Məhkəmə qərarları › İş №2-1(112)-7270/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7270/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7270/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilməsi və yeni çıxarışların təqdim olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilməsi və bununla bağlı yeni iki ədəd qiymətli kağız mülkiyyətçilərinin reyestri və depo arayışının təqdim olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır Ki, İddiaçı QSC-nin (VÖEN: **********) iki təsisçisi var idi, hüquqi şəxs “İD Qrup" MMC (VÖEN **********) - 99.0476% və fiziki şəxs - X4 - 0,9524%. Sonra “İtaldizayn" QSC-nin ümumi yığıncağının 03.12.2020-ci il tarixli qərarı ilə yekdilliklə İddiaçı QSC-yə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin qoşulması şəklində yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin qərara alınmışdır ki, yenidən təşkil olunan İddiaçı QSC hüquq varisliyi qaydasında ona qoşulan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “İD Qrup" MMC-nin bütün hüquq və vəzifələrini öz üzərinə götürsün; Qoşulan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin nizamnamə kapitalı da daxil olmaqla, bütün əmlakı qoşulma zamanı İddiaçı QSC-nin balansına keçirilsin; İddiaçı QSC-nin nizamnamə kapitalı, səhmlərinin miqdarı və dəyəri "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC Və "xxxx" MMC-in ona qoşulması şəklində yenidən təşkili zamanı dəyişmədən mövcud səviyyədə qalsın; "xxxx" MMC-nin İddiaçı QSC-yə qoşularaq ləğv edilməsi nəticəsində İddiaçı QSC-nin təsisçilərindən olan "xxxx" MMC-nin İddiaçı QSC-dəki 100% iştirak payı (2,080 (iki min səksən) manat, 208 (iki yüz səkkiz) ədəd adi və sənədsiz səhm, 99.0476%) əvəzsiz olaraq İddiaçı QSC-nin digər təsisçisi X1 və İddiaçı QSC-nin yeganə təsisçisi X4 olduğu təsdiq edilsin və onun İddiaçı QSC-dəki iştirak payı 2,100 (iki min yüz) manat, 210 (iki yüz on) ədəd adi və sənədsiz səhm, 100% müəyyən edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən alınmış məlumata əsasən, hüquqi varislik üzrə "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) Və "xxxx" MMC-nin (VÖEN **********) “İtaldizayn" QSC-yə qoşulmaları nəticəsində yenidən təşkil edildiyi bildirilərək, İddiaçı QSC-nin onların hüquqi varisi olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 02 oktyabr 1997-ci il tarixində D-20 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “MÜLK” Milli Depozit Mərkəzi X6 Cəmiyyətinin bazasında yaradılmış 17 sentyabr 1999-cu il tarixində D-318 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Milli Depozit Mərkəzi X6 Cəmiyyətinin hüquqi varisidir. MDM qeyrikommersiya hüquqi şəxs olmaqla, fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına və qiymətli kağızlar bazarında dövlət nəzarətinin əməliyyat imkanlarının genişləndirilməsinə yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında adları çəkilən dövlət orqanları və təşkilatların siyahısı müəyyən edilir. Həmin siyahi üzrə MDM inzibati orqan kimi qeyd edilməmişdir. Bu baxımdan, hazırki iş üzrə cavabdeh qismində işə cəlb olunmuş MDM-in inzibati orqan olaraq müəyyən edilmiş statusu düzgün qiymətləndirilməmişdir. MDM tərəfindən hazırki iş üzrə məhkəmə aidiyyətinin mübahisələndirilməsi barədə 13 sentyabr 2021-ci tarixli 01/04-1369 saylı şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İşin faktiki hallarına isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Odur ki, iddia tələbi üzrə göstərilmiş hər iki tərəf (fiziki şəxs qismində X4 və hüquqi şəxs qismində "xxxx" MMC) mülki münasibətlərdə müstəqil subyekti hesab olunur. Mübahisəli olan fakt odur ki, "xxxx" MMC və X4 arasında qiymətli kağızların ötürülməsi hansı əsasla baş verib. İddia ərizəsində qeyd olunan hüquqi şəxsin yenidən təşkilinə (MMC-nin QSC-yə qoşulması zamanı qiymətli kağızların ötürülməsinə aid qeydiyyat) dair MDM-də qeydiyyata alınmamışdır. AR MM-nin 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin maddəyə uyğun hüquqi şəxsin yenidən təşkili üzrə rəsmiləşdirilmə faktı öz təsdiqi tapmamışdır. Bununla bağlı, yeni yaradılmış hüquqi şəxsin nizamnamə kapitalının formalaşdırmasına dair sənədlərdə qeyri-dürüstlük müşahidə edilir (yenidən yaradılmış hüquqi şəxsin qiymətli kağızlarının dövlət qeydiyyatı). İddiaçının nümayəndəsi və vəkili 02.12.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilərək, İddiaçı QSC-nin ümumi 210 səhmindən 2 səhminin X3, digər 208 səhminin isə İddiaçı QSC-yə məxsus olması ilə bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydlərin edilməsi və bununla bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrindən yeni çıxarışların səhmdarlara təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışda da görünür ki, artıq ləğv edilmiş və ləğvi dövlət qeydiyyatına alınmış "xxxx" MMC İddiaçı QSC-nin 208 səhminin mülkiyyətçisi kimi göstərilmişdir. Həmin 208 səhmin hüquqi varisi iddiaçı olduğundan reyestrə müvafiq dəyişiklik edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmamalı olmasını qeyd etmiş və mahiyyəti üzrə baxılacağı halda isə iddianın təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırkı iddiaya rayon (şəhər) məhkəməsində baxılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hazırkı iddianın məhkəmə aidiyyəti ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında olan münasibət publik xarakter daşıdığından hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Həmin “Təsnifat”ın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər qeyd edilmişdir. Bu mənada cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin təşkilati hüquqi formasının qeyri-kommersiya hüquqi şəxsi olması onun cavabdeh qismində hazırkı iş üzrə iştirakını istisna etmir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir. Mərkəzi depozitar maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyrikommersiya hüquqi şəxsidir. Mərkəzi depozitarın əsas məqsədi mənfəət götürmək deyil və fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına yönəldilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, nominal saxlayıcıların hesablarının uçotunun aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi, müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələr mərkəzi depozitarın vəzifələri kimi göstərilmişdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin nizamnaməsinin 5.1-ci bəndinə əsasən, MDM-in əsas məqsədi – Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir. Göründüyü kimi, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, ölkə üzrə yeganə qurum kimi çıxış edən Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin publik funksiyasıdır. Bu münasibətlərdə digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir və tərəflər arasında olan münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olmamaqla bu münasibətdə bərabərhüquqlu subyekt deyillər. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Milli Depozit Mərkəzi hazırkı iddia tələbi üzrə yeganə publik funksiyanı həyata keçirən qurum olduğundan və tərəflər arasında yaranmış mübahisə inzibati xarakter daşıdığından inzibati prosessual qanunvericilik baxımından işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mahiyyəti üzrə isə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin iddiaçıya ünvanlanmış 30.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə göstərilmiş hər iki tərəf (fiziki şəxs qismində X4 və hüquqi şəxs qismində "xxxx" MMC) mülki münasibətlərdə müstəqil subyekti hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 993.2-ci maddəsinə əsasən mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnun bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər. Qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanmış əqd MDM-ə təqdim edildikdən sonra iddiaçının sorğusu təmin oluna bilər. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 12.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı QSC-nin 12 avqust 2021-ci il tarixinə olan səhmdarları kimi reyestrdə X4 (2 səhm) və "xxxx" (208 səhm) qeyd olunmuşdur; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 13.10.2021-ci il tarixli məktubla, İddiaçı QSCnin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin ona qoşulması şəklində yenidən təşkil edilməsi ilə bağlı sənədlərin (nizamnamə, ümumi yığıncağı qərarı, təhvil aktı, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və s.) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı QSC-nin emissiya etdiyi 210 ədəd səhmin 208 ədədi “İD Qrup" MMC-yə, 2 ədədi isə X3 məxsus olmuşdur. Daha sonra, İddiaçı QSC "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin ona qoşulması şəklində yenidən təşkil edilmiş, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ləğv edilmiş və ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən "xxxx" MMC-nin hüquq və vəzifələri, nizamnamə kapitalı da daxil olmaqla bütün əmlakı hüquq varisliyi qaydasında yenidən təşkil edilmiş İddiaçı QSC-yə keçmişdir. İddiaçı qeyd edilənlərlə əlaqədar qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən, qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər; 101.3-cü maddəsinə əsasən, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçir. Cəmiyyət səhmlərin səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçməsinə razılıq verməkdən imtina etdikdə bu Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir. 993.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara mülkiyyət hüququ buraxılış zamanı həmin qiymətli kağızın ilk mülkiyyətçiyə özgəninkiləşdirilməsindən sonra mərkəzi depozitarda qeydə alındığı andan əmələ gəlir. Sənədli qiymətli kağızlara mülkiyyət hüququ həmin qiymətli kağızların ilk mülkiyyətçiyə özgəninkiləşdirildiyi andan əmələ gəlir; 993.2-ci maddəsinə əsasən, mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər; 993.3-cü maddəsinə əsasən, bu Məcəllənin 993.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin mərkəzi depozitarda qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən, qiymətli kağız mülkiyyətçilərinin reyestri emitent, onun qiymətli kağızları, qiymətli kağız mülkiyyətçiləri və nominal saxlayıcılar barədə məlumat toplusudur. Məhkəmə, qiymətli kağız mülkiyyətçisinin dəyişməsinin yeganə üsulunun əqdlərin bağlanması olması barədə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddianın maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 101.3-cü maddəsinə tələbindən də göründüyü kimi, universal hüquq varisliyi qaydasında, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdarı olan hüquqi şəxsin hüquq varislərinə keçir. Hazırkı işdə də İddiaçı QSC-nin 208 səhmi mülkiyyətçisi olan "xxxx" MMC-nin ləğvi nəticəsində hüquqi varisi İddiaçı QSC-yə keçmişdir. (Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdır.) Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri təmin edildiyindən, səhmdarların reyestrində dəyişikliyin edilməsi üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC-nin ümumi 210 səhmindən 208 səhminin İddiaçı QSC-yə məxsus olması ilə bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilməsi (2 səhminin X3 məxsus olması barədə qeyd saxlanılmaqla) və bununla bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrindən yeni çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı QSC-nin ümumi 210 səhmindən 208 səhminin İddiaçı QSC-yə məxsus olması ilə bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrində dəyişiklik edilməsi (2 səhminin X3 məxsus olması barədə qeyd saxlanılmaqla) və bununla bağlı qiymətli kağız mülkiyyətçilərinin reyestrindən yeni çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar