbəbi eyni nömrə ilə müqavilənin mövcud olması və onun əsasında ondan əvvəl müraciət əsasında başqa şəxsə sənəd verilməsi olmuşdur. Buna görə də, iddiaçı məhkəməyə torpaq sahəsinin nömərəsinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiacıya məhkəmə tərəfindən AR İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən şifahi hüquqi yardım edilərək qanunvericiliyin müvafiq maddələri izah edilmişdir. Lakin iddiaçıya məhkəmə tərəfindən təkrar-təkrar hüquqi yardım eilməsinə baxmayaraq, iddiaçı hüquqi savadı olmadığından iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmiş və tələbinə iddia ərizəsində qeyd etdiyi kimi baxılıb qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş iddiaçının atası X2 qalmış miras əmlak Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2611 saylı sahədə yerləşən torpaq sahəsinin nömrəsinin dəyişdirilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2611” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, iddia ərizəsində qeyd edilən tələblə bağlı İdarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, idarədə mövcud arxiv məlumatlarına əsasən eyni bağ nömrəsi digər şəxsə verilmiş (X5) müqavilədə təkrarlanır. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən əvvəlki tarixlərdə bağlanılmış müqavilələrdə, cizgi və aktlarda bağ N 2610, 2832/2610 kimi qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********72 saylı, xx.xx.2022-ci il tarixli, **********22 saylı, xx.xx.2022-ci il tarixli və **********69 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı nı n üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2611 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Sonradan iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlak, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2611 saylı sahədə yerləşən torpaq sahəsinin nömrəsinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının cavabdeh inzibati orqana müraciəti və iddia ərizəsində qeyd etdiyi tələb üst-üstə düşmür. Belə ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət iddiaçının X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2611 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuş, məhkəməyə müraciət etdiyi tələb isə xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlak, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2611 saylı sahədə yerləşən torpaq sahəsinin nömrəsinin dəyişdirilməsindən ibarət olmuşdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət rəsmi qaydada cavablandırılmış və cavabdeh tərəfindən hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə cavabdehə müraciəti işdə olan materiallarıa öz təsdiqini tapmamışdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması, müvafiq müraciət olsa belə tələbinin dəqiq və aydın olmaması, cavabdeh inzibati orqanın qeyd edilən tələb üzrə hər hansı öhdəliyinin olmaması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilir ki, iddia tələbi ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət edə bilər, inzibati orqan hərəkətsizlik və imtina edərsə, yenidən məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin nömrəsinin dəyişdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-7269/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7269/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver