Məhkəmə qərarları › İş №2-1(112)-727/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-727/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-727/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İdarəsinə (üçüncü şəxslər "xxxx" QSC, Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla cəlb olunmaqla) “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Köhnə bağlar" ərazisində fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0.04 ha bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydə alınması və bu barədə plan və ölçünün tərtib edilərək reyestrdən çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Köhnə bağlar” ərazisində fərdi yaşayış evi tikilməsi üçün 0.04 ha torpaq sahəsi olan bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi 1996-cı ildən hazırkı günə kimi onun istifadəsindədir və qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, hazırda da həmin fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Bütün sənədləri, arxiv arayışları, torpağın sxemi və s. sənədlərinin olmasına baxmayaraq bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilmir. Bu səbəbdən də qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair cavabdehə müraciət etmiş, lakin cavabdeh ona ayrılmış torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən üçüncü şəxs olan Azərbaycan Respublikası "xxxx" QSC-nin istifadəsi üçün ayrılmış ərazidə yerləşdiyi, eyni zamanda da təqdim edilmiş sxemdə torpaq sahəsinin istinad və məsafələr göstərilmədiyindən sənədin həmin əraziyə aid olubolmaması müəyyən edilməmişdir. Bu səbəbdən də həmin bağ sahəsinin onun adına qeydə alınmasından imtina edilmişdir. "Bakı Metropoliteni’’ QSC-yə ərizə ilə müraciət etmiş və ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli ,1408 saylı Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteni Xətlərinin İnkişaf saxerni” və Dövlət proqramında Bakı Metropoliteninin 1 mövcud (Qırmızı) xəttin davamı olaraq tikintisi nəzərdə tutulan "Q-02” stansiyasının ərazisinə düşdüyü barədə cavab məktubu verilmişdir. Lakin onunla birgə ayrılmış torpaq sahələri isə artıq özəlləşdirilmiş və çıxarışlar verilmişdir. İddiaçı bildirir ki, torpaq sahəsi ona 1996-cı ildən ayrılmış və istifadəsinə verilmiş, üçüncü şəxsin istifadəsinə isə 2011-ci ildə verilmişdir. Bu günə kimi də ona ayrılmış torpaq sahəsinin başqasına ayrılması barədə məlumat verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" QSC və Səbail rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx"nin istifadəsi üçün ayrılmış ərazidə yerləşir. Bundan əlavə, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən həmin sənədin göstərilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Səbail rayon İHB-nin xx.xx.1996-ci il tarixli, 2514 nömrəli sərəncamında və təqdim edilən digər sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Təqdim edilən yerləşmə cizgisi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********50 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, “Köhnə bağlar” ərazisində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10 mart 2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş: -İddiaçı X3 tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.1997-ci il tarixli ərizədən görünür ki, İddiaçı Badamdar qəsəbəsində ona məxsus olan köhnə bağ sahəsini sənədləşdirib orada fərdi evin tikilməsinə icazə verilməsini xahiş etmişdir. -Səbail Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 1996-cı il tarixli, 2514 nömrəli “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” Sərəncamdan görünür ki, RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsi X2 adına sənədləşdirilməsi qərara alınmışdır. -Səbail Rayon İcra Hakimiyyətinin Badamdar Təsərrüfat Nümayəndəliyinin Badamdar Qəsəbə Nümayəndəliyi tərəfindən “Bakı şəhəri, E.Ə-yə məxsus köhnə bağ sahəsinin yerləşmə cizgisi” qeydi aparılaraq torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Cizgidə torpaq sahəsinin sahəsi göstərilməmişdir. -Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda Səbail Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 1996-cı il tarixli, 2514 nömrəli sərəncamı və onun tərkib hissəsinin (sxem və s) rayon icra hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin Konseptual inkişaf Sxemi” və Dövlət Proqramında Bakı Metropoliteninin İ mövcud (Qırmızı) xəttinin davamı olaraq tikintisi nəzərdə tutulan “Q-02" stansiyasının ərazisinə düşdüyü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə 2019-cu ildə hazırlanmış “Bakı şəhərinin Baş Planı-2040" layihəsində də bu halın nəzərə alındığı bildirilmiş, metropolitenin mövcud xəttinə aid stansiyanın tikintisi məqsədilə nəzərdə tutulan 1.99 hektar torpaq sahəsinin yerquruluşu planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin müvafiq qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2514 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı əsasında İddiaçı Badamdar qəsəbəsində “Köhnə bağlar” ərzisində ayrılmış torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.

2. İddiaçı naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpağın sahəsi, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. Göstərilən torpağın sahəsi (ölçüsü) Səbail RİHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş yerləşmə cizgisindəki sahəyə uyğundurmu?

3. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2514 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşürmü?

4. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2514 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin "xxxx"nin istifadəsində olan ərazinin hüdudları daxilində olub-olmaması müəyyən edilsin.

5. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2514 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasında olan "xxxx"nin mövcud xəttinə aid stansiyasının tikintisi məqsədi ilə ayrılmış 1.99 ha torpaq sahəsininin hüdudları daxilinə düşürmü? Düşürsə nə qədər hissəsi (ölçüləri göstərilməklə) düşür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7922 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci-beşinci sualları üzrə torpaq sahəsi faktiki olaraq 340.0 kv.metr təşkil edir. Torpaq sahəsi qonşu tikilinin çöl divarı, daş hasarla və üzərində olan tikilinin çöl divarı ilə sərhədlənib. Faktiki olaraq göstərilən 340.0 kv.metr torpaq sahəsinin kordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad məlumatı, istinadlararası məsafə ölçüləri, sahənin kontur ölçüləri qeyd olunmayıb. Bundan əlavə olaraq sərəncam və digər sənədlərdə ayrılmış sahənin ölçüsü (ha) göstərilməyib. Torpaq sahəsinin yerləşdiyi ərazilərdə “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər planının 1.4-cü bəndində göstərilən Konseptual inkişaf sxeminə əsasən metropolitenin mövcud xəttinə aid stansiyaların tikintisi məqsədilə ayrılması nəzərdə tutulan ərazilərdə bağlı 2020-ci ildə müraciət daxil olmuşdur. Bununla bağlı aidiyyəti təşkilatın rəyinin alınması məqsədəuyğundur. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Səbail rayon İcra Hakimiyyəti Başçısnının 29 dekabr 1996-cı il tarixli Sərəncamına istinad edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0,04 hektar bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Hazırkı mübahisə üzrə iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Səbail Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 1996-cı il tarixli, 2514 nömrəli sərəncamı 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.7-ci bəndindəki (yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar) aktlara uyğun gəlsə də, nə həmin sərəncamda, nə də həmin sərəncamın arxiv əsaslarına əlavə edilmiş və sərəncamda istinad olunmuş Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş cizgidə iddiaçıya ayrılmış torpağın sahəsi, istinad nöqtələri, bir sözlə iddia olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən koordinatları göstərilməmişdir. Halbuki, iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 08 avqust 1999-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Torpaq qanunvericiliyi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin olması ilə şərtləndirmişdir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması hüququn qeydə alınması üçün kifayət etmir. Bunun üçün həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədləri mövcud olmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə yanaşı torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə onu da nəzərə alır ki, mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş torpaqayırma sərəncamında və digər sənədlərdə ayrılmış sahənin ölçüsü göstərilmədiyindən, habelə yerləşmə cizgisində dəqiq istinad məlumatı, istinadlararası məsafə ölçüləri, sahənin kontur ölçüləri qeyd olunmadığından ekspertiza qarşısında qoyulmuş suallara ətraflı cavab verilməsi mümkün olmamış, yalnız iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları müəyyən edilmişdir. Bu hal isə həmin sahənin məhz Səbail RİHB-nin sərəncamı ilə iddiaçıya ayrılmış sahə olması qənaətinə gəlməyə əsas vermir. Həmçinin məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi Badamdar qəsəbə nümayəndəliyi tərəfindən müvafiq düzəlişlərin (Səbail RİHB-nin sərəncamının tarixi və nömrəsi, torpağın sahəsi) aparıldığı göstərilən yerləşmə cizgisindəki düzəliş prosedurunu formal və görünüşcə təsdiqetmə xarakterli qiymətləndirir və həmin cizgini mötəbər sübut kimi qəbul etmir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar