Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7273/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsi, 12 saylı evin 25 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(112)-2723/2021 saylı qərarına əsasən ünvan 1 ünvanda qeydiyyata alınmış və hal-hazırda sözügedən ünvanda yaşayır. O, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşadığını, icarədarın qanunla müəyyən edilmiş hüquqlarından tam istifadə edərək mənzilə dair kommunal xərcləri ödədiyini nəzərə alıb mənzilin kirayə müqaviləsinin öz adına bağlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinin 18.05.2021-ci il tarixli M-164-068 saylı məktubu ilə ona imtina cavabı verildiyindən sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsi, 12 saylı evin 25 saylı mənzilinin kirayə müqaviləsi onun adına bağlanılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsi, 12 saylı evin 25 saylı mənzilinə dair hüquqmüəyyənedici sənədin (order) notarial qaydada təsdiq olunmuş surətini RİH-ə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Suraxanı İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 11.05.2021-ci il tarixli məktubda qeyd olunur: Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 12 saylı evin 25 saylı mənzilinin kirayə müqaviləsinin Sizin adınıza bağlanılmasına köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, sözügedən mənzilə dair hüquq müəyyənedici sənədin (order) notarial qaydada təsdiq olunmuş surəti RlH-ə təqdim edilmədiyindən qaldırdığınız məsələnin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB 105 saylı MKİS-nın 24.05.2021-ci il tarixli 350 saylı arayışından görünür ki, İddiaçı Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsindəki 12 nömrəli evin 25 nömrəli mənzilində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2723/2021 saylı 04.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Suraxanı Rayonu İcra Hakimiyyəti) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 12 saylı evin 25 saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 3 ünvana qeydiyyata alınması öhdəliyinin Suraxanı Rayon Polis İdarəsinin üzərirə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsi tərəfindən Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış 2-1(112)-2723/2021 saylı 29.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2723/2021 saylı 04.02.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB 105 saylı MKİS-nın 01.11.2021-ci il tarixli 679 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi 12 saylı evin 25 nömrəli mənzilində 2001-ci ildən yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də daimi qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2723/2021 saylı 04.02.2021-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Suraxanı Rayonu İcra Hakimiyyəti) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 12 saylı evin 25 saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 3 ünvana qeydiyyata alınması öhdəliyinin Suraxanı Rayon Polis İdarəsinin üzərirə qoyulması qərara alınmışdır. Qeyd olunan qərarla müəyyən edilmişdir ki, iddiaçı uzun müddətdir həmin ünvanda yaşayır, başqa yaşayış yeri yoxdur və onun yaşadığı yer üzrə qeydiyyata alınması zəruridir. Bakı İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB 105 saylı MKİS-nın 01.11.2021-ci il tarixli 679 saylı arayışından da görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi 12 saylı evin 25 nömrəli mənzilində 2001-ci ildən yaşayır. Göründüyü kimi, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayır və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Hazırda iddiaçı həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və həmin mənzil iddiaçının istifadəsindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 12 saylı evin 25 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7273/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7273/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver